Ermənilər Gürcüstanda həyəcan təbili çalır

Erməni olmağın ayıb sayıldığı ölkələr – Türkiyə və Gürcüstan


"Gürcüstandakı azərbaycanlı icması bu ölkənin hakimiyyət orqanlarına mane olur". Bunu Ermənistanın millət vəkili, "Cavax" ittifaqının sədri Şirak Torosyan bildirib.

Onun sözlərinə görə, Gürcüstan bir çox hallarda öz mənafeyinin əksinə olaraq, Zaqafqaziyada türk-azərbaycanlı marağına xidmət edir: "Gürcü hakimiyyətinin siyasəti ona xidmət edir ki, bu ölkədə türk elementi möhkəmlənir. Azərbaycan və Gürcüstan bir sıra problemlərə baxmayaraq, əlaqələrini inkişaf etdirir. Qars-Axalkalaki-Tiflis-Bakı dəmir yolu, qaz və neft proqramları buna sübutdur. Bütün bunlar Gürcüstan ərazisindən keçir və Ermənistanı regionda təcrid etmək məqsədi daşıyır".

Erməni deputatın sözlərinə görə, türklərin təsiri ilə Gürcüstan Cavax çayı üstündə su elektrik stansiyası tikilməsinə razılıq verib.

Deputat qeyd edib ki, təkcə Acarıstanda 20-30 min türk var ki, onlar bütün Gürcüstana nəzarəti gücləndirirlər: "Cavaxetiyada dəmir yolunun tikintisi ilə əlaqədar türk elementi daha da güclənir. Bu regionda türklərin yaşayış məskənləri salınır, Axalkalakidə tez-tez türk dili eşidilir".

Şirak Torosyan dünyada erməni olmağın ayıb hesab edildiyi iki ölkənin adını çəkib - Türkiyə və Gürcüstan. "Yaxşı oğlandır, amma heyf ki, ermənidir"- bu ifadə təkcə Gürcüstanda işlədilir. Hansısa siyasi xadimə qarşı hücumlar başlayanda onun erməni kökənli olduğu bildirilir"- deyə millət vəkili qeyd edib.

Elnarə Əlosmanqızı
AzNews.az