- Qayıdış
- 7 Aprel 2022 14:27
- 7 082
"Regionda sülh ancaq Azərbaycanın diqtə etdiyi prinsiplər üzrə yarana bilər"
"Azərbaycanın fəal və qətiyyətli diplomatiyası, eləcə də Ukraynadakı proseslər Qərbin mövqeyində xeyli dəyişikliklərə səbəb olub"
"Brüssel danışıqlarının Rusiya və Ermənistan üçün də müsbət tərəfləri yox deyildir. Öncə Rusiyadan başlayaq, Brüsseldə də Vladimir Putinin cənab İlham Əliyev və Paşinyanla son telefon danışıqlarında olduğu kimi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına istinad edilərək oradakı bütün maddələrin yerinə yetirilməli olduğunun vurğulanması hələlik Moskvanın istəmədiyi heç nəyin baş vermədiyi təəssüratı, daha dəqiqi, görüntüsü yaradır. Eyni zamanda Ermənistanda proseslərin bu cür gedişini Kremlin ayağına yazmağa çalışan qərbpərəstləri arqumentsizləşdirir. Çünki ortada Rusiyanın moderatorluğu altında keçirilən görüşdə qaldırılan məsələlərin Qərbdə də təkrarlandığı və təsdiqləndiyi kimi bir reallıq var".
AzNews.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.
O bildirib ki, Brüssel danışıqlarının Ermənistan rəhbərliyi və elə dövləti üçün də müsbət tərəfinin olması haqda fikrimiz də yenə eyni məntiqə dayanır.
"Əksəriyyəti Rusiyaya bağlı olan hay revanşistləri görürlər ki, Moskvada da, Brüsseldə də danışıqar Azərbaycanın diqtə etdiyi format, gündəlik və postkonflikt fəlsəfəsi üzrə gedir. Onların revanşist çağırışlarına bağlı olduqları çevrələr göz yumacaqları, hətta əl altdan dəstək verəcəkləri halda belə, Qərbin də eyni addım atacağı indi real görünmür. Azərbaycanın fəal və qətiyyətli diplomatiyası, eləcə də Ukraynadakı proseslər Qərbin mövqeyində xeyli dəyişikliklərə səbəb olub. Və burada “Qərb” sözünü elə-belə işlətmirəm. Hay diasporuyla sıcıaq ilikşiləri kimsəyə sirr olmayan ABŞ Dövlət Departamentindəkilər belə problemi ikitərəfli formatda çözməyə çağırırsa, Azərbaycanın istədiyini dilə gətirirsə, demək, Vaşinqtonla Brüssel burada da ortaq mövqedən çıxış edirlər", - deyə deputat əlavə edib.
S. Alıyev qeyd edib ki, Ermənistan cəmiyyəti də görür ki, revanşistlərin böyük əksəriyyətinin bağlı olduğu Rusiya da, Qərb də sülh danışıqlarına başlanmasını və Azərbaycan Prezidentinin Moskvada tələb etdiyi kimi üçtərəfli bəyanatda əksini tapan bütün maddələrin yerinə yetirilməsini- qanunsuz silahlı birləşmələrin Qarabağdan çıxarılmasını və kommunikasiyaların açılmasını istəyirlərsə, Paşinyanı başqa biriylə əvəzləməklə reallığı dəyişə bilməyəcəklər.
"Yəni proseslərin belə getməsi Paşinyanlıq məsələ deyil, Azərbaycanın cəbhədəki bacarıq və qətiyyətini diplomatik müstəvidə də göstərməsi, Türkiyənin regionda artan təsiri, Avrasiyadakı yeni geosiyasi vəziyyət bunu diqtə edir.
Belə bir reallıq əslində Ermənistandakılar, eləcə də Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanlar üçün də yaxşı perspektivlər açır. “Böyük Ermənistan” xülyasından, türkə qarşı düşmənçilik hissindən azacıq qurtula bilsələr, onlar özləri də anlayacaqlar ki, regionda sülh olmadan düşdükləri acınacaqlı vəziyyətdən heç cür çıxmayacaqlar. Regionda sülh isə ancaq və ancaq Azərbaycanın diqtə etdiyi prinsiplər üzrə yarana bilər. Çünki bu prinsiplər beynəlxalq normalara dayanır və üstəlik də onu diqtə edən tərəf diqtə olunandan qat-qat qüdrətli dövlətdir ki, cəbhədə olduğu kimi diplomatik müstəvidə də ardıcıl olaraq bu təsdiqlənir", - deputat vurğulayıb.