Daha bir azərbaycanlı fəal həbs edildi

İranda daha bir azərbaycanlı fəal həbs edilib.


APA- nın məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları Həmid Mənafi Nadarlını (Erkin) bu gün səhər saatlarında mağazasında həbs ediblər. Hazırda onun harada saxlanıldığı və nədə günahlandırıldığı barədə heç bir məlumat yoxdur.

Azərbaycanlı fəalın həyat yoldaşının H.M.Nadarlının həbsinə etirazını bildirdiyinə görə, ETTELAAT əməkdaşları tərəfindən təhqir edildiyi və döyüldüyü də bildirilir.

Qeyd edək ki, Tehran yaxınlığında sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Nəsimşəhr rayonunda fevralın 21-də ana dili ilə bağlı toplantı keçirilib. Mərasimə 200 nəfərə yaxın azərbaycanlı qatılıb, tanınmış ziyalılar çıxışlar edərək ana dilinin əhəmiyyətindən danışıblar, milli musiqilər, aşıq havaları və şeirlər səsləndirilib, milli rəqslər ifa edilib. Lakin İran xüsusi xidmət orqanları tədbiri dağıtmaq istəyib və toqquşma baş verib. Toplantının dağıdılması üçün bibər qazından istifadə olunub, aralarında qadınlar da olmaqla xeyli azərbaycanlı fəal həbs edilib. Hadisə nəticəsində bir azyaşlı da qolundan xəsarət alıb.

İnsident zamanı H.M.Nadarlı, o cümlədən azərbaycanlı fəallardan İsrafil Sultanian, Əlirza Fərşini ağır bədən xəsarətləri alıblar. Azərbaycanlı fəallardan Əkbər Azad, Əlirza Fərşi, İsrafil Sultaniyan və Mənsur Fəthi həbs olunublar.

Qeyd edək ki, H. M. Nardarlı bundan əvvəl də 2011-ci il sentyabrın 2-də İran hökumətinin Urmiya gölünün qurumasına laqeyd münasibətinə etiraz olaraq Təbriz şəhərində keçirilmiş kütləvi aksiyalarda iştirak etdiyinə görə həbs edilib. O, 20 günə yaxın təcridxanada saxlanıldıqdan sonra 40 milyon tümən mülk girovu qarşılığında azadlığa buraxılıb.


AzNews.az