Həsən Ruhani and içdi

Bu gün İranın yeni seçilmiş prezidenti Həsən Ruhani Məhkəmə Sisteminin rəhbəri Laricani Sadeqin iştirakı ilə ölkə parlamentində and içib. Bu barədə Trend-in müxbiri İran parlamentindən məlumat verib.

"Allahın adı ilə mən müqəddəs Quran, İran xalqı və Konstitusiya qarşısında prezident kimi and içirəm ki, insanların və ölkənin inkişaf etdirilməsi, dinin və əxlaqın təbliğ olunması, hüquq və ədalətin dəstəklənməsi, diktaturadan imtina edilməsi, həmçinin, şəxsi azadlığın qorunması, xalqa və onun haqlı tələblərinə hörmət edilməsi, ölkənin siyasi, mədəni və iqtisadi müstəqilliyinin və sərhədlərin müdafiə edilməsi, xalqın mənə verdiyi müqəddəs inam olan hakimiyyətin qorunması və növbəti prezidentə qədər onun saxlanılması üçün istedadımı və qabiliyyətimi istifadə edəcəm" - deyə Ruhani andiçmə mətnini imzalayaraq, bildirib.

Qeyd edək ki, andiçmə mərasimində bir çox ölkələrin çoxsaylı nümayəndələri iştirak edib.

Nümayəndə heyətlərinə prezidentlər, baş nazirlər, vitse-prezidentlər və parlament sədrləri daxil idi.

İlk dəfədir ki, İran prezidentinin andiçmə mərasiminə xarici vəzifəli şəxslər dəvət edilib.

Ölkənin yeni prezidenti Həsən Ruhani avqustun 3-də onu rəsmi olaraq, dörd il müddətinə təsdiq edən İran İslam İnqilabının lideri Ayətullah Seyyid Əli Xameneyi ilə görüşüb.

Xatırladaq ki, Həsən Ruhani 14 iyun 2013-cü il tarixində İranda keçirilmiş prezident seçkilərində ümumi səslərin 50 faizdən çoxunu toplayaraq qələbə qazanıb.

AzNews.az