Konfliktoloq Əvəz Həsənovun AzNews.az-a müsahibəsi Konfliktoloq Əvəz Həsənovun AzNews.az-a müsahibəsi
  • Hadisə
  • 16 Noyabr 2018 15:17
  •  5 795

“Müharibənin bitəcəyinə inanmıram” – Əvəz Həsənov

Konfliktoloq Əvəz Həsənovun AzNews.az-a müsahibəsi

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan fiqurlarla “Yaxın plan” rubrikası altında müsahibələr təşkil edir. Məqsədimiz ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz konfliktoloq Əvəz Həsənovdur.

- Əvəz bəy, bildiyiniz kimi, bu gün Avropanın, eləcə də dünyanın gündəmində bir neçə hadisə var. Bunlardan biri də “Brexit” mövzusudur. Britaniyanı Avropa Birliyindən ayıran səbəblər nədir?

- Britaniyanı ilk növbədə, miqrasiya krizisi qorxudurdu. Britaniyaya elə gəlir ki, o, Avropa kontingentinin təhlükəsizliyinin qorunması üçün hamıdan çox pul xərcləyir. Təbii ki, ABŞ və Britaniyanın Avropa qitəsinin qorunmasında yükü çoxdur. Səbəblərdən biri budur. Bir də ki, Britaniyada ingilislər, doğrudan da miqrantların gəlişi ilə bağlı narahat olurdular və fikirləşirdilər ki, Britaniyada əməyin qiyməti çox bahadır. İngilislər arasında əsas iş sahələrində mütəxəssis çatışmazlığı olanda, onlar bunun günahını miqrantların gəlişində görürdülər. Britaniya, Avropa iqtisadiyyatına əlavə pul xərcləməkdən, yatırımlardan yayınıb. Fikirləşirlər ki, bu, Avropanın öz problemidir, həll etsinlər. Əsasən, belə iqtisadi səbəblər var idi.

- Aparılan “Brexit” sorğusu göstərir ki, vətəndaşlar ikinci referendumun keçirilməsini istəyirlər. Hökumət isə birmənalı şəkildə bu istəyi rədd edir. Sizcə, hazırkı vəziyyətdə referendum keçirilə bilərmi?

- Dünən “Brexit”lə bağlı İngiltərədə keçirilən sorğunun nəticəsi açıqlandı. Həmin nəticəyə görə 54% britaniyalı fikirləşir ki, Avropa Birliyindən çıxmaq olmaz. Bir neçə ictimai hərəkat və partiyalar “Brexit”ə yenidən baxılmasını təklif edirlər. Hələ ki, Tereza Mey hökuməti “Brexit”lə bağlı qəti mövqedədir. Fikirləşir ki, ingilislər buna səs veriblər, ölkədə insident yaratmaq olmaz. Bundan sərfəli çıxmaq üçün yollar axtarırlar. Açığı, mən ikinci referendumun keçiriləcəyinə inanmıram. Çünki İngiltərə konservativ ölkədir. Onlar qəbul olunan qərarın düzlüyündən və səhvliyindən asılı olmayaraq, o qərara əməl etməyi özlərinə borc bilirlər. Ancaq ikinci referendum olmasa belə, “Brexit” onlar üçün baha başa gələcək. Məncə, bunu Tereza Mey hakimiyyəti başa düşür. Britaniya iqtisadiyyatının Avropa ilə əməkdaşlıqdan zərər çəkməsini izah edən adamların, hakimiyyətə, İngiltərə siyasətinə böyük təsiri olacaq. Çünki onlar hökuməti inandırırlar ki, biz Avropadan çıxmaqla böyük kampaniyaların İngiltərədən getməsinə zərbə vuracağıq. Ola bilsin ki, Avropa Birliyi ilə gələcəkdə gömrük və iqtisadi layihələrin yenidən imzalanması ilə bağlı sənədlər İngiltərə iqtisadiyyatı üçün ciddi çətinliklər yaradacaq. Bu cür siyasətçilərin təsiri gələcəkdə İngiltərə siyasətində böyük rol oynayacaq. Ola bilsin ki, bundan sonra konservativlərin seçkilərdə mövqeyi zəifləsin.

- Bəs “Brexit”in Avropa Birliyinə təsiri necə olacaq?

- Avropa Birliyi də İngiltərə kimi bir bazarı itirir. İngiltərə bazarı çox zəngin, eyni zamanda müasir bazardır. Ona görə də Avropa üçün də çox çətindir, çünki iqtisadi xeyri var. Vaxtilə İngiltərəyə gedən böyük kompaniyalar Avropaya qayıda bilərlər. Ancaq İngiltərədən çıxan kompaniyaların çoxu Avropaya qayıtmaq istəmirlər. Onlar üçün Avropa qaydaları çox liberaldır. Kompaniyalar liberal siyasəti xoşlamırlar. Onlar sərt siyasəti xoşlayırlar. Özləri də sərt siyasət əsasında uğur qazana bilirlər. Avropada vergilər də çoxdur. Onlar daha sərfəli bazar, iş yerləri axtaracaqlar. Xüsusən, iqtisadiyyatın idarə olunması baxımından çoxları üçün Fransaya qayıtmaq sərf eləmir. Çünki Fransanın qaydaları çox sərtdir. Almaniya sərfəli deyil, çünki orada qaydalar başqa cürdür. Almaniya iqtisadiyyatı böyük korporasiyaları az qala udur. Ona görə də İngiltərə ən sərfəli bazar idi. Ola bilsin ki, başqa kiçik ölkələrdən Avropadakı siyasətlərini idarə etsinlər.

- Bu yaxınlarda Makron Avropa ordusunun yaradılması zərurətindən də danışıb. Tramp isə buna sərt reaksiya verib. Necə düşünürsünüz, Trampa rəğmən, belə bir ordu yaradıla bilərmi? Yaradılsa, nə ilə nəticələnər?

- Avropanın ordusunu yaratmaq hələlik siyasətçilərin arzusudur, dövlətlərin strategiyası deyil. Məsələn, hazırda NATO-nun maliyyələşdirilməsi problemi var. Bunda isə əsas güc Amerikanın üzərinə düşür. İndi Amerika bu maliyyələşdirmədən əl çəkərsə, onda Avropa öz ordusunu necə saxlayacaq? Ordu, təbii ki, lazımdır. Xüsusən, Rusiya təhlükəsindən qorunmaq üçün. Çünki Rusiya NATO-nun, onun sərhədlərində olmasından qıcıqlanır. Ancaq Avropa ordusuna bəlkə də göz yumardı. Avropa ordusunu yaratmaq Aİ-nin mandatında deyil. Məncə, bu, hələ xülyadır.

- Suriyada baş verənləri necə şərh edərdiniz?

- Suriyada düyün o qədər qarışıb ki, nə olacağını demək çətindir. Son illərdə Suriyada Rusiyanın dominantlığı çox artıb. İndi Amerika başa düşür ki, Rusiyanın bu cür dominantlığına imkan vermək olmaz. Amerikanın İrana və Rusiyaya qarşı sanksiyalarının kökündə bəlkə də Suriya amili durur. İndi ola bilsin ki, Amerika Türkiyə ilə münasibətlərini normallaşdırsın ki, Türkiyənin Suriyada mövqeyi bir az yumşalsın. Ancaq Suriyanın sonu çox da uğurlu deyil. Xüsusən, Əsəd hakimiyyətinin sonu yoxdur. Orada olan silahlı qruplaşmaların maraqları təmin olunmadan, Suriyada təkcə Əsəd hakimiyyətinə əsaslanan hakim qüvvənin olması həm çətin, həm də mənasızdır. Ona görə də Suriyanın taleyi çox qaranlıqdır. Bölünməsindən tutmuş, rejimlərin yaradılmasına qədər, Suriyada işlər gedə bilər. Çünki Amerika Suriyada maraqlı olduğunu bildirib. Amerika, Suriya cəbhəsində uduzmaq istəmir. Çünki uduzsa, Rusiya orada öz dominantlığını saxlayacaq. Amerika üçün isə bu, sərf eləmir. Rusiya, Türkiyə və İran Suriyanı özləri üçün poliqona çeviriblər. Ona görə indi Amerika sərt mövqeyi ilə yanaşı, region dövlətlərinin razılığını almaqla da məşğul olacaq.

- Sizcə, Amerika ilk razılığı hansı ölkədən almaq istəyəcək?

- İlk razılıq almaq istədiyi ölkə Türkiyə olacaq. Ona görə də Amerika maraqlıdır ki, Türkiyə ilə münasibətləri tənzimləsin. Hətta dünən xəbər yayıldı ki, Fətullah Gülənin qaytarılması məsələsi də müzakirə olunur. Mən inanıram ki, Amerika onu qaytaracaq. Çünki Amerika üçün Fətullah Gülən heç bir əhəmiyyət kəsb etmir. Türkiyəni əhatəsində saxlamaq üçün o, Türkiyənin maraqlarına xidmət edən addımlar atacaq.

- ABŞ XİN-nin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri bu yaxınlarda belə bir açıqlama verib ki, müharibə bir neçə aya bitə bilər. Bu nə qədər real görünür?

- Suriyadakı müharibə Rusiyanın, İranın və Amerikanın burada geri çəkilməyəcəyini ortaya qoyur. Tramp üçün müharibəni davam etdirməyə ehtiyac yoxdur. O, artıq Amerika iqtisadiyyatını kifayət qədər yüksəldib və bu müharibəni davam etdirməyin onun üçün heç bir mənası yoxdur. Ona görə də Tramp hakimiyyəti çalışır ki, Suriyadan ona sərf edən şərtlərlə qalib çıxsın və tərəfləri yumşalda bilsin. Müharibənin bitəcəyinə inanmıram. Nə üçün inanmıram? Ola bilsin ki, tərəflər geri çəkiləcək. Ancaq daxildəki iğtişaşları dayandıra bilməyəcəklər. Yəni Suriyanı elə bir vəziyyətə salacaqlar ki, eynilə Əfqanıstandakı kimi olacaq. Amerika Əfqanıstandan çıxdı, ancaq Əfqanıstanın daxilində problem həll olunmur. Suriyadan həmin xarici qüvvələr çıxsa da, daxilindəki silahlı qruplaşmalar yenə də öz işlərində qalacaqlar. Yenə də Suriyanın taleyi sual altına düşəcək. Ona görə də inanmıram ki, Amerika, İran və Rusiyanın qoşunları Suriyadan çıxandan sonra orada vəziyyət normallaşsın.

- İrana tətbiq olunan sanksiyalardan xəbərdarsınız. Sizcə, İran ABŞ-la danışıqlara gedəcək?

- İranın ABŞ-la danışıqlara getməsini heç İranın indiki hakimiyyəti də istəmir. Əgər İranda hakimiyyət Amerika ilə danışıqlara gedib, onları ölkənin içərisinə buraxacaqsa, onda İranda rejimin mahiyyəti bir az yumşalacaq. Yəni İranda hakimiyyət rejimin mahiyyətini yumşaltmaq istəmir. Amerika ora girəcəksə, münasibətləri normallaşacaqsa, onda İranda mollaların saxladığı rejimdən əsər-əlamət qalmayacaq. Ona görə də İranın özünə də Amerika kimi bir düşmən lazımdır ki, cəmiyyəti nəzarətdə saxlaya bilsin. Amerika çox sevinərdi ki, İran onunla danışıqlara getsin. Ancaq bu, indiki vəziyyətdə qeyri-realdır. Əgər danışıqlar olarsa, İranda hakimiyyət dəyişikliyi olacaq. Ona görə də heç kim buna getmək istəmir.

Pərvanə AĞAZADƏ
AzNews.az