Təbrizdə daha 3 azərbaycanlı mühakimə edilib

Təbrizdə Güney Azərbaycandan olan daha 3 fəalın məhkəməsi keçirilib. GünAz TV-nin məlumatına görə, azərbaycanlı fəallar Arəş Məhəmmədi, Əmir Naziri və Əfşin Cəmşidi mühakimə edilib.

Fəalların mühakiməsi iyulun 10-da (tirin 19-da) Təbrizin inqilab məhkəməsinin 3-cü şöbəsində keçirilib. Məhkəməyə Baqirpur sədrlik edib. Sistemin əleyhinə təbliğat aparmaqda ittiham edilən tələbələrin məhkəməsi qapalı olub.

Qeyd edək ki, Arəş Məhəmmədi, Əmir Naziri və Əfşin Cəmşidi prezident seçkilərinin nəticələrinin elan edilməsindən sonra əhalinin toplaşdığı ərazilərdə İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) üzvləri tərəfindən tutulublar.
Məlumata görə, azərbaycanlı fəallar istintaq müddətində fiziki işgəncələrə məruz qalıblar.

Müstəntiq Həsən Haşımzadə fəalların son müdafiəsini dinləyərkən onlardan Əmir Naziri və Əfşin Cəmşidi üçün vəsiqə təyin edib və onlar 2 gün sonra 10 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılıblar. Lakin Arəş Məhəmmədi Təbriz zindanına salınıb və qeyri-müəyyən vəziyyətdə saxlanılır. O, saxlanıldığı müddətdə işgəncə və qanunsuz həbsinə etiraz olaraq 9 gün aclıq aksiyası keçirib.

Arəş Məhəmmədi bundan öncə də dəfələrlə həbs edilmişdi.

Elnarə
AzNews.az