Türkiyədə erkən seçki ehtimalı gərginliyi artırdı - VİDEO

Türkiyədə erkən seçki ehtimalı ölkədə siyasi və iqtisadi gərginliyi artırıb.


AzNews.az-ın ANS TV-yə istinadən məlumatına görə, dünənki nəticə yekun nəticə deyil, koalisiya hökuməti üçün digər partiyalarla danışıqlar olacaq. Bu sözləri Rizə şəhərinə səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Onun sözlərinə görə, koalisiyanın qurulması üçün tələlb olunan 45 günlük müddət başa çatmayıb və hökumətin formalaşması görüşlər davam edəcək: "Baş nazir MHP sədri ilə təkrar olaraq görüş üçün müraciət edib. Və müracəit əsasında görüş təyin olunub. İndi bu görüşdən nə nəticə çıxarsa, ona görə addım atılacaq".

Rəcəb Tayyib Ərdoğanın "hökumətin qarşılaşdığı bu böhran demokratik proseslərə zəhər deyil, dərmandır" kimi sakitləşdirici ifadələrindən fərqli olaraq mətbuat Türkiyənin çətin bir mərhələ qarşısında olduğu qənaətindədir. Müşahidəçilərə əsasən, bir tərəfdən hökumət böhranı, digər tərəfdən isə terror təhdidiləri vəziyyətin mürəkkəbliyindən xəbər verir.

"Əslində xalq koalisiyanın qurulmasını istəyir. Amma partiya liderləri baş verə biləcək krizisləri artırmaq istəyirlər".

Koalisiyanın qurulmayacağı xəbərinin ardınca ölkədə siyasi gərginliklə yanaşı, iqtisadi və sosial problemlər də ortaya cıxdı. Türk lirasının dəyəri bir anda son 30 ilin ən aşağı səviyyəsinə düşdü.

Bir gün öncə Türkiyədə 100 dollar 274 TL-yə bərabər idisə, hazırda 285 türk lirəsinə yüksəlib. 100 euro isə 304 TL-dən 318 TL-yə qədər yüksəlib.

Bütün bu baş verənlər onu göstərir ki, Tükiyə oktyabrın sonuncu həftəsində yenidən seçkilərə gedəcək. Buna qədərsə, Türkiyədə həm iqtisadi, həm də sosial problemlər ən yüksək səviyyəyə çatacaq.