Ərdoğan: “Xalq istəsə gedəcəyəm!“ - VİDEO

Türkiyə gündəmi, 17 dekabrdakı əməliyyat zəlzələsi ilə çalxalanarkən, dünən axşam saatlarında Sakarya səfərindən İstanbula gələn Baş Nazir Rəcəb Tayyib Ərdoğana həm "Atatürk" Hava limanında həm də İstanbuldakı evinin qarşısında minlərlə insan dəstək aksiyası keçirib. Baş nazir Ərdoğan çıxışında bir çox mesajlar göndərdi.

Ərdoğan xalqın xidmətçisi olduğunu, son sözü xalqın deyəcəyini bildirib. "Mən hökümdar deyiləm, xalqın xidmətçisiyəm son qərarı da xalq verəcək. Ya köhnə Türkiyəni, ya da yeni Türkiyəni seçəcəklər. Son qərar millətin əlindədədir".

İstanbul, Ankara, Adana, Edirnə, İzmir və digər şəhərlərdə isə hökumətə etiraz aksiyaları keçirilib.

27 dekabr tarixində "Taksim Dayanışma" təşkilatı sosial media üzərindən insanları mitinqdə səslədi. Saat 19.00-da insanlar qruplar halında Taksim meydanına toplaşıb. Bu aksiya qanunsuz olduğu üçün polislər demək olar ki, Taksimin bütün küçələrində təhlükəsizlik tədbirləri görüblər.

Gecə gec saatlara qədər davam edən aksiyalarda nümayişçilər "Hökumət istefa", "Oğru var" və "Hər yer rüşvət, hər yer korrupsiya" şüarları səsləndirirdilər. Qanunsuz keçirilən aksiyaya polis müdaxilə edib. Taksimin bütün küçələri Gezi parkı hadisələrindəki kimi savaş meydanını xatırladırdı.

Polis etirazçıları su şırnaqları plastik mərmilər və bibər qazından istifadə edərək dağıtmağa çalışırdı. Öz növbələrində nümayişçilər də polisə daş və dəmir parçalar atırdı.

Gecə saatlarında Taksimə gələn bütün yollar bağlanmışdı. İstanbul vəkillər birliyindən ANS-ə verilən məlumata görə gecə səhərə qədər aksiyalarda 70 nəfər polis tərəfindən saxlanılıb.

Türkiyə gündəminə düşən ən önəmli xəbərlərdən biri isə Türk Silahlı qüvvələrinin komandanlığından gəldi. Türk Silahlı Qüvvələri siyasi proseslərə qarışmaq istəmədiyini, amma hadisələri yaxından izlədiyini açıqladı. Bu açıqlama isə birmənalı qarşılanmayıb. Bəzi analitiklər yazırlar ki, açıqlamada Türk Silahlı Qüvvələri dövlətə dəstək nümayiş etdirir, digərləri isə hesab edir ki, ordu tərəfindən dövlətə mesajdır.

Bu bəyanatdan əvvəl korrupsiya qalmaqalının hərbi çevrilişə təkan verəcəyi kimi mülahizələr irəli sürülürdü. Ümumiyyətlə Türkiyənin tarixində hərbi çevrilişlər nadir hal olmasa da, Erdoğan on illik hakimiyyəti ərzində ordu üzərində nəzarəti gücləndirməyə nail olub.




AzNews.az