“Sürücülük vəsiqəsində “qadın” və ya “kişi” sözü yoxdur” “Sürücülük vəsiqəsində “qadın” və ya “kişi” sözü yoxdur”
  • Hadisə
  • 26 Fevral 2019 16:14
  •  13 054

Qadın sürücülər yetişdirən məktəbin rəhbəri ilə - “30 Altı” layihəsində

“Sürücülük vəsiqəsində “qadın” və ya “kişi” sözü yoxdur”

AzNews.az-ın “30 Altı” layihəsinin bu həftəki müsahibi “Step" - qadınlar üçün sürücülük məktəbinin rəhbəri Sahil Quliyevdir.

Özü haqqında: “Sahil Quliyev, 1986-cı ildə Şuşa şəhərində anadan olmuşam. 1992-ci ildə Qarabağ hadisələrindən sonra ailəmlə birlikdə Bakıya köçməli olduq. Orta məktəbi Nərimanovda 177 saylı orta məktəbdə bitirmişəm. 9-cu sinifdə məktəbdən çıxıb, elə həmin rayonda yerləşən kompyuter-liseyinin proqramist-elektromexanik ixtisasını qırmızı diplomla bitirmişəm. Həmin dövrdə maddi durumumuz yaxşı olmadığı üçün İqtisad universitetinə daxil olsam da təhsilimi davam etdirə bilməmişəm. Sonra isə Qafqaz Universitetinə daxil oldum və yenə eyni səbəbdən təhsil ala bilmədim. 8 yaşımdan atamı itirdiyim üçün özümə kiçik biznes qurmağa çalışdım. Daha sonra bu biznesləri böyük biznesə çevirdim. 13 ildir xanımlar üçün, Azərbaycanda ilk olan, həm avto-təlim, həm nəzəriyyə dərslərini öyrədən sürücülük kursu açmışam”.

- Necə oldu ki, bu şirkəti yaratmaq qərarına gəldiniz?

- 2005-ci ildə mən Gənclikdəki “Azpetrol”un direktoru işləyirdim. Dostlarımla oturub söhbət edirdim. Həmin ərazidən köhnə, “05” markalı bir maşında bir qadın sürücü keçdi (həmin anda xanımın mimikalarını görsəydiniz). Çox fərqli aura ilə, illərin sürücüsü kimi döndü getdi. Mən orda zarafatyana dedim ki, bir gün qadınlar üçün sürücülük kursu açacam və ölkənin bütün qadınlarına bu qadının avtomobildən aldığı zövqü yaşatmağa çalışacam. Elə 2005-ci ildən rəsmi sənədləri hazırlamağa başladım və artıq 13 ildir ki, qadınlar üçün sürücülük məktəbi fəaliyyət göstərir. Bu 13 ildə minlərlə xanıma dərs demişəm, minlərlə xanımın sürücülük arzusu bizim vasitəmizlə gerçəkləşib.

- Məktəbinizdə qadın sürücülərin hazırlaşdırılması zərif cinsin nümayəndələrinə qarşı sevginizdən irəli gəlir, yoxsa, bunun başqa səbəbi var?

- Məktəbimizdə yalnız qadın sürücülərin olmasının başlıca səbəbi, təbii ki, cəmiyyətimizin mükəmməl gələcəyi üçündür. Mən də düşünürəm ki, qadınlarımız bu sahədə yüksək elmə, ixtisasa sahib olmalıdırlar. Gələcək nəsil analarını, qadınlarını peşəkar sürücü kimi gördükdə, artıq onlar da bir növ dırnaqarası, keçmiş adət-ənənə sürücüləri kimi yox, daha bacarıqlı, daha məsuliyyətli sürücü kimi fəaliyyət göstərəcəklər. Əsas məqsədim qadın sürücülərin həm özlərinə, həm də cəmiyyətə faydasıından ibarətdir. Məsələn, bir kişi sürücü sırf özü üçün avtomobil idarə edir, qadın sürücülər isə kənara da nümunə ola bilirlər. Bu səbəbdən qadınlar üçün sürücülük məktəbi açdım və çox şükür ki, bunun bəhrəsini illərdir görürəm.

- Deyirlər ki, qadınlar maşın sürə bilmir, sükan arxasında ən çox təhlükə yaradanlar qadınlardır. Buna münasibətiniz nədir?

- Sükan arxasında əyləşənin qadın və ya kişi olduğunun heç bir önəmi yoxdur. Sürücü əgər vicdanlıdırsa, diqqətlidirsə, insani duyğuları yetərlidirsə digərlərinin həyatını risqə atnmaz və tam öyrənmədən sükana əyləşməz. Belə deyənlər əsasən kişilərdir. Bu kişilər öz tanıdıqları qadınları öyrətdiklərinə görə, həmin halda bu qərara gəlirlər ki, əşi, bundan sürücü çıxmaz. Təbii ki, öyrənmə prossesində hər kəs eyni problemlə üzləşə bilər. Məncə, belə demək düzgün deyil. Çünki mən yüzlərlə qadın sürücü tanıyıram ki, kişilərdən qat-qat yaxşı maşın sürülər. İllər ərazində az xanım sürücü görməmişəm. Bir məsələdə razıyam ki, qadın sürücülər daha emosional olurlar. Məsələn, müəyyən periodik səhhət dəyişkənliyi ilə əlaqədar xanımlar daha həssas olurlar. Ümumiyyətlə, xanım sürücüləri tənqid etməyin əsas səbəblərində biri də onların sayının az olmasıdır. Qadın sürücü azdır deyə, onlar haqqında belə danışılır. Xanım sürücü olmaq ayrıcalıqdır, böyük və şərəfli addır. Çünki sən öz həyatını, digər insanların həyatını düşünməli və ani qərarlar verməli olursan. Onlar qərar verib, bu işin üzərinə düşürlərsə, kişilərdən fərqli olaraq daha məsuliyyətli olurlar.

- Tələbələrinizdən taksi sürücüsü kimi fəaliyyət göstərənlər var?

- Taksi sürücüsü kimi fəaliyyət göstərən bir neçə tələbəm olub. Amma hazırda onların xidmətlərindən insanların razı olub-olmaması haqda məlumatım yoxdur. Çünki taksi sürmək asan bir şey deyil, çox məsuliyyət tələb edən bir işdir. Bir var, təkcə öz ailənin məsuliyyətini daşıyasan, bir də var, müxtəlif tərbiyədə, psixologiyada olan insanların.

- Hazırlaşdırma üsullarınızdan danışmağınızı istəyərdik. Dərsləri maraqlı etmək üçün hansı üsullardan istifadə edirsiniz?

- Metodikamın ən başlıca üstünlüklərindən biri, qadın psixologiyasını anlamağımdır və qadın psixologiyasına uyğun olaraq metodika tərtib etməyim, xanımlara individual yanaşmağımdır. Bunları saymaqla bitmir, hər kəsə bir cür yanaşma tərzi olmalıdır. İnsan var ki, aqressivdir, eləsi var ki, daha mülayimdir, bəzisi öyrənməyə meyillidir, bəziləri ailəsinin təkidi ilə gəlir. Bu, tamamilə həmin insanın vəziyyətindən asılıdır. Həmin o metodiki yanaşma insanı tanıyandan sonra müəyyənləşir. Təbii ki, dərslərimizə əyləncə qatmağa çalışırıq. Nizam-intizam da öz yerində.

- Olubmu ki, tələbələrinizdən sürücülük vəsiqəsi ala bilməyən olsun?

-Sürücülük vəsiqəsini ala bilməyən tələbəm olub. Bunun bir neçə səbəbi var. Birincisi, xanımların məsuliyyətsiz yanaşma məsələsidir. Bəzilərini qınamaq istəməzdim, amma əksəriyyəti həqiqətən də çox çalışqan olur. 10 nəfərdən biri və ya ikisi məsuliyyətsiz yanaşa bilir. Ondan əlavə, imtahanlar arasındakı tarix baxımından problemlər yaranır. İmtahandan kəsilən bəzi tələbələrdə “imtahan fobiyası” da olur. Bu özgüvən məsələsindən də irəli gəlir. Onu da qeyd edim ki, imtahanı keçməyənə qədər biz tələbədən əl çəkmirik, səmimi deyim. İmtahana müraciət etdiyi vaxtda ona yeni, əlavə tapşırıqlar veririk, çətin məqamların izahını bir da başa salırıq. Bizim şirkətin əsas məqsədi tələbələrinin imtahanı keçməsidir.

- Yəqin ki, praktik dərsləriniz də olur. Nə vaxtsa, təcrübə maşınlarınıza tələbələriniz tərəfindən ziyan dəyib, qəza halları baş verib?

- Praktiki məşğələlər zamanı digər sürücülərlə əlaqədar qəza şəraiti yaranır. Yollarda anidən qarşımıza maşın, piyada çıxan vaxtlar olub. Ancaq biz bu halları öncədən, bir neçə saniyə əvvəl beynimizdə düşündüyümüz üçün qarşısını almış oluruq. Bu illər ərzində heç bir qəza halı yaşanmayıb.

Bir dəfə işıqforda dayandığımız halda, bizdən arxadakı nəqliyyat vaitəsini yüngül vurmuşdular, o da gəldi bizim maşına dəydi.

Amma qadın təlimçilərimdən ağır qəzalar keçirənləri olub. Biz onları kursumuzdan kənarlaşdırmışıq. Təəssüf ki, digər sürücülük kursları onların qadın sürücü olduqlarından “faydalanmaq” istəyiblər.

Təlimçi hər şeyi öncədən görməlidir, tələbənin nə edəcəyini, hansı halda qorxub dona biləcəyini, kənar insanların yola nə vaxt çıxa biləcəyini hiss etməlidir və ani reaksiya verməlidir.

Son söz olaraq onu demək istəyirəm ki, sürücülük vəsiqəsində qadın və ya kişi sözü yazılmayıb. Sürücülük vəsiqəsində vətəndaşın soyadı, adı, ata adı və digər məlumatlar yazılıb. Ona görə də istər kişi, istər qadın olsun, avtomobili idarə edərkən (sürmək asan bir şeydir, idarə etmək, yəni, məntiqli, şüurlu, düşüncəli şəkildə) sürücü artıq bütün məsuliyyəti dərk etməlidir. Əgər bu halları nəzərə alarsa, yollarda qəza şəraiti yaranmaz”.

Səidə Nurməmmədli
AzNews.az

image description image description image description image description image description image description