Modern.az: “Vardanyanın təxribatçı çıxışının cavabı konkret faktlarla verildi”

Milli Məclisin üzvü Əminə Ağazadənin açıqlaması

"Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olduq.

Bu tədbir deputat kimi mənim Milli Məclisin sədri Sahibə xanım Qafarova ilə birlikdə iştirak etdiyim ikinci beynəlxalq tədbir idi".

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Əminə Ağazadə bildirib.

Deputat qeyd edib ki, MDB Parlamentlərarası Assambleyası regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsində, digər parlament təşkilatları ilə əlaqələrin qurulmasında əhəmiyyətli rola malikdir:

"MDB-yə üzv dövlətlər arasında əlaqələrin genişlənməsində, dövrümüzün aktual problemlərinə həsr olunmuş forumların təşkilində, bu qurum müsbət nəticələr əldə edib və bu istiqamətdə kifayət qədər təcrübəyə malikdir. Bu baxımdan sessiyanın AŞPA, ATƏT PA, Aralıq Dənizi Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsi ilə birlikdə təşkil olunması xüsusi önəm daşıyır. Hesab edirəm ki, post-konflikt dövrünü yaşayan Qafqaz regionunda müdafiə və təhlükəsizlik, terrorizmə və ekstremizmə qarşı mübarizəyə yeni baxışların formalaşdırıldığı bir dövrdə sessiyanın əhəmiyyəti olduqca yüksəkdir.

Aprelin 15-də Azərbaycan parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının 52-ci plenar iclasına qatıldı. Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edərək yaxın keçmişdə Qafqaz regionunda post konflikt dövründə qarşılıqlı əməkdaşlığın aspektlərindən söhbət açdı, Ermənistan tərəfindən süni şəkildə qabardılaraq dünya ictimaiyyətinə yalnış formada çatdırılan “hərbi əsirlər”, “Qələbə Parkı” və digər mövzulara toxundu. İclasda iştirak edən Ermənistan tərəfinin qondarma iddalarına cavab olaraq spiker onillərlələ dağıdılmış, yerlə yeksan edilmiş ərazilərdə minalanmış sahələrin quruculuq işlərinin aparılmasına nə qədər ziyan vurduğunu, hər gün o ərazilərdə hərbi və mülki insanların tələf olduğunu faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırdı. Spiker münaqişənin bitməsinə baxmayaraq Ermənistan tərəfinin indiyədək minalanmış ərazilərlə bağlı xəritələrin vermədiyini, məsələlərin həllinə konstruktiv yanaşmadığını sübutlarla göstərməklə dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu istiqamətdə Ermənistan tərəfinə lazımi təsirləri göstərməyə çağırdı.

Sessiya çərçivəsində Assambleya tərəfindən işlənib hazırlanmış sənədlər üzrə müzakirələr, nümayəndə heyətlərinin qarşılıqlı tədbirləri, qurumun daimi komissiyalarının iclasları keçirilirdi. Azərbaycan nümayəndə heyətinin üzvləri də müvafiq komissiyaların tərkibində keçirilən iclaslarda iştirak edirdilər.

Konfrans çərçivəsində "Terror qurbanlarının hüquqlarının təşviqi, qorunması və onların ehtiyaclarının qarşılanması" mövzusunda məruzə ilə çıxış etdim. Qeyd edim ki, məruzəmdə Ermənistan Parlamentinin Dövlət və hüquq məsələləri üzrə daimi komissyasının sədri Vladimir Vardanyanın qondarma “hərbi əsirlər”lə bağlı təxribatçı çıxışının da cavabı konkret faktlarla verildi.

Geniş proqramı, əhəmiyyətli müzakirələri və çoxşaxəli fəaliyyət istiqamətləri ilə yadda qalan sessiya 16 aprel tarixində yekunlaşdı".