Cəmil Çiçək bu gün İrana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəyin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün İrana səfər edəcək.


APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, TBMM sədri üçgünlük səfəri zamanı İranın bir sıra dövlət rəsmiləri ilə görüşəcək. C. Çiçək sentyabrın 21-də İran parlamentinin sədri Əli Laricani ilə görüşəcək, eyni zamanda onun tərəfindən şərəfinə veriləcək şam yeməyinə qatılacaq.

TBMM sədri sentyabrın 22-də İranın ali dini lideri, ayətullah Əli Xamneyi tərəfindən qəbul ediləcək. Bundan başqa, C. Çiçəyin həmin gün İran prezidenti Həsən Ruhani və bu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşü də planlaşdırılır. TBMM sədri Gülüstan və Sədabad saraylarını, həmçinin Yunus Əmrə Türk Mədəniyyət Mərkəzini də ziyarət edəcək.

Cəmil Çiçək sentyabrın 23-də Tehrandan Şiraza yola düşəcək, orada İranın tanınmış şairləri Hafiz və Sədinin məzarlarını, İrəm Bağı və Perspolisi ziyarət edəcək.

Bununla da səfər başa çatacaq.

Görüşlərdə regionda baş verən proseslər, ikitərəfli əlaqələrin, eyni zamanda parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və bir sıra vacib məsələlər əsas müzakirə mövzusu olacaq.

AzNews.az