Mən heç bir həmkarımın... - Cəlalə Nəzəroğlu

Həm qüsursuz danışmaq, həm də nəyi, harada, necə demək lazım gəldiyini bilmək bir çox qapını daha asan açmağa imkan verir

AzNews.az-ın “30 Altı” layihəsinin bugünkü müsahibi Diksiya Akademiyasının rəhbəri, jurnalist Cəlalə Nəzəroğludur.

- Danışığımızla həyatı necə qazana bilərik?

- Bütün insanlar bu cəmiyyətin bir parçasıdır. Biz yalnız ünsiyyət quraraq duyğu və düşüncələrimizi bölüşə bilirik. Bu zaman cazibədar danışığımız bizi tamamlaya və hörmətli şəxsiyyət edə bilər. İnsanı geyiminə görə qarşılayıb ağlına görə yola salırlar. Ağlın göstəricisi isə heç şübhəsiz, nitqdir. Həm qüsursuz danışmaq, həm də nəyi, harada, necə demək lazım gəldiyini bilmək bir çox qapını daha asan açmağa imkan verir. Karyerada, şəxsi münasibətlərdə uğurlu nitqə sahib olan insanlar daha arzuolunandırlar. Onlara daim ehtiram göstərilir.

- Azyaşlı uşaqların nitqinin formalaşmasında təbii ki, ilk növbədə ailə, valideynlər rol oynayır. Bəzi valideynlər uşaqlarla “uşaq kimi” danışırlar. Buna münasibətiniz necədir?

- Əbəs yerə deyilməyib ki, uşaq evin güzgüsüdür. Bu gün onlara irad tutub tərgitməsini istədiyimiz hər şeyi bizdən öyrəniblər. Danışıq da belədir. Nəinki tələffüz qüsurlarını təkrar edirlər, hətta hər hansı məsələyə valideynlərinin sözləri ilə münasibət bildirirlər. Hər bir valideyn övladı ilə uşaq vaxtından başlayaraq səbrlə ünsiyyət qurmalıdır. Sevgi çox önəmlidir. Uşağın bir sözü düzgün tələffüz etməsi üçün bəlkə də o ifadəni dəfələrlə təkrar etmək lazım gələcək. Səbr uşağı dinləyərkən bizə lazımdır. Diqqətlə dinlənilməyən uşaq danışmağa meylli olmur, həvəsdən düşür və özünə qapanır. Səbr, həmçinin nəyəsə əsəbiləşdiyimiz zaman hirsimizi cilovlamağa, onun yanında xoşagəlməz ifadə işlətməməyimizə səbəb olacaq. Uşaqları müxtəlif kurslarla yükləməzdən öncə valideyn əvvəlcə onun öz ana dilində səlis danışmasını təmin etməyə çalışsa, daha yaxşı olar. Çünki bilik və bacarıqlar nə qədər çox olsa da, yenə də son nəticədə onu təqdim etmək ən vacib məsələdir. Təqdimat isə nitqlə mümkündür.

- Bir valideyn və nitq təlimçisi olaraq övladınızın nitqinin düzgün inkişafı üçün nə edirsiniz?

- Sadəcə olaraq, onunla düzgün tələffüzlə danışıram. Bol ünsiyyətdə oluram. Hər gecə nağıllar oxuyuram. Güvən hissini zədələyən travmalardan qorumağa çalışıram ki, hər yerdə, hamının yanında çəkinmədən danışsın. Başqalarının uşaqları ilə müqayisə etmirəm, "xalxın uşağı" sindromundan uzaq olmağa çalışıram.

- Aparıcı kimi də fəaliyyət göstərirsiniz. Televiziya kanallarında hansısa bir aparıcının nitqindəki qüsura ilk reaksiyanız nə olur?

- Mən heç bir həmkarımın nitqi ilə bağlı rəy bildirmirəm. Səhvlər eşidəndə əlbəttə, diqqətimi çəkir. Amma reaksiyam olmur. Yaxın dostum olarsa, ona səmimi iradımı deyirəm. Bundan başqa, onu qeyd edim ki, bir sıra TV və radiolardan aparıcılar rəhbərlik etdiyim Diksiya Akademiyasına müraciət edir. Məndən və digər təlimçilərimizdən xidmət alırlar.

- Hərdən sosial şəbəkələrdə tələbələrinizlə şəkillərinizi paylaşırsınız. Belə gənc və cavan ruhlu olmağınızın səbəbi nədir?

- Tələbələrim mənim üçün sevgi və həvəs qaynağıdır. Onlara daim vaxt ayırmağa çalışıram. Gənc qalmaq üçün xüsusi heç nə etmirəm, çünki onsuz da gəncəm (gülür-red). Çoxlu su içmək, qeybətdən uzaq olmaq, neqativ enerji aldığım adamlarla ünsiyyəti minimuma endirmək də hər zaman xoş əhval-ruhiyyəli olmağıma yəqin ki, təsir edir.

- Qarşıda hansı planlarınız var? Yeni kitab gözlənilirmi?

- Bildiyiniz kimi, Diksiya Akademiyası MMC-ni təsis etmişəm. Burada peşakar təlimçi əməkdaşlarımızla diksiya təlimləri veririk. Bizim özəlliyimiz məhz Azərbaycan dilində qüsursuz danışmağı A-dan Z-yə öyrətməklə bağlıdır. Həm səlis danışıq, həm də doğru yazı ilə bağlı xidmətlər veririk. Uşaqdan tutmuş böyüyə kimi hər kəs bizdən yararlana bilər. Şirkətlər, dövlət qurumları bizdən nitq təlimləri alırlar. Planlarımız arasında əlbəttə, bu fəaliyyəti daha da genişləndirmək mütləq var. Yaxın vaxtlarda saytımız istifadəyə veriləcək. Bir sıra iri dövlət qurumları ilə ANA dilinin təbliği istiqamətində tədbirlərimiz olacaq. Bir neçə yerdə filial açmağı hədəfləmişik. Bundan basqa, ASAN radioda "Ana dili" buraxılışlarına davam edirəm. Real TV-də "Redaktor" verilişi və eyni adda çarxları da yayıma buraxdıq. Maraqla qarşılandı. "Danışığınla həyatı qazan" kitabım satılıb bitdi. İkinci nəşrinə hazırlıq gedir. İrəli, irəli, yenə də irəli!

Səidə Vahid

AzNews.az

image description image description image description image description image description