Pakistanla Hindistan arasında müharibə başlaya bilərmi? - Fərhad Mehdiyevlə "Yaxın Plan"da

Böyük güclər heç vaxt bu iki dövlətə müharibə etmək ixtiyarını verməzlər.

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan insanlarla “Yaxın plan” layihəsi altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz politoloq Fərhad Mehdiyevdir.

- Fərhad bəy, bildiyiniz kimi, hazırda dünyanın bir bölgəsində də müharibə ocağı yaranmaq üzrədir. Belə ki, Pakistanla Hindistan arasındakı münasibətlər pik həddə çatıb. Fikrinizcə, bu ölkələr arasında yeni müharibə başlaya bilərmi?

- Hindistana aid hərbi hava qüvvələri bombardman həyata keçirmişdilər. Pakistanın da hava hücumuna qarşı müdafiə qüvvələri iki təyyarəni vurduqlarını elan ediblər. Bununla bağlı ciddi hadisələrin olacağını güman etmirəm.

- Niyə belə düşünürsünüz?

- İlk növbədə ciddi, uzun müddət çəkən müharibəni hazırlıq görmədən etmirlər. Bunu nə Hindistan, nə də Pakistan edər. İkinci səbəb də budur ki, hər iki dövlətin əlində nüvə silahı var. Bunu yaddan çıxarmaq olmaz. Nüvə silahının olması hər iki dövlət baxımından bir çəkindirmə vasitəsidir. Üstəlik digər dövlətlər baxımından da bu, belədir. Böyük güclər heç vaxt bu iki dövlətə müharibə etmək ixtiyarını verməzlər. Bu kimi hadisələr Hindistan-Pakistan arasında əvvəllər də olub, bundan sonra da olacaq. Çünki onlar arxalarına birisini almadan müharibəyə girişməyəcəklər. Kimsə bunlara deməlidir ki, hə, müharibəyə giriş, mən sənin arxandayam. Müharibələr belə aparılır, unutmayın.

- Qeyd etdiyiniz kimi bir neçə gün öncə hər iki tərəfin qırıcıları vurulub. Fikrinizcə, bu, təsadüfi hadisə idi yoxsa, 3-cü bir ölkə onları müharibəyə təhrik edir?

- Buna heç kim getməz, getməyəcək də. Çin düz onların yanındadır. Öz nüfuzunu nəzərə alsaq, ərazisində müharibə təhlükəsinin olması Çin üçün faciə deməkdir. Çində ekoloji vəziyyətin nə yerdə olduğu da bəllidir. İkincisi də təbii ki, Rusiyanı bu vəziyyət qane etmir. Çünki bunların arasında iri çaplı müharibə nüvə silahının tətbiqinə gətirib çıxara bilər. Bu səbəbdən dolayı mən ciddi müharibə və müharibəyə təhrik riskini çox aşağı görürəm.

- Mediadan da bəllidir ki, Pakistanın baş naziri İmran Xan Ərdoğana, Hindistanın baş naziri Narendra Modi isə Rusiya prezidenti Putinə zəng edib. Ola bilər ki, hər iki ölkə müharibənin başlamasından qorxuya düşərək super gücləri hərəkətə keçirməyə çalışır?

- Yox. Birləşmiş Millətlərin Təhlükəsizlik Şurası var. Onların arasında insident bir az da böyüsə, Təhlükəsizlik Şurası dərhal məsələni gündəmə çıxaracaq. İndiyə kimi bunun niyə olmadığı məni düşündürür. Əslində, onlar da elə mənim kimi düşünür ki, bunların arasındakı insident daha da dərinləşməyəcək. Yoxsa, Təhlükəsizlik Şurası çoxdan məsələni gündəmə gətirib dəyərləndirmişdi. Amma görürsünüz ki, belə şeylərə əl atılmayıb. Demək Şuranın üzvləri də bu iki dövlət arasında müharibə ehtimalını çox da ciddi görmürlər.

Ərdoğan bu müharibədə hər hansı təsir etmə imkanına malik deyil. Çünki Türkiyənin hərbi sənayesi Pakistana ciddi dəstək verə biləcək sənaye deyil. Pakistanın hərbi sənayesinin vəziyyəti Türkiyənin hərbi sənayesindən heç də pis deyil. Zəng etməsi bizə onu deməyə əsas vermir ki, Pakistan özü üçün ittifaq qurmağa çalışır. Adətən müharibə etməyə niyyətli olan dövlət müəyyən ölkələrlə ittifaq qurur. Əvvəllər çox yayğın olsa da, məhz bu müharibə ehtimallarının qarşısını almaq üçün gizli müqavilə 1961-ci il tarixli Vyana konvensiyasında qətiyyən qadağan olundu. Dövlətlər gizli sövdələşmələrə gedərək, kiməsə söykənərək müharibə etməyə cəhd etməsinlər. Pakistan müharibəyə getmək üçün böyük qüvvəyə arxalanmalıdır. Bu da ya Çin, ya da ABŞ olmalıdır.

- Bəllidir ki, Kəşmir bölgəsinə görə bu ölkələr arasındakı münasibətlər heç də ürək açan olmayıb. Uzun illərdir ki, tərəflər bir-birlərini ittiham ediblər. Hətta hərbi silahlardan da atəş açıblar. Ola bilər ki, 3-cü dünya müharibəsi məhz bu ölkələr arasında baş versin?

- Hazırda belə olacağını düşünmürəm. Bilirsiniz necədir? Dünya müharibələrinin zamanı bir az keçib. Çünki insanlıq üçün çox böyük faciə olub. Onlar bunu yaxşı başa düşürlər. Dünya müharibəsinə gedə biləcək böyük dövlət Rusiyadır. Rusiya da bunu öz ərazisində tətbiq etməyəcək. Amma digər dövlətlər sizi əmin edirəm ki, buna ciddi yanaşmayacaqlar. Rusiya da tək başına dünya müharibəsi yaradacaq qüvvə deyil axı. Elə bir şey olsaydı, Krımın işğalında olardı. Krımın işğalında da biz bunu görmədik. Avropanın ortasıdır, deyə bilərsiniz, Rusiya Avropada hər hansı isti münaqişənin olmasının tərəfdarı deyil. Hər halda bunun dünya müharibəsinə dönəcəyini düşünmürəm.

- Pakistan Azərbaycanın hərbi müttəfiqi olduğundan rəsmi Bakı heç vaxt istəməz ki, ona dost olan bir ölkədə müharibə başlasın. Bir tərəfdən Azərbaycanın Hindistanla əlaqələri heç də pis qurulmayıb...

- Belə baxanda bizim Pakistanla əlaqələrimiz daha yaxşıdır. Bir də Azərbaycan öz xarici siyasətini bəzən Rusiyaya, bəzən də Türkiyəyə baxaraq qurmağa çalışır. Fikrimcə, Azərbaycan bu məsələdə tərəfsiz qalmalıdır. Əgər bir gün BMT-nin Ümumi Assambleyası Kəşmir vilayətinin kimə aid olması ilə bağlı səsvermə keçirsə, Azərbaycan belə halda Pakistanın tərəfini tutacaq. Amma müharibənin dayandırılması kimi məsələlərdə Azərbaycanın mövqeyi əhəmiyyət kəsb etmir. Çünki Təhlükəsizlik Şurasının üzvü belə deyil. Əslində Pakistanla yaxın olsaq da, Rusiya Hindistanın tərəfində olduğundan tərəfsiz qalacaq.

Pərvanə Ağazadə

AzNews.az