Şərt qoydular ki, gecə geyimlərində fotosessiyanız çəkilməlidir - Pərvanə Əliyeva

Türkiyənin ən böyük dizi şirkəti olan “Ay yapım” da həmin təklifi etdi, baxdım ki mənlik deyil.

AzNews.az-ın “Morze əlifbası” layihəsinin növbəti qonağı aktrisa və müğənni Pərvanə Əliyevadır.

- Pərvanə xanım, sənətə müğənni kimi gəlsəniz də tamaşaçılar sizi daha çox serial aktrisası kimi tanıyır. Hazırda hansı serialda çəkilirsiniz?

- İlk dəfə “Günəşi oyadanlar” filminə dəvət aldım. Görünüşümə görə məni çox bəyəndilər. Onun ardınca “21 sual” filmində oynadım. Həmin filmdən sonra isə seriallardan dəvət gəlməyə başladı. “Həyat sən nə qəribəsən”, “Mənə sən lazımsan” və s. kimi seriallardakı yaratdığım obrazlar tamaşaçılar tərəfindən bəyənildi. Hazırda yenə “Xəzər” televiziyasında ekranlaşan “Keçmişin izi” serialında çəkilirəm. Serial yaxın günlərdə efirə gələcək, tamaşaçılar bu dəfə məni başqa bir obrazda görəcək. Artıq 5 ildir ki, bu sənətdəyəm.

- İmtina etdiyiniz hər hansı obraz yaxud serial olubmu?

- Hərdən təklif aldığım seriallardakı obrazlarda açıq-saçıq səhnə olub. Hətta bəzən deyiblər ki, ssenaridə soyunmaq, yataq və s. səhnələri var. Razı olmamışam. Əslində isə aktrisa təklif aldığı bütün obrazları oynamalıdır. Amma nə edək ki, belə obrazlar Azərbaycan mentaliteti üçün uğyun deyil. Biz aktrisalar da xarici filmlərdə yataq səhnələrini görürük və onların oyunlarını gözəl qarşılayırıq. Amma Azərbaycan film məkanında belə səhnələr olanda oynayan aktrisanı asıb kəsirik, qınayırıq. Aktrisa neyləsin, onun ailəsi, dostu-tanışı var. Sosial şəbəkələrdə elə sözlər yazırlar ki...

- Akademik Milli Dram Teatrının aktrisası Vəfa Zeynalovanın da ailəsi, övladları var. Amma o, bütün dedi-qodulara baxmayaraq, aktrisa kimi “İlahi məxluq”da aldığı obrazı oynadı...

- Bəli, əgər ünvanımıza belə sözləri yazanlar hiss etsə ki, bu aktrisadır, onu heç vaxt yazmaz. Aktrisa hər rola çəkilməlidir. Vəfa Zeynalova “İlahi məxluq” filminə çəkildiyi obraza görə nə qədər qınanıldı. Vəfa xanım özünə güvənir, bilir ki, sənəti var, aktrisadır. Etiraf edirəm ki, mən elə obraza çəkilmərəm, qorxaram.

- Nədən qorxarsınız?

- Camaatın qınağından... Hamı Vəfa Zeynalova kimi cəsarətli ola bilməz. Ssenaristlər bar, yataq səhnələri yazır, qınaq olduğundan çoxusu çəkilmir. Aktrisalardan biri verdiyi müsahibədə “qonarar çox olarsa, çəkilərəm” deyib. Görünür, ürəkli aktrisalar hələ də var. Aktrisa hər şeydən əlavə bir qadındı, gələcək həyatını, ailəsini düşünür. Hər bir qadın istəyər ki, ailəsi, uşaqları olsun.

- Azərbaycanda oynamağa cürət etmədiyiniz səhnələri xarici ölkə seriallarında oynayarsınız?

- Əslində mənə belə təkliflər olub. Türkiyənin ən böyük dizi şirkətlərinə müraciət göndərdim. Qısa zamanda onlardan cavab gəldi və məni bəyəndiklərini dedilər. Getdim, qarşımda şərt qoydular ki, gecə və dəniz geyimlərində fotosessiyanız çəkilməlidir. Bunu eşidən kimi təklifə "yox" deyib geri qayıtdım. Sonra isə Türkiyənin ən böyük dizi şirkəti olan “Ay yapım”dan təklif gəldi. Onlar da həmin təklifi etdilər, baxdım ki, mənlik deyil. Təsəvvür edin ki, gecə və dəniz geyimlərində kataloq üçün şəkillər çəkdirməliyəm. Onu bacarsaydım, elə Azərbaycanda edərdim də. Onlar daha çəsarətli geyimlərdə şəkillər istəyirlər. Bizim qarşımızı kəsən belə geyimləri geyinə bilməmiyimizdir.

-Yaşlı aktyor və aktrisalar müsahibələrində gəncləri ittiham edir. Bildirirlər ki, siz gənclər onların sənətini öldürürsünüz, seriallarda az qonarara oynayırsınız. Buna görə sənətdə sözünü deyən aktyorlar kölgədə qalır...

- Seriallar gənc aktrisa və aktyorlara yaşıl işıq yandırıb, sayımız çoxalır. Yaşlı, sözünü demiş korifey aktrisalar da bunu gözü götürmür. Rejissorları qınayırlar ki, “hər yoldan keçəni seriala çəkirsiniz, efirə çıxardırsınız, onları aktrisa kimi cəmiyyətə sırıyırsınız” deyə gəncləri daşqalaq edirlər. Day düşünmürlər ki, onlar da aktrisadır, zəhmət çəkib oxuyublar. Siz 20 ildir səhnədəsiniz, biz 5 il. Bu o demək deyil siz bizi əzməlisiniz? Rejissor onu bəyənməsə, götürməz ki. Seriallarda maddi vəsait çox zəifdi. Hələ buna baxmayaraq, ordan-burdan pul tapırlar. İstəyirlər ki, nəsə boş dayanmasınlar, çəksinlər. Heç kəs içəridə olanlardan xəbərdar deyil. Çətinliklər çoxdur. Hamısı da pula bağlı şeylərdir. Xalq artisti Ramiz Novruz, Rasim Balayev kimi aktyorlarla bir yerdə işləyirəm. Hətta deyirlər ki, “Pərvanə sən rola tez girdin. İllərin aktrisası var ki, sənin kimi oynamır”. Dedim ki, Ramiz müəllim, həmin o aktyor və aktrisalar biz gənclərə mane olur, bizi sıxır və qınayırlar. Harda gəldi, deyirlər ki, “seriallarda çəkilənlər yoldan tutub gətirilənlərdir”. Niyə belə deyirlər? Bu gün cavanları istəyirlər deyə bizi öldürməli deyilsiniz ki. Korifeylərin də öz yeri var. Biz onları görə-görə gəlmişik. Hər bir çıxışından dərs almışıq. Hətta bu gün “Vicdan haqqı” serialında oynayan Kəmalə xanım mənim idealımdır. İstəyərdim ki, onun kimi aktrisa olum. Ömrünü, həyatını sənətə həsr edib. Adam xəstədir, amma yadına səhhəti düşmür. Rolu oynamır ey, yaşayır. Heç bir ssenarini oxumur, amma obrazını yaradır. Bizi sıxan tamami ilə yaşlı aktrisalardır. Çünki onlar dura-dura gəncləri, cavanları rola dəvət edirlər. Bunlar da onu görüb bizi sıxmağa çalışır. Sən illərini bu sənətdə keçirmisən, ortaya nəsə qoya bilməmisənsə, bu, sənin günahındı. Cavanları qınamayın. Ünvanımıza pis də vurğu işlədirlər: “3-5 manata gələnlər”.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description image description image description