Millət vəkili: “Bu tör-töküntülər ölkəni parçalamaq istəyir”

Bir neçə gün öncə İrandakı talışların nümayəndəsi Əli Əbdüli İrəvanda "Qafqaz-Xəzər regionunun yerli xalqları" mövzusunda keçirilən konfransda çıxışında deyib ki, Azərbaycanda talışlar ağır vəziyyətdə yaşayırlar: "Talışları fiziki cəhətdən məhvolma təhlükəsi gözləyir.
Mən elm və mədəniyyət nümayəndəsi kimi məsələyə siyasi qiymət vermək istəmirəm. Amma Azərbaycanda talışlara qarşı münasibət məni narahat edir".

Onun bu çıxışı Azərbaycanda sərt qarşılanıb. Millət vəkili Fəzail İbrahimli AzNews.az-a deyib ki, qeyd olunanlar İran tərəfindən ələ alınmış satqın adamın fikridir: "Şimali Azərbaycanda deyirlər ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqları pozulur, azadlıqları yoxdur. Oradan da bir nəfər tapıblar ki, bu cür fikirlər səsləndirsinlər. Məsələnin fəlsəfəsi bundan ibarətdir".

Millət vəkili hesab edir ki, Azərbaycanda yaşayan bütün insanların hüquqları bərabərdir: "Azərbaycançılıq ideyası burada yaşayan bütün millətlərin söykənəcəyi bir divardır. Əgər Azərbaycanda yaşayan talışların hüquqları pozulursa, niyə bunu talışlar özləri demirlər? İranda yaşayan şəxs bunu necə deyə bilər? Bunlar hamısı ideoloji təxribatdır".

F.İbrahimli vurğulayıb ki, bu tör-töküntülər belə çıxışlar etməklə Azərbaycanı parçalamaq istəyirlər: "Talış Muğan Respublikası yarananda buna qarşı çıxan talışların özləri oldu. Xalq sübut etdi ki, Azərbaycan dövləti bütövdür, bunu parçalamaq olmaz".

İlkin Pirəli
AzNews.az