Tanınmış aparıcı: “Çox gözəl plov dəmləyirəm”- Müsahibə

“Peşəkar jurnalist olmaq üçün baza təhsilinin olması vacibdir”

AzNews.az-ın “30 Altı” layihəsinin bugünkü müsahibi tanınmış xəbər aparıcısı Pərvin Əsgərlidir.

Ucarda doğulmuşam. 2003-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistka fakultəsinə qəbul olmuşam. 2008-ci ildə bakalavr pilləsini bitirmişəm. 2009-cu ildə Beynəlxalq Jurnalistika kafedrasının magistr pilləsinə qəbul olmuşam. Qırmızı diplomla bitirmişəm. Elə həmin il universitetin Jurnalistika fakültəsinin Radio və Televiziya kafedrasının doktorantura pilləsinə qəbul olmuşam. Hazırda müdafiə ərəfəsindəyəm. Elmi Şuraya sənədlərimi toplayıram. Teleməkanda ilk iş yerim Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyəti olub. Uzun müddət AzTV-də aparıcı-jurnalist kimi çalışmışam. Azərbaycan Dillər Universitetində yaradılmış AUL Channel online telestudiyasının redaktoru, aparıcısı, jurnalisti kimi fəaliyyət göstərmişəm. Həmçinin, ADU-da Jurnalistika fakültəsində saathesabı dərs demişəm. Azad Azərbaycan Müstəqil Telaradio Kompaniyasından (ATV) əvvəlki iş yerim isə İctimai Televiziya (İTV) olub. “Carçı” informasiya proqramının aparıcısı və jurnalisti kimi çalışmışam. Hazırda ATV-də ictimai-siyasi verilişləri departamentinin xəbər proqramının aparıcısı və jurnalisti kimi fəaliyyət göstərirəm.

- Jurnalistika təhsili olmayan birinin jurnalist kimi çalışması nə vaxtsa sizdə qıcıq yaradıbmı? Yoxsa, bunun peşəkarlıqla əlaqəsinin olmadığını düşünürsünüz?

- Bilirsiz, hazırda KİV-də peşəkar jurnalistlərlə yanaşı, jurnalistikaya təsadüfən yol tapan xeyli sayda insan çalışır. Və zaman-zaman bu məsələ müzakirə mövzusuna çevrilir. “Jurnalistikada yalnız jurnalistika fakültəsini bitirən, ali jurnalist təhsili olanlar işləməlidirlər”, - deyənlər ordusu da var, bu fikrin əksini söylələyənlər də. Mən bunların hec birini deməyəcəm. Fikrimcə, peşəkar jurnalist olmaq üçün baza təhsilinin olması vacibdir. Amma şərt deyil. Jurnalistikanın elə istiqamətləri var ki, ixtisaslı jurnalist olmadan orada rahatlıqla uğur qazanmaq mümkündür. Lakin elə spesifik istiqamətlər də var ki, jurnalistikanın nəzəri bilikləri olmadan orada uğur qazanmaq mümkün deyil. Bu, xüsusilə televiziya fəaliyyətinə aiddir. Amma iqtisadiyyat, mədəniyyət, kriminal, idman yazarı olmaq üçün daha çox başqa spesifik biliklər lazımdır. Bunun üçün jurnalistika fakültəsini bitirmək tələbi keçərli deyil. Müstəqil Azərbaycan mətbuatının formalaşma mərhələsi elə bir dövrə düşdü ki, iş tapa bilməyən qeyri-ixtisaslı yüzlərlə insan bu sahəyə üz tutdu. Jurnalist işləmək üçün əsas yazmaq qabiliyyəti, istedadı olmalıdır. Ancaq yaxşı olardı ki, peşəkar mediada həvəskar reportyor, redaktor kimi çalışanlar sonradan xüsusi kurslar keçsinlər. Ya da ki, özlərini sonadək bu sahədə görürlərsə, bu peşənin təhsilini alsınlar. İxtisas dəyişsinlər. Təbii ki, bu, bir fikirdir. Hər kəs qərar verməkdə sərbəstdir. Hardasa yazılmayıb ki, jurnalistikada yalnız jurnalistika fakültəsini bitirənlər işləyə bilər.

- Pərvin xanım, xəbər aparıcısı olmağın məsuliyyəti çoxdur?

- Əlbəttə çoxdur. İşimiz özü elə məsuliyyətdir. Adətən, xəbər aparıcısı tamaşaçıya doğru xəbəri verən biri kimi tanınır. Ən xırda yanlış qeyri-səhih məlumat çox ağır nəticələnə bilər. Əslində bir az da həkimlərin sahəsi ilə müqayisə etmək istərdim. Düşünün, həkim xəstəyə yanlış diaqnoz təyin edir. Həmçinin, tamaşaçı da bizim verdiyimiz xəbərə əsaslanıb addım ata bilir.

Əslində, hər işin öz çətinliyi var. Xəbər aparmaq ikiqat diqqət və məsuliyyət tələb edir. Amma bu işin məsuliyyətini dərk etmək lazımdır. Əgər sən efirə çıxanda bu məsuliyyəti və həyəcanı hiss etmirsənsə, deməli, bu işə biganə yanaşırsan. Neçə ildir, xəbər aparmağıma baxmayaraq, mən hər dəfə efirə çıxanda həyəcan hiss edirəm. Bu da məsuliyyətdən irəli gəlir.

- Paylaşımlarınızdan gördüyümüz qədər rəngli geyimləri sevirsiniz. Deməli rəngarəngliyi sevirsiniz?

- Bəli, çox sevirəm rəngli geyinməyi. Bu, həm də mənim xarakterimi yansıdır. Pozitiv olmuşam. Həyata hər zaman bardağın boş tərəfindən yox, dolu tərəfindən baxmışam. Hətta artıq qarderobumda olmayan rəng pencək yoxdur. Xəbər aparıcısı olaraq, xalqımın sevindiyi, üzünün güldüyü özəl günlərimizdə ürəkaçan geyimdə çıxıram efirə. Bir növ xalqıma, tamaşaçıya yanında olduğumu dəstək olduğumuzu bildiririk. Yox, əgər təqdim edəcəyim xəbərlərin içində hüzn dolu, kədərli xəbər varsa, o zaman rəngli geyinmirəm. Geyinə bilmərəm. Vicdanim izn verməz.

- Hansısa filmə aktrisalıq təklifi almısınız və istərdinizmi?

- Yox, nə yalan deyim. Belə bir təklif almamışam. Düşünməmişəm də. Amma buna normal baxıram. Bir xəbər spikeri obrazını canlandırmaq istəyərəm. Hüquqşünas qadın obrazını canlandıra bilərəm. Dünya təcrübəsinə baxsaq, görərik ki, tanınmış istedadlı xəbər aparıcıları çox səviyyəli filmlərdə rol alıblar. Və bu yaxşı da qarşılanıb.

- Övladınızın da sizin kimi tanınan bir sima olmasını istərdinizmi?

- Mən valideyn-övlad münasibətində daha çox qızımın seçiminə hörmətlə yanaşıram. O, kim olmaq istəsə, mən də ona dəstək olacam. Qaldı ki məşhurluğa, bu da onun istəyidir. Hələ ki, bu haqda onunla danışmamışam. Amma niyə də olmasın !

- Necə istirahət edirsiniz?

- Mənim istirahətim odur ki, sakit bir köşəyə çəkilim. Film izləyim. Və təmiz havada gəzim. Bu qədər bəsit. Az qalsın unudurdum, boş zamanımda mətbəxə keçməyi sevirəm. Orda zamanın necə kecdiyini unuduram. İstər xarici, istərsə də yerli mətbəxin təamlarını öyrənib bişirirəm. Məsələn, çox gözəl plov dəmləyirəm. Halva bişirirəm. Həmçinin də dadlı halva yeməyi sevirəm. Deyilənə görə, əlimin dadı var.

- Gələcəklə bağlı hansı planınız var? İxtisasınızı davam etdirmək, ya başqa sahələrdə özünüzü sınamaq niyyətindəsiniz?

- Mən özümü jurnalistikadan kənarda təsəvvür edə bilmirəm. Hara getsəm, oraya jurnalistikanı daşıyacağıma əminəm. Gələcəkdə də sırf jurnalistika sahəsində hansısa media qurumunda yenə də jurnalist hazırlanması ilə bağlı fəaliyyət göstərmək istərəm. Və yaxud da belə bir məktəb yaradılmasına təşəbbüs göstərərəm.

Səidə Nurməmmədli

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description