“Ədəbiyyat xırmanında olmayanlar AYB təknəsindən çörək yeyirlər” “Ədəbiyyat xırmanında olmayanlar AYB təknəsindən çörək yeyirlər”
  • Hadisə
  • 20 Dekabr 2018 17:36
  •  7 306

“Yazıçı Anara 3 dəfə müraciət etdim, heç birinə reaksiya vermədi” - İlham Qəhrəmanla “Cümlə axşamı”nda

“Ədəbiyyat xırmanında olmayanlar AYB təknəsindən çörək yeyirlər”

AzNews.az “Cümlə axşamı” layihəsində şair İlham Qəhrəmanla müsahibəni təqdim edir.

- İlham müəllim, sosial şəbəkədə Ağdamla bağlı şeir paylaşmışdınız. Deyəsən, yeni yazmısınız.

- Hə, dünən səhər yazmışam. Sadəcə məndə belədir, bir neçə vaxt doluram, sonra yazıram. Nənələr deyək ki, xəmiri yoğurub qoyurlar gəlməyə, yaxud şorabanı tutub yetişməyə qoyurlar, məndə də şeirin yazılma prosesi bu cürdür. Hər gün oturub fikirləşmirəm ki, şeir yazım. Bir ağrı məni tutur, gözləyirəm dəyəcək, ya dəyməyəcək. Görəndə ki, artıq ağrı mənə dinclik vermir, onda şeir yazıram.

- Şeirlərinizin hamısı ağrıdan yaranıb?

- Yox, tək ağrıdan yaranmır. Amma yazdığım şeirlərin hamısını içimdən keçirib sonra yazmışam. Yaşamadığım hissdən şeir yazmıram. Zəif şeirim olmadığını iddia etmirəm. Oxucu baxanda görür ki, İlham Qəhrəmanın boyundan aşağı şeiri də var. Amma heç biri yaşantıdan kənar şeir deyil. Müxtəlif adamlara həsr etdiyim şeirlərim var. Akif Səmədə, Məmməd Dəmirçioğluna, Arif Əmrahoğluna, qaynanam öləndə qaynatama “Həsən əmi” adlı şeir yazmışam. Bu şeirlər portret janrındadı. İnsan mənzərələridi. Onların hamısını qəlbimin səsi ilə yazmışam. Və ya Bakıxanov qəsəbəsində yaşayanda Kazım adlı bir ləzgi kişi vardı. O qədər layıqlı kişi idi! Deyək ki, səkkizinci mərtəbədən bir qadının yuyub sərdiyi paltar şəritdən düşürdüsə, götürüb saxlayırdı, o qadın həyətə düşəndə özünə verirdi və ya məktəbli uşaqları yoldan adladırdı. Bir gün eşitdim, dünyasını dəyişib. Aradan bir-iki il keçəndən sonra birdən içimdən təpdi, “Kazım kişi” adında şeir yazdım. Yəni yaşamadığım hissləri yazmıram. Adam da var, ona şeir yazmağımı umur.

- Onda sifarişlə şeir yazmırsız?

- Yaza bilmirəm. Gərək o adamı yaxından tanıyam, içimdən keçirim ki, yazım. Axı yaxından tanımadığın adamın portret cizgilərini necə vermək olar?!

- Belə bir fikir var ki, ədəbiyyat ağrıdan doğulur. Ağrı ilə bağlı sualı ona görə verdim.

- Siz söhbətə “Ağdam” şeirindən başladınız. Ağdam bir yurd yerimiz kimi mənə çox əzizdir. Bakıya gələndə Ağdamdan keçirdik və ya Laçına qayıdanda mütləq Ağdamda çay-çörəyə düşməli olurduq. Laçınlıların hamısının Ağdamla bağlı xatirəsi var. Laçında bütün gəlin köçən qızların cehizində Ağdamdan alınma nəsə var idi.

- Elə bil Qarabağın Bakısı idi, hə?

- Ay sağ ol. Sənə bir söz deyim. Kişilər durub cehiz almaq üçün Bakıya gəlirdilər. Burda gəzib azarlarını öldürəndən sonra cehizlik heç nə tapmasalar, ya da şətəli burda işləməsə gedirdilər Ağdama, ordan bazarlıqlarını edib Laçına yollanırdılar. Ağdam bizim üçün belə yer idi. İndi isə şəkillərdə görürük ki, belə bir şəhərin quru divarları qalıb. Bu, mənim üçün çox ağırdır. Elə bilirəm töhmət mənim üstümdədi. Ona görə “Ağdam” şeirini yazmışam.

- “Ağdam” təkcə tək könül istəyindən doğulub, yoxsa bir az da vətənpərvərlik mövzusunda yazmaq arzusundan, Qarabağı unudulmağa qoymamaq yanğısından yaranıb?

- Qətiyyən. Ola bilər Qarabağı şeir yazmaq kontekstində unudaram, heç 5 il o mövzuda şeir yazmaram.

“Əllərim daha çox darıxır Laçın üçün”

- Ancaq yaradıcılığınıza baxanda görünür ki, nə Laçını, nə də Qarabağı unutmusunuz...

- 17-18 yaşıma qədər Laçında yaşamışam, sonra gəlmişəm Bakıya. Qalan ömrüm burda keçib. Hazırda 60 yaşım var, indi başa düşmüşəm ki, vətən mənim gözlərimdi, vətən mənim əllərimdi, vətən mənim ayaqlarımdı. Laçında 90 pilləkənli abidə var idi. İndi ayaqlarım istəyir o pilləkənləri qalxsın. Yaxud istəyirəm Laçında bir yala çıxım, əlimi qoyum gözlərimin üstünə, dörd yana baxım. Gözlərim bunu istəyir. Laçının küçələrində sıra ilə cökə ağacları var idi. Dərsə gedəndə əllərimizi gövdəsinə vura-vura keçirdik. İndi əllərim daha çox darıxır Laçın üçün, həmin cökə ağacları üçün. Yaxud dizim istəyir ki, bulağın gözündə əyilsin su içim. Mənim üçün vətən budur.

“Allahdan arzu edirəm ki, Laçına yazdığım şeirlər öz aktuallığını itirsin”

- Bu hisslərinizi əks etdirən şeirləriniz çoxdur?

- “Laçın ağısı”, “Yurd səsi”, “Evimiz yadıma düşdü”, “Gedəcəm” və Laçının öz adı ilə bağlı neçə-neçə şeirlərim var. Bu şeirlər mənim içimdə olan Laçın ağrısını, Laçın həsrətini müəyyən mənada ehtiva edib. Amma bunların heç birisi Laçın deyil və mən Allahdan arzu edirəm ki, ya danışıqlar nəticəsində, ya da hansısa gücün müqabilində torpaqlar azad olunsun və mənim Laçına yazdığım şeirlər öz aktuallığını itirsin.

- 17 yaşında Laçını tərk edən İlham Qəhrəman heç olmasa 60 yaşında Bakıya gəlib çıxa bilib, ya elə Laçında qalıb?

- Mənim uşaqlıq yaddaşım çox itidir. İstəyirsən bu dəqiqə Laçında hansı cığır hardaydı, hansı döngədə hansı kol bitmişdi, hamısını sənə deyim, yadımdadı. Amma Bakıda dünən gördüyümü bu gün unuduram. Sənə bir şey deyim. Mən indi darıxanda imkanlaşdırıb Təbrizə gedirəm. Bir dəfə də Türkiyədə olmuşam. Yaradıcı adam dərvişxəyal olur. Dünya görməyi yaradıcılığına da təsir edir. Məsələn Türkiyə səfərimdən silsilə İstanbul şeirləri yazdım. Bizi heç kəs xarici səfərlərə aparmır, gərək özümüz gedək.

- Kim aparmır?

- Müəyyən qurumlar var ki, xaricdə keçirilən bütün tədbirlərə yalnız özləri gedirlər, ancaq bizi heç hara dəvət etmirlər.

- Kimlər aparmır, deyin görək.

- Azərbaycan Yazıçılar Birliyi. İndiyə qədər məni heç bir xarici ölkəyə səfərə göndərməyib, xaricdə çıxan heç bir antologiyaya mənim şeirlərimi salmayıblar.

“Fikrət Qoca dedi ki, onu antologiyaya salmayın”

- Bəs kimləri göndərirlər?

- Gedənlər elə öz yaxınlarıdır. Xaricdə bu qədər antologiya çıxır, məni salmırlar. Hətta burda çıxan antologiyalara da salmırlar. Halbuki o antologiyalarda elə adamların şeirləri gedib ki, onların mənim əlimə su tökməyə belə layıqları yoxdur. Sizə bir hadisə danışım. Türkiyəyə gedəndə orda Ərbildən gəlmiş Əsəd Ərbil və Riyaz Dəmirçioğlu adlı iki şairlə tanış olduq. Onlara kitablar verdim. Geri gələndə məndən şeirlərimi və şəklimi istədilər ki, orda çıxan antologiyaya salacaqlar. Kitab çıxdı, mənim şeirlərim olmadı. Dedim mən niyə yoxam, Riyaz Dəmirçioğlu internetdə yazdı ki, Fikrət Qoca dedi onu salmayın. Bilirsən, bunlar kölgəsində qaldıqları şairdən qorxurlar.

- Sizin Yazıçılar Birliyindən umacağınız nədir?

- Diqqət. 60 yaşıma çatdım, bir dəfə dəvət edib demədilər ki, İlham Qəhrəman, gəl səni heç olmasa Özbəkistana göndərək. Heç Avropa ölkələrini demirəm, birdən irad tutarlar ki, dili bilmirsən.

- Bilmirsiniz?

- Rus dilini bilirəm. Rusiyaya göndərə bilərlər, Tatarstana göndərə bilərlər. Bir də gedənlərin hamısı dil bilir bəyəm? Ərəbistandan tutmuş İtaliyaya qədər onlarla ölkədə antologiyalar çıxdı, amma birində bir yazım getmədi. Heç bir şeirimi başqa dilə çevirib çap etməyiblər. Halbuki Yazıçılar Birliyinin nizamnaməsində də yazılıb ki, üzvlərin yaradıcılığını təbliğ etməlidirlər. Etmirlər. Qarşıdan 60 yaşım gəlir. İndiyə qədər məni bir dəfə də olsun heç Azərbaycanda keçirilən poeziya günlərinə də dəvət etmədilər.

“AYB-də islahat getməlidir”

- Neçə ildi AYB üzvüsünüz?

- 21 ildir.

- Bəyənmirsinizsə, istefa verib çıxın...

- İstefa barədə düşünmürəm. Mən AYB-ə müqəddəs məbəd kimi baxıram. Mənim kimi yazı-pozu adamının üzv olacağı yer AYB-dir. Amma orası da var ki, AYB-də meyarları dəyişən islahat getməlidir.

- Sizcə hansı islahatlar getməlidir?

- Bu gün 2000-ə yaxın üzvü var, çoxunu mən tanımıram. İstedasızların hesabına Birliyin üzvlərinin sayını artırmağa ehtiyac varmı? Ədəbiyyatın xırmanında olmayanlar bu gün AYB-nin təknəsindən çörək yeyirlər. Amma yaxşı olar ki, xırmanda əziyyət çəkənləri də görsünlər.

- Anar müəllim sizi şəxsən tanıyır?

- Mən elə bilirəm tanıyır, çünki kitablarım çıxanda aparıb təqdim eləmişəm.


“Anar müəllimə 3 dəfə müraciət eləmişəm, heç birinə reaksiya verməyib”


- Şeirlərinizə münasibəti necədir?

- Xəbərim yoxdur, bir dəfə üzvlüyə qəbulda şeirlərimizi dinlədi, ondan sonra üzvlük biletlərimizi verdi. Şəxsi problemlərlərimlə əlaqədar bu vaxta kimi Anar müəllimə 3 dəfə müraciət eləmişəm, heç birinə reaksiya verməyib, deyib mən o cür məsələlərə baxmıram. Amma adamlar var ki, Anar müəllim onların bütün problemlərini həll edib, ev, torpaq, fəxri ad almaqlarına kömək edib.

60 yaşıma gəlib çatmışam, Allaha şükür, tər-təmizəm. İndiyə qədər nə bir yerdən mükafat görmüşəm, nə təltif görmişəm. Heç bir umacağım da yoxdur. Artıq elə şeylərdən bezmişəm. Bir dəfə dedilər mənə “Qızıl qələm” verirlər. Açığı bir az da sevindim. Baxma da adamı yada salanda xoş hisslər keçirirsən. Getdim, dedilər ki, 150 manat verməlisən. İmtina eləyib kor-peşman qayıtdım, yolda Əbülfət Mədətoğlu zəng elədi ki, şair, gəl onu götür, eybi yox, 130 manat verərsən. Əbülfət Mədətoğlunun xətrinə gedib mükafatı götürdüm. Hər dəfə evdə o mükafatı görəndə xəcalət çəkirəm. Adam da pulla mükafat alar? Mən 14 ilə Sarı Aşığın yaradıcılığını toplamışam, həm burda, həm də İranda dolaşmışam. Cinasları qurmuşam. 6 ilə Laçın folklorunu yığmışam. Qapı-qapı gəzmişəm, bir adam da deyə bilməz ki, cibimə yol pulu qoyub. Bu işlərin hamısını təmənnasız görmüşəm.

- Deyirsiniz ki, AYB sizi heç yerə göndərməyib. Amma özünüz, maşallah, dəfələrlə xarici səfərlərdə olmusunuz, İranda çap olunmusuz. Bu yaxında da Təbrizdən qayıtmısız.

- İranda daha çox o şairlərə müraciət edirlər ki, dilləri təmizdir. Çünki ana dilində məktəbləri, radioları, nəşrləri yoxdur. Tehranda birinci dəfə olanda gördüm türki kitabların satıldığı bir passaj var. Orda Sücaətin, Bəhmən Vətənoğlunun, Ramiz Rövşənin, bir də Vaqif Bayatlı Odərin kitablarını gördüm, çap etmişdilər.

- Kitabınız nə vaxt çıxdı?

- Mənim kitabımı “Pınar” nəşriyyatının rəhbəri Şərifə Cəfəri adlı bir xanım çıxardı. Bir müddət sonra mənə zəng elədi ki, ağa, sənə təşəkkür edirəm, sənin kitabların satıldı və “Pınar” nəşr evinə xeyir gətirdi. İkinci dəfə Təbrizdə keçən il kitabım çıxdı.

- Bəs bu yaxında Təbrizə səfərinizin məqsədi nə idi?

- Gəl bu sualın cavabını dəhnədən başlayaq. Mən burda bir açıqlama vermək istəyirəm.

- Buyurun.

- Bu yaxında Azərbaycan Aşıqlar Birliyinin qurultayı zamanı mən Təbrizdən olan folklorşünas Məhəmməd İbadi Alışıq Qaraxanlı ilə tanış oldum. Mən Sarı Aşıq kitabını tərtib edəndə onun güneydə çap edilən Sarı Aşıq kitabından 180 bayatı götürmüşdüm. Kitabı ona göstərib dedim ki, bax sənə istinad eləmişəm. Açığı çox sevindi. Ona dedim ki, indi də Aşıq Alını yığıram. Məlum oldu ki, Aşıq Alının yaradıcılığını o, da toplayır. Təklif etdim ki, gəl, o taylı, bu taylı bir yerdə toplayaq, Aşıq Alının kitabı Təbrizdə çıxanda, burda çıxan kitabdan fərqlənməsin. O da razılaşdı. Gedəndən sonra xəbər göndərdi ki, nə vaxt istəsən gəl, amma mənə bir gün əvvəldən xəbər de. Oktyabrın 21-də addadım o taya. Burdan gedəndə Aşıq Alının materialını vorddə yolamışdım ora. Orda Alışıq Qaraxanlı ilə danışıb bir gün sonraya görüşdük. Bizə şərait yaradıldı və biz bir yerdə oturub topladığımız gəraylıları, qoşmaları, divaniləri, ustadnamələri, təcnisləri qarşılıqlı üzləşdirməyə başladıq. Bu minvalla iki günə kitabın axırına gəldik çıxdıq. Mən bütün təcnislərə “snoska” qoyub səhifənin aşağısında izah vermişəm. Aşıq Alının qohumlarının mənə göndərdiyi 41 şeiri də topladığım kitabda var. O 41 şeirin 21-i indiyə qədər Aşıq Alının heç bir kitabında çap olunmayıb. Kitab çap olunanda camaat bu şeirləri oxuyacaq.

- Necə oldu kitabın axırı?

- Biz Alışıqla iki gün bir yerdə üzləşmə apardıq. Üzləşmə qurtarandan sonra mən apardığım kitabı faylda ona verdim. Bunu ona görə etdim ki, mənim əldə etdiyim hansı şeir onda yoxdursa, götürsün. Alışıq mənə dedi ki, sən qayıt Bakıya məndə proqram var, kitabı o porqramla ərəb əlifbasından latın əlifbasına çevirib sənə yollayacam. Bu zaman mən də onun topladığı mətndən məndə olmayanları götürməli idim.

- Yolladı?

- Mən durdum, şad-şalayın, arın-arxayın gəlib çıxdım bura. Ona yazdım ki, öz variantını vord faylında göndər. Dedi ki, sən gedəndən sonra kompüterimə virus düşdü. Bütün materiallarım qıfıllandı. İndi kompüteri Kasperski laboratoriyasına göndərmişəm, qıfılın kodunu tapsınlar. O göndərmişəm, bu göndərmişəm, hələ də bir xəbər yoxdur. Axır sözü bu oldu ki, 99 faiz bərpa ehtimalı yoxdur.

- Aldadıb sizi?

- İnanmıram. Kitabı öz adına çıxa bilməz. Şahidlərimiz var. Ən azından adımı çəkib, zəhmətimi, gördüyüm işi deməsi imandan olar. Mən burdan bir də açıqlama verirəm, ora Aşıq Alının təcnislərini qurduğum kitab aparmışam.

- Özünüzdə nüsxəsi yoxdur?

- Var, niyə yoxdur? Burda iki varinat ola bilər. Kitabda elə qoşmalar, gəraylılar vardı ki, mən Alışığa dedim ki, qafiyyələri qüsurludur kitaba qoymuram. Və çıxarmışdım. Ya bu adam mənim ora apardığım əlavələri kitaba salıb, çap edəndə mənim adımı ora yazmayacaq, ya da onda olan o şeirlər ki var, üzləşmə zamanı məndə olmadı mənim Aşıq Alının olmadığını iddia edib atdıqlarımdır.

“Kim bu xalqın dilini öyrənmək istəyirsə, mənim yaradıcılığımı mütləq oxuyacaq”

- İlham müəllim, ədəbi söhbətlər zamanı tez-tez şəhər-kənd-aqrar bölgülərinə rast gəlirik. Qorxmursuz ki, sizi aqrar olmaqda ittiham edərlər?

- Mən bir şeyə arxayınam. Nə qədər sağam, ola bilsin haqqımı dansınlar. Amma İlham Qəhrəmanın yaradıcılığı elə bir yaradıcılıqdır ki, kim bu xalqın dilini öyrənmək, bu dildə yazmaq istəyirsə, İlham Qəhrəmanın yaradıcılığını mütləq oxuyacaq. Tam səmimiyyətimlə deyirəm bu, gün öz yaşıdlarım və məndən sonra gələnlər arasında mənim kimi dili təmiz bilən ikinci bir şair tanımıram. Mən sözü səmti ilə tanıyıram. Mənim qədər şeirlərində obrazlar işlədən ikinci şair tapa bilməzsən.

- Bayaq belə bir söz işlətdiniz ki, mənim ədəbiyyatda boyum nə qədərdir, yaxşı bilirəm. Şeirdə, poeziyada İlham Qəhrəmanın boyu hardandır?

- (gülür). Mənim şeirlərimin bir misrasında belə fikir pozğunluğu, mətnlərimdə düz oturmayan söz yoxdur. Azərbaycan poeziyasında Dirili Qurbandan üzübəri dili təmiz bilən şairlər var ki, İlham Qəhrəmanın şeirləri onların cərgəsində dayana bilər.

“Titulları, adları olan şairlərdən üstünəm”

- Gəlin bir az bizim dövrə yaxınlaşaq. Müasir Azərbaycan şeirində özünüzü harda görürsünüz?

- Onu bilmirəm, amma kim məndən aşağı şairdir, kim məndən yuxarı şairdir, dəqiq bilirəm. Özümü Ramiz Rövşənlə, Eldar Baxışla, Vaqif Bayatlı ilə müqayisə etməkdə çətinlik çəkərəm, amma o şairlər ki, bu gün titulları, adları var, onlardan üstünəm. Mənim elə şeirlərim var ki, ədəbiyyat adamları orda sözdən söz çıxarda bilərlər. Sətraltı mənalar var ki, açılışını gözləyir. Amma, məndən yazanlar ya o şeirləri görməməzliyə vururlar, ya da əlləri girmir. Bircə şeirimin adını çəkəcəm. “Azadlıq” şeirimdən bir kitab yazmaq olar. Amma heç kəs ondan və başqa bir çox şeirlərimdən bəhs etmir. Onları da qınamıram, bunun bir çox səbəbləri var.

- İlham müəllim, uzun illər mühasib işləmisiniz. Rəqəmlərə daha çox yaxınsız, yoxsa sözlərə?

- Mən rəqəmləri qovmadım, onları da saxladım, sözlə də oturub-durdum. Mənim kimi qələm adamları çox olub. Şəhriyar hesabdar olub, Səməd Mənsur hesabdar olub, Mehmet Akif Ərsoy hesabdar olub. Yəni deməyim odur ki, balansı qura bilən kəllə şeiri də gözəl yaza bilir. Mən nə qədər ki, mühasib işləmişəm təmiz işləmişəm, heç kəs deyə bilməz ki, İlham Qəhrəmanovdan arayış almağa gəlmişdim, məndən umacağı oldu. Belə şeyləri heç vaxt özümə yaxın qoymamışam.

Mirmehdi
AzNews.az