“Bunları bir-birindən ayırmaqda çətinlik çəkirəm”. “Bunları bir-birindən ayırmaqda çətinlik çəkirəm”.
  • Hadisə
  • 14 Noyabr 2018 16:00
  •  5 213

“Bizə “bunu de, onu demə” söyləyən yoxdur” - Musa Qasımlı “Deputatın gündəliyi”ndə

“Bunları bir-birindən ayırmaqda çətinlik çəkirəm”.

AzNews.az-ın “Deputatın gündəliyi” rubrikasının bugünkü qonağı millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlıdır.

- Musa müəllim, günlük qrafikinizi necə müəyyənləşdirirsiniz?

- Görəcəyim işlərin qrafikini əvvəlcədən tuturam. Qrafik bəzən həftəlik, bəzən isə hətta aylıq olur. İnformasiya selinin movcud və deputatın işinin həddindən çox olduğu bir zamanda əvvəlcədən sabahkı işləri planlaşdırmadan, qrafik tərtib etmədən işləmək çətindir. Gündəliksiz işləmək xaos yaradır. Sistemsiz, plansız işləməyi xoşlamıram. Gündəlik işi əvvəlcədən planlaşdırmağa, hansının daha vacib, təcili, təxirəsalınmaz olduğunu qruplaşdırmağa imkan verir.

- İşiniz və şəxsi həyatınız - hansına daha çox zaman ayırırsınız?

- İctimai və elmi fəaliyyət artıq mənim şəxsi həyatımdır. Onları bir-birindən ayırmağa çətinlik çəkirəm.

- Milli Məclisdə qanun layihələrinin müzakirəsi başlamazdan əvvəl hansı tədbirlər görürsünüz?

- Deputatın fəaliyyətinin ana xətti bütün məsələlərə birmənalı olaraq xalqın və dövlətin mənafeləri baxımından yanaşmaq olmalıdır. Üzv olduğum Elm və təhsil komitəsində müzakirə edilən qanun layihələrini diqqətlə oxuyuram, qeydlərimi edirəm və komitə iclasında ən zəruri saydıqlarımı söyləyirəm.

- Müzakirələr zamanı hər hansı bir məsələ barədə tənqid və ya təklifləriniz çox olur. Qaldırdığınız məsələ layihədə həllini tapmayanda hansı hisləri keçirisiniz?

- Parlament müxtəlif fikirlərin söyləndiyi yerdir. Deputata “bu məsələni de, onu demə” söyləyən yoxdur. Deputat fəaliyyətində tam sərbəstdir. Amma bu, heç də o demək deyil ki, hər kəs nədən istəsə danışmalıdır və söylədiyi də dərhal qəbul edilməlidir. Məncə, hər bir sahənin peşəkarının fikri daha çox fayda verir. Populist çıxışların təsirinin ömrü çıx qısa olur. Deputatın işi təkcə tənqid etmək olmamalıdır. Ümumi işə fayda verməyən, işləri irəli aparmayan, qərəzli tənqidlər bütün mənalarda ziyanlıdır. Deputat problemin həlli yolları barədə öz mülahizələrini söyləməlidir. Hansı ideya daha səmərəlidirsə, o da qəbul edilir.

- Sizi aktiv millət vəkili kimi tanıyırıq. Maraqlıdır, hər hansı bir məsələ ətrafında əvvəlcədən çıxış hazırlayırsınızmı?

- Bu məsələdə ümumi fəaliyyətimi vahid qəlibə salmaq doğru olmazdı. Dövlət büdcəsi layihəsinin və hökumətin illik hesabatının müzakirələrində çıxış etməyi daha vacib hesab edirəm. Digər məsələlər barəsində da fikirlərimi bildirirəm.

- Parlamentdə cari məsələlərin müzakirəsi nə dərəcədə vacibdir?

- Parlamentdə cari məsələlərin müzakirəsinə yer ayrılması ötən iclasdan keçən günlər ərzində ölkədə, regionda və dünyada baş verən vacib məsələləri, onlara olan baxışları, cəmiyyətin əhval-ruhiyyəsini öyrənmək, fikir mübadiləsi aparmaq üçün səmərəli vasitələrdən biridir. Cari məsələlərin müzakirəsi zamanı məni və seçicilərimi narahat edən problemlər barəsində öz düşüncələrimi söyləyirəm.

- Xarici səfərləriniz zamanı əsasən hansı məsələni diqqət mərkəzində saxlayırsınız?

- Xarici səfərlər zamanı qaldırdığımız başlıca məsələ Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, onun nəticələri, qaçqın və məcburi köçkünlərin vəziyyətidir.

- Son olaraq, sizə görə, deputat olmağın avantajları nədir?

- Deputat olmaq şərəfli bir işdir və böyük məsuliyyətdir. Özümü seçicilərimin xidmətçisi sayıram, onları Milli Məclisdə təmsil etməyimlə qürur duyuram.

Elgün MƏNSİMOV
AzNews.az