Həsən Ruhani prezident kimi vəzifəsinin icrasına başladı

Bu gün Həsən Ruhani rəsmi olaraq İranın yeni prezidenti kimi öz vəzifəsinin icrasına başlayıb.


APA-nın "Radiofərda"ya istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 17:00-da bu il iyunun 14-də ölkədə keçirilmiş prezident seçkilərində 50.71% səs toplayaraq qalib gəlmiş H.Ruhani İranın ali dini lideri, Ayətullah Seyid Əli Xamneyi tərəfindən Musəvi Xomeyni Hüseyniyyəsində rəsmi səviyyədə qəbul edilib.

Tədbirdə İran Konstitusiyasına Nəzarət Şurasının üzvləri, nazirlər, millət vəkilləri, məhkəmə rəsmiləri, dövlət rəsmiləri, yüksək rütbəli hərbçilər, tanınmış ictimai-siyasi xadimlər, din xadimləri, şəhid ailələri və s. şəxslər iştirak edib.

İran daxili işlər naziri Mustafa Məhəmməd Nəccar XI dövr prezident seçkiləri ilə bağlı hesabat verib. Bundan sonra İranın yeni prezidenti çıxış edərək siyasi, iqtisadi, mədəni və sosial sahələri əhatə edən proqramlarını təqdim edib.

Daha sonra ali dini liderin H. Ruhaninin prezidentliyini təsdiqlədiyinə dair mətn oxunub və ona Ayətullah Xamneyi tərəfindən 4 illik müddətinə prezident vəzifəsinə başlaması üçün etibarnamə təqdim edilib. Bundan sonra İran prezidenti and içib.

H. Ruhani avqustun 4-də də ölkə parlamentində and içəcək. İran islam inqilabından sonra ilk dəfə bir prezidentin inauqurasiyasına xarici ölkələrin dövlət başçıları, xarici işlər nazirləri və nümayəndələr dəvət edilib. Tədbirdə 52 ölkə, BMT və bəzi beynəlxalq təşkilatlardan 55 fəxri qonaq iştirak edəcək. Mərasimə 11 prezident, 8 vitse-prezident, 2 baş nazir, 3 baş nazir müavini, 11 xarici işlər naziri, 7 parlament spikeri və 12 nazir qatılacaq. Malayziyanın keçmiş baş naziri Mahatir Məhəmməd və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi Xavyer Solana da xüsusi qonaqlardandır. Azərbaycanı İran prezidentinin andiçmə mərasimində Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.

Artıq tədbirdə iştirak etmək üçün 10 İranın seçilən Respublika başçısı Həsən Ruhaninin and mərasimində iştirak etmək üçün 10 xarici nümayəndə heyəti İrana gəlib.

Bunlar Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi Xavyer Solana, Braziliyanın xarici işlər naziri Antonio Patriota, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin müavini, Çinın mədəniyyət naziri, Tanzaniya, Komor adaları, Kuba və Nikaraquanın vitse-prezidentləri, Qineya Bisaonun xarici işlər naziri, Niger prezidentinin xüsusi nümayəndəsidir.

AzNews.az