Səfir dini müqəddəsə məxsus qəbrin dağıdılmasını tənqid etdi

İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Suriyada İslam Peyğəmbəri həzrəti Məhəmmədin (s) səhabəsi Hücr ibni Ədiynin qəbrinin dağıdılmasını tənqid edib.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən Trend-ə məlumat verilib.

Məlumata əsasən, səfir Pakayin deyib ki, demokratiya adı ilə Suriyada terroristləri silahlandıran ölkələr Suriya xalqı və müsəlmanlar qarşısında terroristlərin müqəddəs məkanlara, xüsusiilə Hücr ibni Ədiynin ziyarətgahına qarşı edilən hörmətsizliyə görə cavab verməlidirlər.

Pakayin Suriyada dini müqəddəslərə və qəbirlərə qarşı hörmətsizliklərin artmasından narahatlığını ifadə edərək bildirib ki, bu cür hərəkətlər beynəlxalq qanunlara və standartlara ziddir.

İranın Azərbaycandakı səfiri müsəlman ölkələrini və digər sülhsevər ölkələri, eləcə də beynəlxalq təşkilat və qurumları bu cür insanlığa və əxlaqa zidd olan hərəkətləri pisləməyə çağırıb.

Hücr İbn Ədi həzrət Peyğəmbər (s)-in yaxın səhabələrindən olmuş, o həzrətin apardığı müharibələrdə iştirak etmiş və təqvası dillər əzbəri olmuşdu.

Hücr ibn Ədi İmam Əli (ə)-ın da vəfalı səhabələrindən olmuş, Siffeyn, Çəməl və Nəhrəvan müharibələrində şüçaətlə döyüşmüş və Siffeyn müharibəsində imam Əli (ə)-ın ordusunun sərkərdəsi olmuşdur. Hücr həzrət Əlinin şəhadətindən sonra Kufədə Müaviyənin əleyhinə çoxlu təbliğat aparıb, sonda onun əleyhinə qiyam edib. Ziyadla onun qoşunu arasında gedən döyüş özünün və dostlarının şəhid olması ilə nəticələnib.

AzNews.az