Xuraman Şuşalının mətbuatdan uzaq qaçan həyat yoldaşı bütün sirrləri açıqladı - "Evlilik təklifi edənədək..."

"Onunla televiziyada tanış olmuşuq"

Az.News.az "Bir ulduzun sirri" adlı yeni layihəyə start verir. Layihənin əsas məqsədi məşhurların şəxsi həyatları ilə bağlı bəzi sirrləri həyat yoldaşlarının dili ilə açmaqdır.

Layihənin bu günkü qonağı məşhur müğənni Xuraman Şuşalı və onun həyat yoldaşı, prodüser Elçin Məmmədovdur.

- Ailəniz haqqında internet və sosial media portallarında informasiya çox deyil. Buna səbəb nədir?

- Xuraman Şuşalı: Xeyr, düşünmürəm ki, mediada ailəmiz haqqında məlumat azdır. Kifayət qədər var...

- Digər məşhurlar kimi yetərincə deyil. Hətta Elçin bəylə birlikdə telekanallara belə çıxmırsınız.

- Xuraman Şuşalı: Əsla, bu belə deyil. Sadəcə olaraq Elçin bəy efirə çıxmaq istəmir və mən də onu məcbur etmək istəmirəm. Deməli, belə lazımdır. Efirə çıxmaq istəyəcəksə, çıxacaq. Mənim üçün fərqi yoxdur. Düzdür, efirə çıxmasını çox istərdim. Düşünürəm ki, birlikdə efirə çıxmağımız, hansısa çəkilişdə iştirak etməyimiz daha maraqlı olar. Amma istəmirsə, eybi yoxdur. Mənə istəmək qalacaq. Bu insan ulduz olmaq istəmir (gülür).

- Elçin bəy İnstagramda da yoxdur.

- Xuraman Şuşalı: Bəli, yoxdur. Mən isə sosial şəbəkədən sırf işimlə bağlı istifadə edirəm. Bu, bir növ piarımdır. Elçin bəy İnstagram açmışdı, bağladı. Mənim xasiyyətimi bilir və öz rahatlığı üçün sosial şəbəkədən istifadə etmir (gülür).

- Elçin bəy, İnstagramı bağlamağa Xuraman xanımın qısqanclığı səbəb oldu?

- Xeyr, sosial şəbəkədən istifadə etməyə vaxtım yoxdur.

- Həyat yoldaşınızla harasa gedərkən insanların sizə ilk sözü nə olur?

- Xuraman Şuşalı: Çox yaraşırsınız!

Elçin Məmmədov: Xoşbəxt olun!

- Elçin bəy televiziya işçisi olub. Yəqin ki, tanışlığınız da məhz bu məkandan başlayıb.

- Xuraman Şuşalı: Bəli, onunla televiziyada tanış olmuşuq. Haqqımda film çəkib. O, ANS telekanalında "Evə gəl" verilişinin rejissoru idi. Verilişin formatına uyğun olaraq, ailəmizə gəldi və anamla, qohumlarımızla tanış oldu. Onlardan müsahibə götürdü. O, bizi çox yaxşı tanıdı və ailə üzvlərimin necə insan olduğunu gördü, bəyəndi. Sonra cümə günləri mənə "Cüməniz mübarək!" mesajları yazmağa başladı. Beləliklə, münasibətimiz başladı.

- Elçin bəy, Xuraman xanım evlilik təklifinizi qəbul etməsəydi, necə qarşılayardınız?

- Yəqin ki, evlilik təklifini qəbul edənə qədər gözləyərdim (gülür).

- Evliliyinizə reklam kimi baxanlar az deyildi. Ailənizin davam edəcəyinə inanmırdılar.

- Xuraman Şuşalı: Sadəcə səbr etmək lazım idi.

Elçin Məmmədov: Zaman hər şeyi göstərdi.

- Xuraman xanım, həyat yoldaşınızın sizi sənətdən uzaqlaşdığını iddia edirik. Bu fikirlə razısınız ?

- Xuraman Şuşalı: Xeyr, razı deyiləm. Mən sənətdən deyil, şou-biznesdən, çılğın Xuramandan uzaqlaşdım. Gözəl ana olmağa meyl etdim. Ailəmə vaxt ayırmağı sevirəm və düşünürəm ki, həyatda ən gözəlini edirəm. Allah hamıya ailə qismət eləsin və hər kəs öz ailəsiylə məşğul olsun. Yəni ki, həyat yoldaşım sənətdən uzaqlaşdırmadı.

Elçin Məmmədov: Mən düşünürəm ki, Xuraman xanım sualınıza geniş cavab verdi.

- Elçin bəy, Xuraman xanım sənətçidir. Sizinlə evləndikdən sonra hicab bağladı və bu sənəti üçün böyük risk idi. Hicaba keçməsəydi...

- Elçin Məmmədov: Hicaba keçmək Xuraman xanımın öz istəyi olub.

Xuraman Şuşalı: Elçin bəy hicaba keçməyimi istəyirdi, amma məcbur etmirdi. İslamda məcburiyyət yoxdur. Özüm istəyərəkdən hicaba keçmişəm. Çox insanlar düşünür ki, məni həyat yoldaşım hicab bağlamağa məcbur edib. Bu, əsla belə deyil. Sevgi insanın qəlbindən gəlməlidir. Sadəcə olaraq məni hicabsız və hicablı axirətdə nə gözlədiyinin fərqinə vardım. Hicab bağlamamağıma görə məndən ayrılan deyildi.

- Doqquz illik evliliyə, üç övlada sahibsiniz. Ailənizin davam etməsinə daha çox ağıl, sevgi yoxsa dini baxışınız kömək edir?

- Xuraman Şuşalı: Düşünürəm ki, ailəmizi qorumağa ilk öncə dini baxışımız kömək edir. Əlbəttə ki, bununla yanaşı sevgi və ağıl da olmalıdır. Ailə elə bir dövlətdir ki, onu qorumalısan. O dövlətin sakinləri var, onlar mənim övladlarımdır. Övladlarım həm atası, həm də anasıyla xoşbəxt olmalıdırlar. Bu sevgidən, xoşbəxtlikdən, haqqımızdan onlara da pay düşməlidir. Bu, bizim üzərimizə düşən bir haqdır. Dini baxımdan buraya sevgi, ağıl və dini sevgimiz daxildir.

- Problemlərinizi həll edərkən xahiş yaxud əmr hökm sürür?

- Xuraman Şuşalı: Hər ikimiz bir-birimizə güzəştə gedirik. Ailəmizdə ancaq övladlarımız üçün söz-söhbət ola bilər. Uşaqları məktəbdən götürmək lazımdı, mən çatdıra bilmirəm, sən götür və s. kimi məsələlərdə. Bunda da əmr ola bilməz. Hər ikimiz hörmətlə, xahişlə işimizi yerinə yetiririk.

- Elçin bəy hansısa məşhurla münasibətinizə qadağa qoyub?

- Xeyr, heç zaman.

- Keçmiş "W-trio" qrupundan ailənizin daimi qonağı kimdir? Səidə Sultan yoxsa Natavan Həbibi?

- Natavan Həbibi bir dəfə evimə çəkiliş zamanı, Səidə Sultan isə tez-tez gəlib. Mənə hər ikisi əzizdir və onların hər zaman evimə qonaq gəlməsini istəyirəm

- Ümumiyyətlə, qonaqpərvər insansınız?

- Bəli, çox qonaqpərvərəm. Qonağın evimdə rahat olmasını istəyirəm. Mətbəxə keçsin, nə istəyir, yesin. Əlbəttə ki, evimdə nə varsa, hər şeyi ona qurbandı.

- Xınayaxdı biznesiylə məşğulsunuz. Elçin bəy bu işdə sizə dəstək olurmu?

- Xuraman Şuşalı: Elçin bəyin gözəl ideyaları olur. Xınayaxdı biznesiylə məşğul oluram, dekor, dizayn işləri. Elçin bəy, mənim üçün video-roliklər çəkir. Düzdür, hicaba keçmədən öncə iki klip çəkmişdi. Başımı bağladıqdan sonra klipləri yığışdırdıq. Hazırda yeni mahnılarım var və bir neçə mahnı da yazdırıram.

Elçin Məmmədov: Xuraman xanımın yeni mahnılarına klip çəkəcəm.

- Bir cümlə ilə bir-birinizi necə tamamlayırsınız?

- Xuraman Şuşalı: Gözəl insan!

Elçin Məmmədov: Gözəl ana, gözəl övlad, gözəl həyat yoldaşı!

- Hansı sualım xoşunuza gəlmədi?

- Xuraman Şuşalı: Həyat yoldaşınızın sizi sənətdən uzaqlaşdığını iddia edirik. Bu fikrimizlə razısınız ?

Elçin Məmmədov: Xuraman xanım sənətçidir. Sizinlə evləndikdən sonra hicab bağladı və bu sənəti üçün böyük risk idi. Hicaba keçməsəydi necə qarşılayardınız?

Rəqsanə Həsənova

Az.News.az

image description image description image description image description