Kiyevdə ölənlərin sayı 27-yə çatıb- FOTO+ VİDEO

Ukraynanın paytaxtı Kiyevdə etirazçılarla milis qüvvələri arasında davam edən toqquşmalar zamanı ölənlərin sayı 27-yə çatıb.


Bu barədə APA "UNİAN"a istinadən xəbər verir. Belə ki, "Maydan"ın Səhiyyə Xidmətinin rəhbəri Oleq Musiy "Ukrainskaya Pravda"ya müsahibəsində etirazçılar düşərgəsində ölənlərin sayının 20 nəfərə, yaralıların isə - 500-ə çatdığını bildirib. Ukrayna DİN-in rəsmi saytının məlumatına görə isə, qarşıdurma zamanı 7 milis əməkdaşı həlak olub.

Ukrayna Səhiyyə Nazirliyinin saytında isə bildirilir ki, kütləvi iğtişaşlar zamanı 11 nəfər ölüb.

**** 02.13

Dünən Ukraynanın paytaxtı Kiyevdə etirazçılarla milis qüvvələri arasında baş vermiş toqquşmalar zamanı ölənlərin sayı 18-ə çatıb. APA-nın "UNİAN"a istinadən verdiyi xəbərə görə, ötən axşam "Maydan"da daha 5 mülki şəxs həlak olub. Bundan əvvəl toqquşmalar zamanı 7 mülki şəxsin öldürüldüyü bildirilmişdi. Ukrayna DİN-i iğtişaşlar zamanı 6 milis işçisinin həlak olduğunu açıqlayıb.

Qeyd edək ki, Ukrayna Səhiyyə Nazirliyinin saytında bildirilir ki, kütləvi iğtişaşlar zamanı 11 nəfər ölüb.

"Fevralın 18-i saat 23.00-a (Bakı vaxti ilə) olan operativ məluma əsasən, saat 12.20-dən kütləvi aksiyaların 221 iştirakçısı tibbi yardım almaq üçün səhiyyə müəssisələrinə müraciət edib. Onlardan 114 nəfər xəstəxanalara yerləşdirilib. 11 ölüm hadisəsi qeydə alınıb", deyə məlumatda bildirilir.

Məlumata görə, "Maydan"a hücumda Donetsk vilayətindən cəlb olunmuş "Berkut" xüsusi təyinatlı polis dəstəsi iştirak edib.

Həkimlərin sözlərinə görə, ağır yaralılar "Maydan"dan "təcili yardım" maşınları ilə aparılır, qalan xəsarət alanlara isə hadisə yerində tibbi yardım göstərilir.




AzNews.az