Rəsmi Bakı: ABŞ-ın İranın dron hücumları ilə bağlı Azərbaycana dəstəyinin xüsusi əhəmiyyəti var

Azərbaycan Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İranın Naxçıvana dron hücumları ilə bağlı bəyanatını şərh edib.

Aznews.az xəbər verir ki, bəyanatda deyilir:

"Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran tərəfindən Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş dron hücumlarını qınayan və ölkəmizlə həmrəylik ifadə edən bəyanatını yüksək qiymətləndiririk.

Bu bəyanatla, ABŞ tərəfi öz tərəfdaşlarına olan dəstəyini bütün dünyaya nümayiş etdirib. ABŞ tərəfindən bəyan edilən bu mövqe cari ilin 10 fevral tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın ruhuna və məzmununa tam uyğundur.

Belə bir gərgin dönəmdə bir çox ölkələr Azərbaycana dəstəyini və həmrəyliyini nümayiş etdirib. Biz onların hər birinə minnətdarıq. Təbii ki, dünyanın ən qüdrətli dövləti olan ABŞ tərəfindən göstərilən bu dəstəyin xüsusi əhəmiyyəti vardır".