“O lətifə Fikrət Qocanın yox, Vaqif Nəsibin xətrinə dəyməlidir”- Əjdər Ol “Cümlə axşamı”nda

“Cümlə axşamları” layihəsinin qonağı yazıçı, şair Əjdər Oldur.

Əjdər Ol digər qələm adamlarından fərqli olaraq, tez-tez lətifə janrına müraciət edir, Azərbaycanın tanınmış adamları haqqında canlı lətifələri, əhvalatları yazıb, kitab halında çap edir. Onun 2016-cı ildə çapdan çıxmış “Canlı lətifələr, əhvalatlar deyimlər” kitabı da bu qəbildəndir.
Qərara aldıq ki, Əjdər müəllimin özünün razılığı ilə bu dəfə daha çox onun lətifə yaradıcılığı barədə söhbət edək. Beləliklə...

AzNews.az yazıçı-şair Əjdər Olla müsahibəni təqdim edir:

- Azərbaycan ədəbiyyatında lətifə yazmaq ənənəsi geniş yayılmayıb. İsmayıl Şıxlının Hüseyn Arif haqqında yazdığı lətifələri, Eldar Baxışın “Dirisi ilə rusca, ölüsü ilə ərəbcə” adlı lətifələr kitabı və bir neçə başqa istisnalar olsa da, ümumi götürəndə bu janrın inkişafı fundamental xarakter daşımır. Siz isə yaradıcılığınızda lətifə janrına geniş yer ayırmısınız, hətta lətifələrdən ibarət bir neçə kitab çap etmisiniz. Bildiyim qədər hələ də bu işi davam etdirirsiniz.

- Əvvəla onu deyim ki, lətifəni yumorla qarışdırmaq olmaz. Lətifənin kəskin sərhədləri var. Lətifə müəyyən ictimai məzmunu, estetik əhəmiyyəti olan, böyük insani dəyərlərə söykənən janrdır. Bu janra ciddi baxıram. Demək olar ki, yaradıcılığa başlayandan bir müddət sonra canlı lətifələrə də diqqətim yaranıb. Hardasa bir əhvalat, lətifə eşitdikdə onu qeydə alıb sonra üzərində işləmişəm, düzəlişlər etmişəm, ədəbi üslüba salmışam.

Dünyada, o cümlədən Şərqdə lətifəyə tarixən böyük maraq olub. Bunun nümunləri çoxdur, bizdə Molla Nəsrəddin lətifələrinin adını çəkmək olar. Lətifə niyə bu qədər populyardır? Çox vaxt “anekdot” dediyimiz latın sözünün mənası kiçik məclisdə danışılan söhbət deməkdir. Xalq bir məsələyə, dövrə, ictimai-siyasi mühitə, insan xarakterinə aid nüanslara lətifədə çox yüyrək şəkildə münasibət bildirə bilir.

Lətifələrin çox növü var: müdrik, siyasi, estetik, peşə-sənət, xarakterə bağlı lətifələr və sair. Mənimki canlı lətifələrdir. Mənim lətifələrim kodlu lətifələrdir, hər birinin arxasında konkret bir şəxs dayanır. Çox qəribədir ki, dünyaya bir cahangir kimi təqdim olunan, qüdrətli Əmir Teymur bizdə həm də lətifə qəhrəmanıdır. Və Molla Nəsrəddin lətifələrində yalnız Teymurləngin adı çəkilir, başqa heç bir tarixi, personajın adına rast gəlməzsən. Dünya ədəbiyyatdakı örnəklərə baxmışam. Bilirik ki, Makedoniyalı İsgəndər, Yuli Sezar, Ptolomey, Napaleon və başqa sərkərdələr haqqında da lətifələr yeri gəldikcə qeydə alınıb. Onları da zamanında yazıçılar yazıblar. Amma dünyada bu işlə sistematik məşğul olan yazıçı az olub.

- Bu lətifələrin hamısı baş vermiş hadisələr əsasındadır, yoxsa qurama olanları da var?

- Əgər fikir versəniz görərsiniz ki, Lenin, Hitler, Xruşşov, Reyqan, Tetçer, Qorbaçov, Yeltsin və başqaları haqqında düzəltmə lətifələr də var, canlı, baş vermiş lətifələr də. Mənim kitabımdakı lətifələrin heç biri düzəldilməyib, sadəcə nizama, biçimə salınıb. Mənim lətifələrimdə konkret adamların adı çəkilir, onlar hamısı olmuş əhvalatlar əsasında yazılıb.

- O əhvalatları olduğu kimi yazırsız, yoxda müəyyən redaktələr edirsiniz?

- Mən onları təzədən işləyirəm, yazıçı kimi qaydaya salıram. Lətifə yazmağın özəllikləri var. Az sözdən istifadə etməlisən, vurğunu hara vurmağı bacarmalısan, sirri axırda açmalısan. Son söz gözlənilməz olmalıdır.

- Bəzən məşhur bir adam haqqında əhvalatı lətifə kimi qələmə verənlər olur.

- Bəli, bu cür də olur. Ona görə deyirəm ki, lətifənin özünün yazılma qaydaları var. Hər danışılan əhvalat lətifə deyil. Mənim kitabımda o cür əhvalatlar var, ancaq onların lətifə tərəfi ağırdır, belə deyək, lətifəvari əhvalatlardırlar.

- “Canlı lətifələr, əhvalatlar və deyimlər” kitabınızda tanınmış ictimai xadimlərlə yanaşı, tanınmayan, adi adamlar barədə lətifələr də yer alır...

- Bəli, siyaətçilərdən, dövlət adamlarından, yazıçılardan, alimlərdən, sənətkarlardan, axırda isə tanış-bilişlərdən yazmışam. Tanış-bilişlərdən də ona görə yazmışam ki, gördüm, maraqlı lətifə qəhrəmanına çevrilə bilərlər. Bəzən bizim bölgələrimizdə maraqlı tipajlar olur, amma məşhur adam olmadıqlarına görə onların lətifələri o kəndin, mahalın daxilində qalır, zamanla itə-bata düşür, unudulur. O lətifələri də tapıb üzə çıxartmaq lazımdır.

- Kitaba özünüzlə bağlı lətifələr də salmısınız.

- Mənim hazırcavablığım var. Bir də görürsən, məqam olur, yerində cavab verirsən, olur lətifə. Bu kitabda özümlə bağlı lətifələr də salmışam, amma azdır. Doğrusu, əvvəl özümlə bağlı lətifələri yazmaq istəmirdim. Lətifələrlə bağlı birinci kitabım çıxandan sonra Cəlilabaddan olan şair Abbasağa yanıma gəlmişdi. Dedi ki, sən canlı lətifələri yazırsan, mənimlə bağlı da lətifələr var, onları yazıb sənə gətirmişəm. Maraqlı idi, yazırdı: “Abbasağa bir gün...”

Özü haqqında üçüncü şəxsdə danışırdı. Amma mən öz lətifələrimi birinci şəxsin dilindən yazıram.

- “Canlı lətifələr, əhvalatlar, deyimlər” kitabına cəmiyyətdə maraq necədir? Satışı necədir?

- Yüksək olur. Kitab ikinci, üçüncü dəfə nəşrə gedir. Dəfələrlə şahidi olmuşam, mənim özümə danışıblar: “Əjdər müəllim, qonaq gəlmişdi, kitab yoxa çıxdı”. O kitabdan harada tapmaq olar? “Lətifələr” ən çox oğurlanan kitabımdır (gülür). O qədər istəyən olur ki, kitabı çap etdirəndə heç dost-tanışa çatdırıb verə bilmirəm. O kitablara tələbat həddindən artıq çoxdur. Lətifə hər halda şeir, hekayə deyil. Şeir, hekayə oxucudan xüsusi nəzəri, mənəvi hazırlıq tələb edir. Amma lətifə belədir ki, bir balaca yumor hissi olan adamlar onu tez tuturlar.

- Kitabda çıxan əhvalatları sonradan özünüzə danışan olur?

- Hə, olur. Ağızdan-ağıza düşür. Öz əhvalatımı da özümə danışırlar.

- Kitabda ilk lətifə Rəsulzadə ilə başlayır.

- Rəsulzadə haqqında eşitdiklərim çox azdır, kitaba cəmi ikisini salmışam. Çünki o dövr uzaqdır, araşdırsam, bəlkə də nəsə taparam. Yeri gəlmişkən, deyim ki, orta əsr tarixi kitablarımızda maraqlı dialoqlara, kəskin deyimlərə az rast gəlirsən. Görünür, o müəlliflər hadisələrin gedişinə daha çox fikir veriblər. Ayrı-ayrı maraqlı epizodlar onlar üçün əhəmiyyətsiz olub.

- Bildiyim qədəri ilə Habil Əliyevlə dost olmusunuz.

- Yaş fərqimiz çox olsa da, bizim Habil Əliyevlə çox yaxın dostluğumuz var idi. Tez-tez görüşürdük. Habil Əliyevi bəzən situasiyanı elə hazırlayırdı ki, axırda lazımı sözünü deyə bilsin. Bu da xüsusi bacarıq tələb edir.

Bir dəfə axşam Habil Əliyev mənə zəng vurub dedi: “Sabah yubiley gecəmdə istəyirəm, bir lətifə düzəldim. Bilirsən də, uzun illər kamança çalmışam, xalqı ağlatmışam. Sonra kamança çala bilmədim, başladım anekdot danışmağa, adamları güldürməyə. Sabah istəyirəm səhnədə kamança ilə anekdotu birləşdirəm. Bilirsən neyləyəcəm? Dedim neyləyəcəksən? Dedi, çıxacağam səhnəyə, qoca kişiyəm də, kamançanı götürəcəm, əlim əsə-əsə kamança çalacam, adamlar həm ağlayacaq, həm də güləcəklər. Ağlayacaqlar ona görə ki, qocalmışam, əlim əsir, güləcəklər ki, çaldıqlarımın başı ilə ayağı düz gəlmir”.

Görürsən, Habil Əliyev demək istədiyi fikri necə hazırlayır? Bu bacarıq hər adamda olmur.

- Nadir sənət adamlarındandır ki, söhbətləri ağızdan-ağıza dolaşır.

- Ataların sözü var ki, dolu dənizə yağar. Mənim bu kitabım da dəniz kimidir. Hamı istəyir düşsün kitabıma, ancaq Habil Əliyev kimilər düşür. Bəzən mənə dəftər-dəftər lətifələr yazıb gətirirlər, heç biri istifadəyə yaramır.

- Əjdər müəllim, “Mənim adımı da kitaba sal” deyə sizdən xahiş edən olur?

- Onu xahiş eləmək lazım deyil axı. Bilirsən, oxucu tələbkardır, yazıçını heç vaxt bağışlamır. Üzdə tərifləyirlər, arxada sənin kitabını qırağa atırlar. Oxucu güzəşti sevmir. Hətta ən yaxın adamların da zəifdirsə, kitabını bir tərəf qoyub güclü kitab oxuyurlar. O mənada mənə desələr də ucuz söhbəti niyə kitaba salmalıyam?

- Amma bununla belə deyirlər?

- Niyə demirlər? Deyirlər.

- Lətifələrə görə sizdən inciyən olur?

- Əlbəttə inciyənlər də olur. Portret hekayədən o vaxt Əlisəmid Kür incimişdi, sonra başa düşdü ki, mən onu tarixə salmışam (gülür).

- Kitabda Fikrət Qoca haqqında belə bir lətifə var: Fikrət televizorda çıxış edib Anar haqqında xoş söz danışır. Buna baxan Vaqif Nəsib də deyir ki, adam da bu səslə yataqlıq edər? Fikrət Qoca incimədi bu lətifədən?

- O cür lətifələrdən yeni kitabımda çox olacaq. O lətifələri niyə yazıram? Yaşlı adamların, bir-birinin paxıllığını çəkməsini göstərmişəm. Əslində o lətifə Fikrət Qocanın yox, Vaqif Nəsibin xətrinə dəyməlidir. Axı adam sənət yoldaşı haqqında belə danışmaz.

- Elə bir hal olubmu ki, kiminsə haqqında lətifə eşitmisiniz, amma özündən icazə almamış yazmağa risk etməmisiniz?

- Yazıçılıqda icazə almağa yaxşı baxmıram. Ancaq biədəb lətifələri bəzən cüzi dəyişirəm.

- Əjdər müəllim, qələmə aldığınız lətifələrin indiki Molla Nəsrəddini kim ola bilər?

- Əslində götürsən kitabimda adı çəkilən bütün qəhrəmanların hər biri həm də Molla Nəsrəddindir.

- “Canlı lətifələr, əhvalatlar, deyimlər” kitabını yenidən nəşrə hazırlamağı düşünürsüzmü?

- Onsuz da mən bu kitabı üç- dörd ildən bir yenilənmiş, işlənmiş şəkildə yenidən çap etdirirəm. Yeni lətifələrim ehtiyatdır. Bilirsən, bu elə işdir ki, bir ayın, iki ayın zəhməti deyil, bunun ərsəyə gəlməsinə aylar, illər lazımdır. Gərək bu lətifələr yaransın, yığılsın, toplanılsın, ələnsin, cilalansın sonra onları çapa verim. Bu kitab ömür istəyir, nə qədər əlin qələm tutur, gözün görür, qulağın eşidir, yazmalısan. Bu bir missiyadır. Bunu axıra qədər davam eləməlisən, harda qırıla-qırıla.

- Ədəbiyyatın müxtəlif janrlarında qələminizi sınamısınız; şeir yazırsınız, hekayə yazırsınız, pyes yazırsınız, lətifə yazırsız...

- Roman da yazıram.

- Bəli, eşitdiyimə görə roman da yazırısınız. Bu qədər çoxşaxəli yaradıcılığa baxmayaraq qorxmursunuz ki, ədəbiyyat tarixində lətifə yazarı kimi qalasınız?

- Qətiyyən! Bunu bir dəfə avtoqraf kimi də yazmışam: “Bəlkə də bizi lətifələr yaşatdı”. Ola bilər. Heç qorxmuram. Onsuz da ədəbiyyatda hərənin öz yeri var. İndidən yüz, iki yüz, beş yüz il sonranın davasını eləməyə dəyməz. Əbədiyyətdə yer “bron” eləmək olmur. Bir şeirimdə yazmışam:

Axırda adları unudacaqlar,

Hər şey çıxılacaq İnsan adına.”

- Bayaq dediniz ki, yalnız canlı lətifələri, yəni olmuş hadisələri yazırsınız. Yaradıcılığınıza diqqət yetirdikdə belə bir faktı müşahidə etmək olar: Portret hekayələri təbii ki, canlı adamlar haqqındadır, ancaq adi hekayələrinizin də hər birinin arxasında real hadisələr dayanır. İstər “Qəzənfər müəllimin Şuşaya yürüşü” olsun, istər “Səhra komandirinin meymunu” olsun, istər “Tütün limanı” və başqa hekayələr olsun, heç biri təxəyyül məhsuluna oxşamır.

- Mən ümumiyyətlə qurama yazı yazmıram. Əvvəla, hər olan hadisə hekayə deyil. Yazıçının vəzifəsi odur ki, olmuş əhvalatı biçsin, düzəltsin, hekayə, pyes, roman formasına salsın. Əsərin başı-ayağı olmalıdır, konkret mətləbə xidmət eləməlidir. Müasir dünya romanlarını da, hekayələrini də oxuyuram. İndi çox vaxt əsərləri elə yazırlar ki, bir də görürsən sujet, fikir haçalandı, kimsə “itkin” düşdü.

- Sizin təxəyyülə söykənmiş, qurama hekayəniz heç yoxdur?

- Yoxdur. Heç olmayacaq da. Mən ilk cümlədən oxucu ilə ciddi söhbətə girişirəm, boş təsvirlərdən, uzunçuluqdan qaçıram. Dini kitablara fikir verirsən, necə konkretdirlər, artıq söz olmur. Mən də konkretliyi sevirəm. Bəlkə də bu, mənim xarakterimlə bağlıdır.

- Əjdər müəllim, ilk romanınızı yazırdınız. Oxucularınızı nə vaxt sevindirəcəksiniz?

- Artıq bitirmək üzrəyəm. Düzəlişlər edirəm. Təxəyyüllə yazılan romanlar asandır, elə ki, real hadisədən yazırsan, onları qələmə almaq çox çətinləşir. Bu romanda 88-93-cü illərin həyat səhnələrini, pərdəarxasını göstərmişəm. Mən başdan-ayağa qədər o hadisələrin içərisində olmuşam, ona görə də romanda çox adamın bilmədiyi mətləblər var.

- Adı məlumdur?

- Əsərin adını əvvəldən qoysaydım, yaza bilməzdim. Bu mənə mane olardı.

- Sizi həm də portret hekayələr ustası kimi tanıyırlar. Növbədə kim var, kimin portret hekayəsini yazmağı düşünürsünüz?

- Gəlin o sirri açmayaq. Birdən qarşıdakı tərəf elə bir fikir deyər ki, əlimi işdən soyudar.

- Hazırda yazdığınız portret hekayə var?

- Bir nəfər var, onu tam öyrənmişəm. Həmin adam haqqında yazacağam.

- “Eynəkli adam” hekayəsində Adil Mirseyiddən bəhs olunurdu. Nədənsə hekayədə adını çəkməmişdiniz.

- Adını niyə çəkmədim? Orda konkret bir hadisə verilmişdi, ona görə adını çəkmədim. O biri portretlərimdə adamların bütün həyatlarını vermişəmsə, burda bir epizoddan bəhs eləmişəm. Ona görə ada gərək duymadım.

- Əjdər müəllim, bugünkü görüşümüzün Aşura gününə təsadüf eləməyi yadıma bir məsələni saldı. Rafiq Tağının cəmiyyətdə dinin əleyhinə olan bir obrazı vardı. Ancaq siz onun haqqında olan portret hekayənizdə yazmısız ki, Rafiq Tağı Aşura günü məscidə gedib sinə vurdu. Rafiq Tağı haqqında düşüncələri tamamilə dəyişdiniz. Doğrudanmı Rafiq Tağı Aşura günü məscidə gedib sinə vurmuşdu?

- Əlbəttə o cür olmuşdu. Aşura günü idi. O gəldi ki, gedək məscidə nəzir paylayaq. Getdik, o əhvalat baş verdi. Onun novruzəlicəsinə dinə, milli dəyərlərə bağlılığı vardı. Rafiq məni məcbur elədi, izdihamı yarıb məscidin içinə qədər apardı. Bunları hekayədə yazmışam. Rafiq Tağı hər sahədə fədakar, cəsarətli adam idi. Rafiq Tağı ilə bağlı bir əhvalat da var, öləndən sonra olub. Onu da Rafiq Tağı haqqında hekayəyə əlavə edəcəyəm. Sağlıq olsun, növbəti nəşrdə oxuyarsınız.

Mirmehdi Ağaoğlu,

AzNews.az

image description