Deyiblər, gəl, səni pulsuz əməliyyat edək - Xuraman Şuşalı

Gələcəklə bağlı heç nə deyə bilmərəm

AzNews.az-ın "Morze əlifbası" layihəsinin qonağı müğənni Xuraman Şuşalıdır.

Image result for xuraman şuşalı

- Xuraman xanım, müqəddəs Ramazan ayıdır. Oruc tutmağın mükafatı nədir?

- Artıq orucluq ayının yarısı gedib. Allah bütün oruc tutanların orucunu qəbul eləsin. Oruc Allahın bizə bir əmridir. Biz müsəlmanlar hamılıqla bu əmrə əməl etməliyik. Oruc tutmaq isə hər bir müsəlmanın borcudur. Niyyətimiz günahlarımızın bağışlanmasıdır. Oruc tutmaq çətin deyil. Heç mən oruc olduğumu hiss etmirəm. Bilirsən ki, o dünyada mükafatın var…Allah bu əməllərimizə görə canımızı saflaşdırır, insan sağlam olur. İnsan ac qalmaqla ölməz.

- Bəzi insanlar orucluq ayında yatmağa üstünlük verir, bəziləri isə vaxtın tez keçməsi üçün müxtəlif yerlərə üz tuturlar. Bəs siz günü necə və harada keçirirsiniz?

Image result for xuraman şuşalı

- Orucluq ayında harasa getməyi sevmirəm. Çalışıram ki, bu müqəddəs ayda evimdə olum. Dualarımı evimdə edəm. Mənim də oruc tutmadığım illər olub. Həmin illərin qəzası boynumda qalıb. Çox istəyərəm ki, həmin illərin orucunu tutam. Allah ömür versin, bu qəzaları tutum. Orucluq ayının əhya gecələri var. Həmin gecələrdə məscidə getmək, orada dua etmək istəyirəm. Həyat yoldaşım da oruc tutduğundan ikimiz eyni vaxtda məscidə gedə bilmirik. Uşaqları nəzarətsiz qoymaq olmaz. Odur ki, məscidə növbə ilə gedirik.

- Ramazan həm də savab ayı hesab olunur. Bu ay ərzində kimləri sevindirib, kimlərin problemlərini həll etməyə çalışmısınız?

- Belə şeyləri deməzlər. Bu Allahla mənim aramda olan sirrdir. Tanıdığım adamlar var, onlara dəstək oluram, problemlərini həll etməyə çalışıram. Bir də ki, insanlara yaxşılıq etmək təkcə Ramazan ayı üçün nəzərdə tutulmayıb. Əgər imkanın varsa, həmişə kasıb-kusuba, imkansıza, yetimə, kimsəsizə, xəstəyə əl tut. Kim yetimin qəlbini sevindirirsə, onun savabını Allah verər, günahları bağışlanar. Hər kəs savabı özü üçün edər. Kimə nə edirsənsə, savabı edənə yazılar.

- Sənət adamları insanlara etdiyi yaxşılıqları el-aləmlə bir edirlər. Yetimin birinə məktəbə getmək üçün çanta alırlar, dərhal onu sosial şəbəkələrində reklam edirlər. Sizcə bu nə dərəcədə düzgündür?

- Təəssüf ki, bu cür hallar var, mən də onları görürəm. Amma sağ əlin verdiyini sol əl bilməməlidir. Lakin təbliğat da olmalıdır. Yəni elə şeylər var ki onu təbliğ etməlisən. Düzdür, edilən yaxşılığı çəkib yayanda savabı azalır.

Image result for xuraman şuşalı

- Ramazan ayı başa çatan kimi toy-nişan mərasimləri başlayır. Toy tutmaq üçün isə müğənninin yaradıcılığı genişlənməlidir…

- Yeni mahnılar üzərində işləyirəm. Onlardan bir neçəsi artıq hazırdır, bir neçəsi isə bayramdan sonra hazır olacaq.

- Son günlər sənət aləmində estetik əməliyyat dəb halını alıb. Kimi mədəsini kiçildir, kimi bədən şəkilləndirmə əməliyyatı etdirir. Sizcə belə əməliyyatlar günah sayıla bilər?

- Bu islam dinində bəyənilmir. Yaxşı olar ki, bu sualın cavabını alimlərimiz versin. Birdən nəsə deyərəm, kimsə gedib mənim sözümlə əməliyyat etdirər, günahı da mənə yazılar. Allah nə veribsə, onunla razılaşmaq lazımdır. Mən bu günə kimi estetik əməliyyat etdirməmişəm. Hələ ona ehtiyacım da yoxdur. Klinikaların çoxundan dəvət almışam. Deyiblər, gəl, səni pulsuz əməliyyat edək, sizin də adınız altında klinika reklam olunsun. Razı olmamışam. Amma gələcəklə bağlı heç nə deyə bilmərəm. Elə bir həddə çata bilərəm ki, əməliyyata ehtiyacım olar. Əgər baxsan ki, həddindən artıq pis vəziyyətdəsən, görkəmində problem var, bayıra çıxanda hamı səni əllə göstərir, o zaman əməliyyata ehtiyac olar. Əməliyyat edənlərə pis baxmıram. Çox istəyərdim ki, onlar belə əməliyyatdan sonra özlərinə baxıb peşiman olmasınlar. Azca köklük kompleks sayıla bilməz. İnsan nəfsinə hakim kəsilsə, çox şeyə sahib ola bilər və belə əməliyyatlara da ehtiyac qalmaz.

Image result for xuraman şuşalı

Bahar RÜSTƏMLİ

AzNews.az