Müsəlman müsəlmanı qırır, Qərb də bundan zövq alır - Anar İsgəndərov

"Çünki bu işi başladan Qərbdir".

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan insanlarla “Yaxın plan” layihəsi altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz tarix elmləri doktoru, professor Anar İsgəndərovdur.

- Anar bəy, bildiyiniz kimi Gürcüstanda erməni cəlladı Mixail Avaqyana büst qoyulub. Dost bildiyimiz ölkənin bunu etməsinə necə baxırsınız?

- Siyasətdə dost-düşmən ifadəsi yoxdur. Siyasətdə maraqlar var. Tarix boyu bizim uğurlarımıza həmişə şübhə ilə yanaşan dövlətlərdən biri də Gürcüstan olub. Hətta 1918-20-ci illərdə də ermənilərlə 7.8 min kvadrat kilometr, gürcülərlə isə 8.7 min kvadrat kilometr mübahisəli ərazi var idi. Gürcülərin düşüncəsinə görə bu gün də Şamaxıya qədər torpaqlar onlarındır. Yəni tarixi biləndən sonra bu büstün qoyulması təəccüb doğurmur. Tarix boyu biz gürcülərə ən çətin məqamda yetişmişik, əlimizdən gələni etmişik. Amma Gəncə zəlzələsi vaxtı nə oldu? Şəhər dağılıb, xaraba qalıb, gürcülər də gəlib yüzlərlə qız-gəlini əsir apardı. Gürcünün sifəti budur. Yenə deyirəm, tarix və dövlət. Dövlətin dövlətə məhəbbəti olmur. Dövlət üçün bir maraq var, o da siyasətdir. Təbii ki, 20-ci əsrin sonları 21-ci əsrin əvvəllərində Gürcüstan üçün ağır vəziyyət yarananda tarix boyu Azərbaycan xalqı ənənəvi hərəkətini etdi. Ən çətin məqamda gürcü xalqına və dövlətinə əlini uzatdı. Ancaq bunun müqabilində onlardan bizə sadiq qalmalarını gözləmək sadəlövhlük olardı. Elə şey yoxdur, heç ola da bilməz. Bu gün Gürcüstan elə fikirləşir ki, o, Cənubi Qafqaz üçün Avropaya pəncərədir. Mən tarix boyu qonşu xalqlar olan azərbaycanlıların gürcülərə, gürcülərin azərbaycanlılara münasibətini bilən adamam. Nəriman Nərimanov yazır: "Min illər boyu ermənilərlə bizim aramızda olan qan düşmənçiliyinə baxmayaraq biz onlarla, onlar da bizlə məişət birliyi qura bildik. Amma təəssüflər olsun ki, gürcülər bu birliyi bizlə qurmadılar".

- Tarixə nəzər salsaq, görərik ki, ermənilər zaman-zaman Gürcüstan ərazisinə iddialar ediblər. Bəs gürcülər bunu niyə unudur?

- Gürcü unutmur. Bu gün siyasət tələb edir ki, guya onu yaddan çıxardır. Siyasətdə maraq xatırlanır. Bu gün marağı varsa, əmin olun ki, o gürcü erməni ilə qardaşdan da qardaş olacaq. Ancaq sabah Ermənistan iddia qaldırar ki, Gürcüstan ərazisində erməni muxtariyyəti elan olunsun. O zaman 1918-ci ilin dekabrındakı kimi müharibə gedər. Çünki 1918-ci ilin ən böyük müharibəsi Ermənistanla Gürcüstan arasında baş verib. Amma bir daha təkrar edirəm, dövlətin dövlətə məhəbbəti olmur. Məhəbbət atadan övlada, bacıdan qardaşa olur. Dövlətin dövlətə həmişə marağı olur. Bu gün maraqları üst-üstə düşür ,çox yaxın olurlar, sabah üst-üstə düşməyəndə düşmən olurlar. Bu günki tarix üçün bir tərəfdən Rusiya Federasiyasını və Türkiyə Cümhuriyyətini misal götürək. Bu gün niyə o iki dövlət yaxındır? Tarix boyu kifayət qədər rus-osmanlı müharibəsi olub. Krım müharibəsini çıxmaq şərtilə bu müharibələrin hər birində Rusiya qalib gəlib və Osmanlının torpağını əlindən alıb. Amma bu gün onların heç biri xatırlanmır. Xatırlanan odur ki, bu gün dünya siyasətində Rusiyadır və Türkiyə Cümhuriyyəti ilə yaxın olmalıdır ki, öz maraqlarını təmin edə bilsin. Amma tarixdə Osmanlıdan ən çox torpaq qopardan Rusiya olub.

- Ümumiyyətlə tarixdə azərbaycanlılara qarşı bu cür cəlladlıq edən çox erməni var. Onların siyahısının tərtib olunub ölkələrə verilməsi bu cür halların qarşısını hardasa ala bilərmi?

- Bilirsiniz, mən bunu səmimi deyirəm, dünyanın yeganə xalqıyıq ki, heç kimin torpağında gözümüz yoxdur. Heç kimi də özümüzə düşmən saya bilmirik. Yarım saatdan sonra yaddan çıxarırıq. Əslində ərəb dilindən Azərbaycan dilinə "insan" sözünün təqribi mənası "yaddan çıxarmaq" deməkdir. Biz o unutqanların başında gedirik. İnsan unudanda ona olan müsibəti, qəddarlığı da yaddan çıxarır. Biz heç bir zaman ermənini özümüzə düşmən saya bilmirik. Əgər onu yaddan çıxara bilməsəydik, 1905-1906-cı illərdə "erməni bizdən nə istəyir?" sualına cavab tapsaydıq, 1918-20-ci illərin o boyda müsibəti olmayacaqdı. Həmin illərdə "erməni bizə o boyda qətliamı niyə törətdi?" sualına cavab tapsaydıq, onda 80-ci illərin sonu 90-cı illərin əvvələrində Azərbaycan bu qədər torpaq itirməzdi, bu qədər qaçqın olmazdı. Bunun obyektiv səbəbi budur ki, bizim xalq olaraq heç kimin torpağında gözümüz yoxdur, bu ,müsbət haldır. Amma başımıza gətirilən müsibətləri də tez yaddan çıxarırıq. Həm də dünyada fizioloji fərdi təfəkkürə sahib olan insanların faciələri çox olur. İnsan nə zaman ki, tarixi təfəkkürə sahib olur, o tarixi dərk edib heç nəyi unutmur, həmişə düşmənlə bağlı fikirlərini beynində toplayır, təkrar hadisə baş verəndə deyir, bəli, 100 il bundan qabaq bu düşmən bunu edib, hazır olmalıyam.

- Ermənistandan söz düşmüşkən, bilirsiniz ki, siyasi məhbus Mger Yegiazaryan aclıqdan ölüb. Bununla bağlı heç bir bəyanat səsləndirməyən Avropa Şurası və digər beynəlxalq təşkilatlar niyə Mehman Hüseynov məsələsini məqsədyönlü şəkildə şişirdir?

- Tarix boyu bizi heç bir avropalı istəməyib. 20-ci əsrin əvvəllərində Qərb düşüncəsində həmişə Cənubi Qafqazda iki xalq düşünülüb. Ermənistan və Gürcüstan dövləti. Qərb heç bir zaman bizimlə bağlı düşüncəyə sahib olmayıb. 1919-cu ildə də Paris sülh konfransında Azərbaycanın nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov ABŞ prezidenti Vudro Vilsonla görüşəndə ABŞ prezidenti ondan soruşur, "Kartli Kaxetiya İmereti Georgiya bu məlumdur. Bəs bu Azərbaycan hardan çıxdı?". Cənubi Qafqazda əhalisinin, ərazisinin böyük olmasına baxmayaraq qərb, xristian düşüncəsində bir müsəlman, islam Azərbaycanı yoxdur. Amma Allaha min şükür bizə imkan verib ki, biz onu yaradaq, bu gün də var olaq.

- Qeyd etdiniz ki, Qərb düşüncəsində Azərbaycan yoxdur. Nə üçün bu, belədir?

- Bunun səbəbləri artıq başqa şeylərdir. Onun cavabları bu çıxış üçün deyil. Yenə deyirəm, görürsən ki, gürcü, erməni haqqında ağız dolusu danışırlar, bizə gələndə gah türk, gah müsəlman, gah dağıstanlı, gah tatar deyilir. Bu xalqın tarixdə yaratdıqlarını Qərb düşüncəsi heç vaxt qəbul etməyib. Qərbliyə deyəndə ki, 1919-cu ilin iyulunda seçkilərdə qadın və kişi bərabərliyini təsdiq etdik. Sənin üzünə təəccüblə baxır ki, necə ola bilər? Mən az qala 2-ci dünya müharibəsindən sonra bu qanunu qəbul etmişəm, sən şərqli müsəlman 19-cu ildə bunu qəbul etdin. O saralmış arxiv kağızını onun gözünə soxandan sonra hələ yenə təəccüblə baxır, amma altına baxanda "1919-cu il, iyul" yazısını görəndə artıq inanır. Amma yenə deyirəm, avropalı həmişə elə düşünür ki, şərqlidirsə, müsəlmandırsa, İslam dəyərlərinin sahibidirsə, onun uğurları ola bilməz. Bizim faciəmiz də budur. Digər faciəmiz də İslam Türk-Müsəlman birliyini yaratmaqdan aciz olmağımızdır. Biz 1904-cü ildə "Məhəmməd Hümməti" təşkilatını yaratdıq. Elə təşkilat olaraq da qaldı. Bu gün də İslam dünyasının ən böyük faciəsi müsəlmanın müsəlmanı qırmasıdır. Hər ikisi Allahın adından istifadə edərək bir-birini qırır. Qərb də bundan zövq alır, çünki bu işi başladan Qərbdir.

Pərvanə Ağazadə

AzNews.az