Türkiyədə 2 döyüş təyyarəsi qəzaya düşdü - 4 şəhid var (VİDEO)

Türkiyənin Malatya 7-ci Əsas Təyyarə Bazasından havaya qalxan 2 ədəd F-16 döyüş təyyarəsi qəzaya düşüb.



AZNEWS.AZ xəbər verir ki, nəticədə təyyalərdə olan 4 pilot şəhid olub.

Daxili işlər naziri Efkan Ala Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində çıxışı zamanı deyib ki, Malatyada iki döyüş təyyarəsinin qəzaya düşməsi xəbərini MHP-nin Qrup Başqan vəkili Oqtay Vuraldan alıb.

Efkan Ala əlavə edib ki, o, bu haqda hökumət rəsmilərini məlumatlandırıb:
"Təəssüf ki, bu gün axşamüstü Malatyada havaya qalxan iki döyüş təyyarəmizlə əlaqə kəsilib. Jandarm komandanı hadisə yerinə çatıb. Bir az əvvəl məruzə etməyə başlayıb. Dəqiq məlumat əldə etmək üçün hazırda orada dəqiq hesabat hazırlanır. Mənə çatan məlumata görə pilotlardan ikisinin şəhid olduğu deyilir, digər ikisi haqda isə məlumat yoxdur. Qısa zamanda məlumat əldə ediləcək".

Nazir Ala daha sonra şəhid sayının 4 olduğunu açıqlayıb.

Malatyada 2 təyyarənin düşdüyü qəzada həlak olan pilotların kimliyi məlum olub. Təyyarələrin Akçadağ rayonunun Əkinçilər bölgəsində yerə düşdüyü müəyyənləşdirilib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Malatyada iki hərbi təyyarənin düşməsi nəticəsində 4 pilotun şəhid olduğundan təəssüflənib və dərindən kədərləndiyini bildirib:
"Bu acı xəbər hamımızı dərindən kədərləndirdi. Vəzifələrini icra etdikləri vaxt həyatlarını itirən qəhrəman təyyarəçilərə Allahdan rəhmət diləyirəm. Mərhum şəhidlərimizin ailələrinə, yaxınlarına, Türk Silahlı Qüvvələrimizə və millətimizə başsağlığı, səbr və mətanət arzulayıram".