“Təklik ac canavar kimi içimi yeyib-dağıdıb” - Kənan Hacı ilə “Virtual söhbət”

“Çox sonralar düşündüm ki, Allah məni bu cür yaradıb”

AzNews.az "Virtual söhbət" layihəsində Kənan Hacı ilə müsahibəni təqdim edir.

- Bir neçə gün əvvəl sosial şəbəkədə sanki ölüm arzulayan bir status yazmışdın. Nə baş verir? Hər şey qaydasındadı?

- Bilirsən, istənilən adamın bezdiyi, yorulduğu anlar olur, bir anlıq belə bir fikir ağlından keçir, sonra ötüşür. Ciddi narahatlığa əsas yoxdur.

- Ümumilikdə həyatından razısanmı? Çünki Facebook-da yazanları şərti olaraq həyatdan şikayət edənlər və etməyənlər qrupuna bölsək, sən daha çox birincilərə aidsən.

- Əslində, insanı yaşadan elə narazılıqdır. İnsan axı hər şeydən razı ola bilməz. Xüsusən də yaradıcı adamlar daha həssasdırlar, hər şeyə tez reaksiya verirlər, kiçik bir diqqətsizlikdən sınırlar, inciyirlər. Bilirsən ki, mənim həyatım çətinliklərlə keçib, amma buna baxmayaraq, həyatımdan çox razıyam. Bezəndə, yorulanda kitabxanamdakı kitablara baxıb, özümü xoşbəxt hesab edirəm.

Bir də şükürlər olsun ki, nəhayət, öz evim var. Dövlətimiz sağ olsun.

- Bəli. Təbrik edirəm. Amma deyəsən hələ də işsizsən.

- Hə, işsizəm. Amma hər gün yazıram. Özüm özümü motivasiya edirəm.

- Bəlkə çox şikayətləndikcə, qara zolaqdan çıxa bilmirsən?

- Sənin sözündə müəyyən qədər həqiqət var. Amma mənim son vaxtlar nədənsə narazılıq etdiyim olmayıb axı. İşsizlikdirsə, heç çox adam bilmir ki, mən işsizəm. Özümə yaxın bildiyim dostlar soruşanda deyirəm ki, işləmirəm. Amma həmişə şükür edən adam olmuşam. Uzun illər mənim ədəbi mühitdə qələm dostlarım evsiz olduğumu bilməyiblər. 8 il xəstəliyimi hamıdan gizlətmişdim. Həyat yoldaşım və bir-iki yaxın qohumdan başqa heç kim bilmirdi. Şikayət edən olsaydım, elə onda hay-küy salardım. İnan, qətiyyən sevmirəm belə şeyləri.

Hər şey qaydasındadır, heç nədən də narazı deyiləm. Heç kimdən də şikayətçi deyiləm. Sadəcə, oturub yazı-pozumla məşğulam.

- Qabaqlar intensiv şəkildə kitab çıxarırdın. Demək olar ki, hər il bir kitabın çıxırdı. Amma son vaxtlar deyəsən fasilə vermisən.

- Üç kitabımı "Qanun" nəşriyyatı çap edib, sonuncu romanı Yaradıcılıq Fondu nəşr etdi. Müşfiq Xan sağ olsun, iki kitabımı çap etdi. İndi yeni kitabım da "Xan" nəşriyyatında çapa hazırlanır. İranda "Fironun dəftəri" çıxmalıdır.

- Yeni kitabın nədən bəhs edir?

- Əsərin adı "Sonuncu dərviş"dir. Bunu bir növ, "Yaddaş kartı"nın davamı kimi yazmışam. Bir neçə povest, hekayələr yazsam da, bu kitabı qabağa saldım. Bu əsərdə təsvir olunan keçmiş elə dərvişanə həyatın sonu deməkdir. Beləcə, "Sonuncu dərviş"in ömür hekayəsi ilə bütöv bir çevrə qapanır. Bu, xanənişin həyatın, bir epoxanın sonudur.

- Necə yəni "Yaddaş kartı"nın davamı kimi yazmısan? Bu da avtobioqrafikdir?

- Burda gerçəkliklə fantaziya bir-birinə qarışıb. "Yaddaş kartı"ndan tamamilə fərqli bir əsərdir.

- Romandır?

- Bəli.

- "Yağ kimi", "Yaddaş kartı", "Fironun dəftəri" və başqa əsərlərin tənqidçilər, oxucular tərəfindən necə qarşılandı? Reaksiyalar səni qane edirmi?

- Ən çox reaksiya doğuran "Fironun dəftəri" oldu. Roman haqda xeyli yazılar yazıldı, indi də Tehranda çap olunur. Özümü də ən çox razı salan bir mətndir. Bir şeyi də deyim, mənim üçün reaksiya heç bir önəm daşımır.

- Niyə?

- Əsas odur ki, mən içimi narahat edən məsələləri yazıb ondan xilas oluram.

- Tənqidçilərin nə yazması önəmli deyil?

- Reaksiyalar necə olacaq, bəyənəcəklər, bəyənməyəcəklər, bu, sonrakı işdir.

- Sənin üçün necə yazmaq da önəmli deyil?

- Necə yazmaq yaradıcılıqda ən vacib məsələdir, əlbəttə. Amma heç bir tənqidçi yazıçının əvəzinə əsər yazmır. Zamanında o qədər tənqid olunan əsərlər olub ki, bu gün də maraqla oxunur. Mən tənqidin rolunu qətiyyən azaltmaq fikrində deyiləm. Tənqid ədəbi prosesə yön vermək üçün deyil, prosesin dinamikasına xidmət edən bir sahədir. Yazıçı tənqidçi ilə razılaşa da bilər, razılaşmaya da. İstənilən halda, tənqidçi əsərə öz meyarlarıyla yanaşır. Yazıçı ilə tənqidçinin mövqeyi heç vaxt üst-üstə düşmür.

- Heç yüksək qiymətləndirdiyin, əsərlərin haqqında gözlədiyin fikri deyən tənqidçilərimiz yoxdur?

- Məsələn, mənim şeirlərim haqqında Əsəd Cahangir, Vaqif Yusifli, Səlim Babullaoğlu kimi tanınan simalar təqdiredici yazılar yazıblar. Ülvi Babasoy "Fironun dəftəri" haqqında yazmışdı. Mətanət Vahid yazmışdı. Bunları xatırlayıram. "Fironun dəftəri"ni Sabir Rüstəmxanlı bəyənmişdi, dedi fikirlərimi yazacam.

- Bayaq dedin ki, sənin üçün əsas olan, içini narahat edən məsələləri yazıb, ondan xilas olmaqdır. Ona görə də bəzi əsərlərində sanki eyni mövzuya iki dəfə qayıtmısan? Yoxsa bunun başqa səbəbi var?

- Eyni mövzuya bircə "Rəqqasə" romanında qayıtmışam. Çünki onun ilkin variantı məni qane etmədi, yenidən işlədim, vəssalam. Başqa mətnlərin hər biri ayrı-ayrı mövzulardır. Məsələn, "Yağ kimi" tamam fərqli üslubda, tragikomik üslubda yazılıb. Özünü realizə edə bilməyən uğursuz şairin kədərli həyat hekayətidir. "Rəqqasə" tamam başqa mövzudur, "Fironun dəftəri" isə tamam başqa məsələlərdən bəhs edir. Məşhur bir söz var, yazıçı əslində bütün ömrü boyu bir əsəri yazır əslində. Məsələn, "Yeraltı külək" povestim var. "Ədəbiyyat qəzeti"ndə də dərc olunub. O povestdə bir başqa taleli insanların həyatı təsvir olunur.

- Bir yazıçı kimi, səni ağrıdan mövzular nədir?

- Yazmaq ağrıdan xilas olmaqdır. İnsanın içində kök salmış o ağrıyla yaşamaq çox çətindir, yazanda ağrılar yüngülləşir. Mənim uşaqlığım zahirən çox rahat, asudə keçsə də, əslində çox ağır psixoloji travmalardan keçmişəm. Bu travmalar qəlpə kimi hələ də canımda qalır, yaddaşda bir yükə çevrilir. Yəqin yazılarımda sən o ağrının mənbəyini hiss etmisən. Təklik uzun illər boyu ac canavar kimi mənim içimi yeyib-dağıdıb. Mən ailə qurandan sonra yalquzaq həyatından bir az uzaqlaşdım. Olduqca adamayovuşmaz, introvert bir tip olmuşam. Yaradıcılıqda mən bu ağrıları əks etdirməyə çalışmışam.

- Ona görə sənin baş qəhrəmanların özünəqapalı, sakit olurlar, cəmiyyətdən qaçırlar...

- Hə, düzgün müşahidədir. Mən ömür boyu bu təkliklə mübarizə aparmışam. Tanrının yaratdığı bu insan tipini dəyişdirmək istəmişəm. Amma çox sonralar düşündüm ki, Allah məni bu cür yaradıb. Heç nəyi dəyişmək mümkün deyil.

- Taleyinlə barışmısan...

- Barışmaq deyəndə ki, artıq bu, taledir də. Amma gəncliyimlə müqayisədə xarakterimdə çox dəyişiklik olub.

- Təklik müəyyən yaşdan sonra yazıçının yol yoldaşıdır.

- Yaradıcılıq nöqteyi-nəzərindən elədir. Amma tənhalıq, içində səhra kimi böyüyəndə yaşamaq çətinləşir. Mən bundan xilas olmağa çalışmışam. Sözsüz, indi mən tək deyiləm, amma o əbədi tənhalıq ki, var, bilirəm ki, o, məni heç vaxt tərk etməyəcək.

- Kənan, səncə, yazıçı kimi hansı əsərin daha bitkin və mükəmməldir?

- "Fironun dəftəri". Amma çox adam deyir ki, "Yağ kimi" əla alınıb. Hətta "Rəqqasə"ni də çox bəyənənlər var.

- Mənim tanıdığım Kənan Hacı hələ şəxsən mənim gözləntilərimi doğruldacaq əsər yazmayıb. O istedad, o dil, o mütaliə ki səndə var, sən gərək indiyə olduqca ciddi bir nəsr nümunəsi yaradaydın.

- Bilirsən, yazıçı mütləq sağlam olmalıdır. Mən uzun müddətdir ki, bir romanın ideyası haqda düşünürəm, amma səhhətim imkan vermir ki, onu bitirim. Azərbaycan nəsrində heç vaxt işlənməyən bir mövzudur, bəzi hissələri yazılsa da, səhhətim tez-tez dəyişir. İki gündür evə “təcili yardım” gəlib-gedir, təzyiq məni əldən salır, hətta "panik-atak" əmələ gəlib məndə. Ona görə kompüter arxasında çox otura bilmirəm. Mümkün qədər ədəbi esselər yazıram, arada tərcümə edirəm. Amma o əsəri yazmaq üçün mənə ən azı, 2-3 il vaxt lazımdır.

- Onda oxucular səndən sanballı bir roman gözləyə bilər?

- Sağlıq olsun.

- Yazı rejimin necədi?

- Əsasən, gecələr yazıram. Demək olar ki, hər gün nəsə yazıram. Məni ayaqda saxlayan da elə yazmaqdır.

- Yolunu, üslubunu bəyəndiyin, doğma hesab etdiyin yazıçılar kimlərdir?

- Markes mənim sevdiyim yazıçı olub həmişə. Tolstoy, Nabokov, Orxan Pamuk. Bu yazıçıları həmişə oxuyuram və zövq alıram.

- Bir dəfə hardansa gəlirdik, qabağımıza kitab dükanı çıxdı. Çoxdan axtardığın bir kitabı gördün. Cibinin son pulunu çıxarıb o kitaba verdin. Ondan bilirəm ki, sözün həqiqi mənasında cibinin son pulunu da kitaba xərcləyən adamlardansan. Yenə də əvvəlki kim intensiv mütaliə ilə məşğulsan?

- Hə, xatırlayıram. Həmişə belə olmuşam. 2 ilə yaxındır işsizəm, amma qəzetlərdən aldığım cüzi qonorardan hər ay 20-30 manat kitaba ayırıram. Bunu kimə desən adama dəli kimi baxar ki, evində problemlər aşıb-daşır, sənin əlinə ayda heç 100 manat gəlmir, sən bu pulun yarısını kitaba verirsən? Mən də belə adamam da. Ola bilər ki, bir gün, iki gün nəsə yazmayım, amma hər gün oxuyuram, filmlərə baxıram. Təzə çıxan kitablardan imkan daxilində əldə etməyə çalışıram.

- Heç bir təqdimatdan da qalmırsan. Çağırıldığın bütün təqdimatlara gedirsən. Bezmirsən?

- Son vaxtlar kitab təqdimatlarından dəhşətli dərəcədə bezmişəm. Amma yaxın dostların təqdimatına mütləq getmək lazımdır. Heç olmasa, özümüz kitaba dəstək olmalıyıq. Qələm dostlarımızı tək qoymaq olmaz.

- Ədəbi mühitdə gedən proseslər səni qane edir?

- Proses hiss olunmur. Əvvəlki qaynarlıq yoxdur. Təqdimatlar olur, bitir, vəssalam. Yeni yaranan əsərlərin müzakirəsi keçirilmir. Hörmətli tənqidçimiz Elnarə Akimova sağ olsun, yeni əsərlər haqda silsilə yazılar yazır. Cavanşir Yusifli yazır, Əsəd Cahangir yazır. Amma bütövlükdə dinamika yoxdur. Canlı diskussiyalara ehtiyac var. "Ədəbiyyat qəzeti"ndə polemik yazılar gedir, diskussiyalar keçirilir. Fərid Hüseyn Artkaspi.az-da bunu edir. Bu, çox yaxşıdır. Amma daha geniş anlamda ədəbi mühit sönük görünür.

- Bu qədər əsər yazılır, əksəriyyətini də oxuyursan. Səncə, ədəbiyyatmzıın gələcəyi barədə nikbin ola bilərik, yoxsa?

- Əlbəttə. Nikbin olmağa daha çox əsas var. Yazarlarımızda sanki bir müdrikləşmə, peşəkarlıq artıb. Daha bitkin əsərlər ortaya çıxır. Məsələn, Sərdar Aminin "Su sərgisi" romanını oxudum, heyrətə gəldim. Mükəmməl mətndir. Azər Qismətin "Çuğullar"ı məni qane etdi. Əvvəlki tələskənlik yoxdur, mətnə daha çox məsuliyyətlə yanaşırlar. Sahilə İbrahimovanın "Çevriliş" romanı əladır, mən bu yaxınlarda oxudum. İndi yeni bir romanı da nəşr olunub. Çox ciddi imzalar var. Şərif Ağayarın "Ağ göl"ü tamam başqa bir aləmdir. Bundan sonra necə nikbin olmayasan? Mübariz Örən kimi istedadlı yazıçımız var. Onun "Ağ buludlar"ı bitkin mətndir. Yazı da yazmışdım o əsər haqqında.

- Onda belə çıxır əsər var, amma oxucu yoxdu? Problemin kökü də budur?

- Oxucu olmayan bir mühitdə bu qədər möhtəşəm əsərlər yazılır. Yazıçı kitabından bir qəpik qonorar almır. Bu, fədakarlıqdan da o tərəfədir. Yazıçı beyninin məhsuluna görə qonorar almalıdır. Bütün dünyada belədir. Bizdə kitab sənayesi hələ indi-indi yaranmağa başlayır. Ümid edək ki, yaxın illərdə vəziyyət yaxşılığa doğru dəyişəcək.

Mirmehdi
AzNews.az