İranda özünü yandıran azərbaycanlının meyiti ailəsinə verilmir

İranın təhlükəsizlik qüvvələri iki gün öncə özünü İran parlamentinin qarşısında yandıran əhli-haqq təriqətinə mənsub azərbaycanlı Məhəmməd Qənbərinin cənazəsini verməkdən imtina edib.

Qohumlarının sözlərinə görə, iyulun 27-də parlamentin qarşısında özünü yandıran Məhəmməd Qənbərinin ölüm xəbəri ailəsinə çatdırılıb. Lakin sonra təhlükəsizlik qüvvələri cənazəni verməmək üçün onun sağ olduğunu bildiriblər. Mərhumun ailəsi bunu dəfn mərasimi zamanı yarana biləcək etiraz və qarşıdurmanın qarşısını almaq məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, milliyətcə azərbaycanlı olan, əhli-haqq təriqətinə mənsub Məhəmməd Qənbəri mənsub olduğu təriqətin üzvlərinə qarşı hücumlara son qoyulması üçün intihar edib. Hadisədən sonra polis və ətrafdakı insanlar onu Tehranın Mutəhhəri xəstəxanasına aparsalar da, onun həyatını qurtarmaq mümkün olmayıb.

Qeyd edək ki, bundan əvvəl təriqətin Təyyib Tahiri və Həsən Rəzəvi adlı üzvləri də intihar edib. Məhəmməd Qəmbəri isə onların intiharı ilə bağlı məsələnin araşdırılmaması, əhli-haqq təriqətinin ziyarət yerlərində, o cümlədən Həmədanın Həsənxan qalasının Sınıq körpüsü və başqa ziyarət yerlərində təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə etiraz edib. Hadisədən bir müddət əvvəl təriqət üzvləri onların üzləşdiyi problemlərin həllinə diqqət ayrılmayacağı təqdirdə intihar edəcəklərinə dair bəyanatla çıxış etmişdilər. Ancaq bu xəbərdarlığa da məhəl qoyulmamsı hadisələrin sonrakı inkişafını sürətləndirib.

Elnarə
AzNews.az