Britaniyalı nazir “Eurovision”un nəticələrini “referendum”la müqayisə etdi

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Ukraynanın Donetsk və Luqansk vilayətlərində rusiyameyilli separatçılar tərəfindən keçirilən "referendum"a ilginc dəyərləndirmə verib.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, U. Heyq bu açıqlamasını Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən brifinqdə deyib.

Britaniyalı nazir çıxışında məlum "referendum" aksiyasını "Eurovision" mahnı müsabiqəsi ilə müqayisə edərək, ikincinin daha əhəmiyyətli olduğunu istehza ilə vurğulayıb: ""Eurovision" mahnı müsabiqəsinin nəticələri Ukraynanın Donetsk və Luqansk vilayətlərində keçirilən "referendum"un nəticələrindən daha etimadlı və üstün çəkiyə malikdir".Nazirin "referendum"a bu cür yanaşması brifinq iştirakçılarında gülüş yaradıb.

Xatırladaq ki, mayın 11-də Ukraynanın Donetsk və Luqansk vilayətlərində üstünlük əldə edən rusiyameyilli separatçılar regionun statusunun müəyyənləşməsi haqqında "referendum" keçiriblər.

Separatçılar müstəqillik leyhinə səs verdiklərini bildiriblər. Ukrayna isə "referendum"un heç bir hüquqi qüvvə daşımadığına dair açıqlama verib.

Həmçinin, ATƏT, Avropa İttifaqı, ABŞ və bir sıra digər dövlətlər də nəticələri tanımır.

Aydan Axundova
AzNews.az