- Köhnə - Region
- 23 May 2014 21:22
- 7 673
Gürcüstan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işlərini yubadır?
ANS TV-nin məlumatına görə, nazir deyib ki, layihənin Türkiyədən keçən hissəsində işlərin 80 faizdən çoxunun başa çatmasına baxmayaraq, Gürcüstan ərazisində gecikmələr müşahidə olunub. Gürcüstanın xarici işləri nazirliyindən isə belə bir məlumatın onlara daxil olmadığını bildirirlər.
Xarici işlər naziri Maya Pançikidze ANS-in sualına cavab olaraq onlara Bakı-Tiflis-Qars dəmir yolu xəttində işlərin gecikməsi ilə bağlı heç bir məktubun daxil olmadığını bildirdi.
Gürcüstanın xarici işlər naziri Maya Pançikidze dedi ki, "Bakı-Tiflis-Qars dəmir yolu xəttinin inşasında yubanmalarla bağlı bizdə heç bir məlumat yoxdur. Bu layihə regionda həyata keçirdiyimiz ən uğurlu layihələrdəndir. Bir müddət əvvəl 3 ölkə Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərininTiflisdəki görüşündə də bu məsələ müzakirə olundu. Layihənin Gürcüstandan keçən hissəsi 2015-ci ildə istifadəyə veriləcək. Mən əminəm ki, bu, belə də olacaq və bizə bununla bağlı heç bir məktub daxil olmayıb".
Tikintini həyata keçirən "Azəryolservis" ASC-nin icraçı direktoru Qurban Priyev isə bildirdi ki, havanın və relyefin əlverişsiz olmasına baxmayaraq inşa işlərində heç bir gecikmə yoxdur. Qurban Priyev Türkiyəli nazirin tunelin tikintisinin yubanmasıyla bağlı verdiyi açıqlamanın da əsassız olduğunu bildirdi. Onun sözlərinə görə, 4200 metr uzunluğu olan tunel planlaşdırıldığı kimi bu ilin sonunda təhvil veriləcək.
Bir qədər əvvəl nəqliyyat nazirinin müavini Musa Pənahov da jurnalistlərə açıqlamasında layihənin təhvil verilmə vaxtindan narazı olduqlarını gizlətməmişdi. Amma bu ləngiməni layihənin Gürcüstan hissəsində edilən dəyişikliklə əlaqələndirmişdi. Bu dəyişikliklərə isə bir sira tunellərin və yol ötürücülərinin tikilməsi aiddir. Amma bunlar ilkin layihədə nəzərə alinmayıb.
Nəqliyyat nazirinin müavini Musa Pənahov vurğuladı ki, "Bilirsiz xərclər artmır, yəni layihənin smetası var. Onun dəyəri var, o smetaya uyğun işlər həyata keçirilir. Sadəcə vaxt baxımından bəzi problemlər yaşanır".
Qeyd edək ki, inşasına 2008-ci ildə başlanılan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Dəmir yolu xəttininin inşası isə mərhələli şəkildə aparılır. Azərbaycan-Türkiyə-Gürcüstan prezidentlərinin Tiflis görüşündən sonra rəsmilər artıq qəti tarix açıqlayıblar, amma indiyə qədər layihənin işə düşməsinin bir qədər yubandığı məlumdur. Bu layihənin icrası üçün Azərbaycan tərəfi Gürcüstana 775 milyon dollar kredit ayırıb.
AzNews.az