“Ermənistan hərbi ritorikaya üstünlük verəcək” - Şərh

"Ermənistanın hazırkı hakimiyyətinin hətta ölkə çöksə belə Dağlıq Qarabağ məsələsində konstruktiv mövqeyə gəlməsi mümkün deyil".

Belə bir açıqlamanı AzNews.az saytına müsahibəsində Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitunun direktoru Elman Nəsirli verib: "Bu günlərdə cənab prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi Azərbaycan 10 dəfəyə qədər Ermənistandan üstündür. Azərbaycanın hərbi büdcəsi 3,7 milyard dollardır ki, bu da Ermənistanın ümumi büdcəsindən çoxdur. Belə olan təqdirdə hesab edirəm ki, Ermənistanda praqmatik siyasətçilər hakimiyyətdə olsaydı, onlar bu perspektivi görüb, nəticə çıxarıb sülhə və təhlükəsizliyə xidmət edən adekvat addımlar atardılar. Lakin indiki Ermənistan rəhbərliyi başqa yolu seçib. Bu da ondan ibarətdir ki, iqtisadi, hərbi təhlükəsizlik sferasında uduzurlar, əhali acdır. Bu isə Sarkisyan hakimiyyəti üçün ciddi başağrılar yarada bilər. Mədənin boş olan vaxtında Ermənistan hakimiyyəti hesab edir ki, praqmatik siyasət yeritməklə öz hakimiyyətinin sonunu çatdıra bilərlər. Ona görə hesab edirəm ki, Azərbaycanın gücləndiyi, Ermənistanın zəiflədiyi fonda İrəvanın hərbi ritorikası da artır. Yəni bütün sferalarda öz məğlubiyyətini kompensasiya etmək üçün İrəvan hərbi ritorikaya daha çox üstünlük verəcək".

Rüfət
AzNews.az