Məndən kimsə gündəm mahnıları istəyəndə yazmıram. Məndən kimsə gündəm mahnıları istəyəndə yazmıram.
  • Hadisə
  • 16 Mart 2019 10:54
  •  8 992

Şair musiqi sözü yazaraq, kitab sataraq dolana bilməz - Leyla Mətin

Məndən kimsə gündəm mahnıları istəyəndə yazmıram.

AzNews.az-ın “Dali yığıncağı” layihəsinin ilk qonağı nəğməkar şair Leyla Mətindir.

- Leyla xanım, ədəbiyyata ilk addımlarınız necə olub?

- Sonradan şair olunmur, şair doğulur. Mən həyatı dərk edəndən artıq kiçik şeirlər yazırdım. Belə deyim, evdə hər kəslə şeirlə danışırdım. Amma elə də önəm vermirdilər. Şeirləri musiqiylə oxuyurdum. Məktəb yaşlarında da yazılarımı bir müddətə qədər gizlətmişəm. Son siniflərdə artıq yaxınlarım, müəllimlərim xəbərdar olmuşdular. Hər kəs bəyənirdi. Hər kəs də "şeirlərin musiqilidir" deyirdi. Bu yolda davam edəcəyimi, uğurlarımın olacağını düşünmürdüm. Tale elə gətirdi ki, ailə qurdum, İsmayıllıdan Bakıya köçdük. 10 il mən heç nə yazmadım. Amma şeirlər məni rahat yatmağa qoymurdu. Göz yaşlarımla oyanırdım. Yuxuda elə ağır mövzular görürdüm, qəhrəmanların acısını sanki mən yaşayırdım. Amma yadımda qalmırdı. Kaş ki, "o anda yazardım" deyirdim. Bir müddət belə ötdükdən sonra artıq qələmə almağa, kağıza köçürməyə başladım. Oxuyanların qəlbinə toxunurdu şeirlərim. Qərar verdim ki, artıq davam etdirməliyəm.

- Daha çox hansı şairin şeirlərindən təsirlənərək yazmısız?

- Şeirlərdən təsirlənərək yox, hər hansı filmdən, hansısa söhbət əsnasında eşitdiyim bir kəlmə yetər ki, mənə bir şeir yazım. Musiqi məni ruhlandırır.

-Səhv etmirəmsə, bir şeir kitabınız çıxıb, yaxın vaxtlarda daha bir kitab nəşr etdirməyi düşünürsüzmü?

- Bəli, bir kitabım işıq üzü görüb: "Ürəkdən bir damla". İnşallah yeni kitab düşünürəm. İki-üç kitablıq şeirlərim var. Müəyyən işlərlə bağlı nəşri ləngiyir.

- Yaradıcılıqla bağlı ən böyük arzunuz nədir?

- Xalqın sevimli şairi olmaq. Adım gələndə hər hansı bir şeirim xatırlansın. Sözlərimə yazılan nəğmələr yaddaşlara yazılsın. Çox kitab çıxarmaq əsas deyil, əsas odur ki, kitabın içində hər kəsin özünü tapa biləcəyi sevimli şeirləri olsun.

- Vüqar Əhməd deyib ki, musiqini şeir sevdirir, siz də belə düşünürsüz?

- Elə musiqi var, yük şeirin üzərinə düşür, elə musiqi var, sözlər önəm daşımır, elə musiqi də var ki, yalnız səsə görə sevilir. Əslində vəhdət təşkil edəndə, hər üçü bir-birini tamamlayanda mükəmməl olur.

- Daha çox musiqi sözləri yazırsız. Bu sahədəki vəziyyət sizi qan edir?

- Qane etmir, sadəcə bu, sevdiyim işdir. Qane etməsə də, xoşbəxt edir. İncəsənətlə bağlı həssas insanam. Gözəl olmayan nəyisə alqışlayanda narahat oluram. Televiziya kanallarında mənasız sözləri olan mahnılar tərif ediləndə çox narahat oluram. Gələcəyimizə pis nümunələr qoymayaq, səviyyəli işləri göstərək. Sırf pul naminə pis mahnını, pis sənəti təbliğ etməyənləri alqışlayıram.

- Amma mənası olmayan sözlərə yazılan mahnılar da dinlənilir…

- Az ömürlü mahnılardır. Bir müddət sonra unudulur. Məndən kimsə gündəm mahnıları istəyəndə yazmıram. "Sənətə aidiyyatı yoxdur" deyirəm. Başqa musiqilər önərirəm. Görürəm yox, istəyi pul qazanmaqdı. Uğurlar arzu edirəm.

- Bu sahədə necə deyərlər, “alqı-satqı” prosesi necə olur?

- Elə müğənni var, müraciət edir ki, mən bu mövzuda söz istəyirəm və ya musiqini verir, "üzərinə söz yaz" deyir. Elə sözlər var məhz musiqi üçün yazıram, verirəm bəstəkara musiqi yazır. İşlədiyim müxtəlif bəstəkarlar var. Bəstəkarlar da müraciət edir sözlər üçün.

- Bu sahədə gəlir necədir? Qane edir ya xoşbəxt?

- Qane etmir. Çünki elə işlər var pul gətirmir. Yəni şair musiqi sözü yazaraq, kitab sataraq dolana bilməz. Bu mənim üçün belədir.

- Daha çox sevgi, ayrılıq mövzulu şeirlər yazmağınızın səbəbi yaşadıqlarınızdır, yoxsa necə?

- Hər mövzuda şeirlərim var. Məsələn, bir insan öz yaşadıqlarını danışır mənə, artıq mən də yaşayıram onu, hiss edirəm. Kənardan müşahidə edirəm, gördüklərimi canlandıra bilirəm. Bəzən oxucular düşünür ki, yazdıqlarım öz həyatımdı, mənə təskinlik verirlər. O zaman bilirəm ki, demək yaxşı yazıram. Yazdıqlarımı həqiqət kimi görüblərsə, demək nəsə yaratmışam. Yəni belə deyim, "yaşadıqlarımı yazmıram, yazdıqlarımı yaşayıram".

- Sizdən sonrakı müsahibimizə nə sual vermək istəyirsiz?

- İnsan özünü tapmayanda yarımçıq olur. Sizcə özünüzü bu sahədə tapmısız?

- Son olaraq bizə ən son şeirlərinizdən birini deyərdiz.

- Eyni dünyadayıq, eyni şəhərdə.

Təsadüf də olsa qarşılaşmırıq

Eyni yolların da yolçularıyıq

Yerlə-göy rastlaşır, biz rastlaşmırıq.

Qəribə deyilmi, dostu görürük

Düşünmədiyimiz yadı görürük

Ağıla gəlməyən adı görürük

Hər kəsi görürük, biz rastlaşmırıq.

- Gözəl və səmimi müsahibə üçün təşəkkür edirəm.

- Mən də diqqətinizə görə təşəkkür edirəm.

Cavidan Mirzəzadə

AzNews.az

image description