İranda daha 3 nəfər edam olundu

İranın Xuzistan vilayətində bir nəfər edam edilib.

APA-nın məlumatına görə, məhbus narkotik maddələrin daşınması və saxlanılmasında günahlandırılaraq dara çəkilib. Səid Gəştil üzərində 11 kiloqram heroinlə tutulduğuna görə ölüm hökmünə məhkum edilib. Məhbus əfv olunmaq üçün iki dəfə müraciət etsə də, xahişi rədd edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra avqustun 24-də səhər saatlarında Əhvaz şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Bundan başqa, Əhvaz şəhərində avqustun 20-21-də daha iki nəfərin edam edildiyi məlum olub. Məhbuslar qətldə günahlandırılaraq Karun həbsxanasında dara çəkiliblər.

Onlardan birinin adı Əli, digərininki isə Rzadır. Məhbuslardan birincisi 2004-cü ildə, ikincisi isə 2006-cı ildə işlədiyi cinayətlərə görə həbsxanada edam olunacaqları günü gözləyirmiş. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

Qeyd edək ki, avqustun 21-də Cəhrom və Təbrizdə 2 nəfər dara çəkilib. Avqustun 22-də isə Urmiyada 5, Ərdəbildə 3, Məşhəddə 2, Həndicanda 1 nəfər edam edilib. Eyni zamanda həmin gün Kərəcdə 11 nəfər gizli şəkildə edam edilib. İran Çindən sonra ölüm hökmlərinin icrasına görə dünyada ikinci yerdədir və edam olunan şəxslərə əsasən narkotik maddələrin daşınması və saxlanılması ittihamı vurulur.

Ümumiyyətlə, Həsən Ruhaninin iyunun 14-də İran prezidenti seçilməsindən indiyədək ölkədə 130 nəfərin edam edildiyi bildirilir.

AzNews.az