“Bölgədə yaranan gərginlik hər bir dövlət üçün təhlükəsizlik riski yaradır” – Əli Mustafayev

"Əlbəttə, İran tərəfinin belə açıqlaması olmuşdu. Təkrar olaraq Prezident Pezeşkian tərəfindən rəsmi mövqenin açıqlanması, yəni Naxçıvanda baş verən insidentin İran tərəfindən törədilmədiyi, hadisəyə münasibəti müəyyən qədər dəyişir. Faktiki olaraq, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, İran dövləti rəsmi olaraq Azərbaycana qarşı belə bir addım atmadığını bildirir. Bu, baş vermiş təcavüz aktının mahiyyətinə müəyyən təsir göstərir. Ola bilər ki, insident İran ərazisindən kimlərsə tərəfindən törədilib, rəsmi və ya qeyri-rəsmi qüvvələr, İran hakimiyyətinə bağlı olan və ya olmayan, bəzən isə hakimiyyətin nəzarətindən kənar SEPAH qüvvələri və ya SEPAH-ın içərisində üçüncü dövlətə məxsus qüvvələr tərəfindən. Burada ehtimallar çoxdur, amma bütün hallarda bu, İran dövlətinin Azərbaycana qarşı qəsdinin olmadığının rəsmi ifadəsidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Xatırladaq ki, ötən gün İran lideri Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edərək bir sıra vacib məqamları diqqətə çatdırdı. O, Azərbaycan Prezidentinin İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə bağlı Tehrandakı səfirliyə başsağlığı verməsini və İrana humanitar yardım göndərmək təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib. Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İran tərəfindən törədilmədiyini qeyd edərək, hadisənin araşdırılacağını vurğulayıb. Prezident İlham Əliyev isə İranda baş vermiş hadisələrdə çoxsaylı mülki şəxslərin həlak olması ilə bağlı başsağlığını bir daha çatdırıb və Naxçıvanda baş vermiş insidentin araşdırılmasının vacibliyini qeyd edib.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan bölgədə yaranmış gərginlik müəyyən qədər azala bilər.

"Son günlər bölgədə baş verən hadisələr, İranın münaqişədə iştirakı və digər qonşu ölkələrə etdiyi hərbi addımlar elə bir abu-hava yaradıb ki, istənilən dövlət üçün təhlükəsizlik riski mövcuddur. Azərbaycan da bundan təsirlənir, çünki hər dəqiqə İran ərazisindən hər hansı bir zərbə riski var. Oxşar hallar Türkiyə üçün də baş verir. Əlbəttə, bu məsələlərə yaxın zamanda rəsmi açıqlama gözlənilir. İran hakimiyyəti rəsmi olaraq bu məsələləri aydınlaşdırmalıdır. Ya İran ərazilərinə nəzarət etmir, ya da hərbi qüvvələrinə tam nəzarət yoxdur. Bəzən isə nəzarət var, amma məsuliyyət boyunlarından atılır. Hər halda, bu məsələlərin aydınlaşdırılması vacibdir. Bu insidentlər bölgənin təhlükəsizliyi üçün həssasiyyət yaradır. Bəzi hallarda durum rəsmi dövlət qurumlarının nəzarətindən çıxmış kimi görünür və belə risklər hər zaman mövcuddur. İran dövləti öz ərazisinə nəzarət etməli, qonşu ölkələrə qarşı mümkün cəhdlərin qarşısını almalı və bu halları cəzalandırmalıdır. Baş verən hadisələr qonşu ölkələr üçün təhlükəsizlik baxımından narahatlıq doğurur. Azərbaycan və İran qonşu ölkələrdir və orada baş verənlərdən asılı olmayaraq, tərəflər normal qonşuluq və dostluq münasibətlərini qorumaq istəyirlər. Ümumilikdə, savaşın tez bitməsi və İran xalqının bu bəlalardan qurtulması arzulanır. Azərbaycanın bu münaqişəyə münasibəti mənfidir və hər hansı tərəfi dəstəkləmir. Azərbaycan ərazisindən İrana qarşı hər hansı addım atılmasına yol verilmir. Bu isə onu göstərir ki, İranın Azərbaycanın münasibətlərinə adekvat reaksiya verməsi vacibdir. Ənənəvi olaraq, iki dövlət arasında sülh və təhlükəsizlik məsələlərində problemlər olmamalıdır. Savaşın İran daxilində baş verməsi vəziyyəti ayrı bir müstəviyə çıxarıb, amma insidentlər təkrarlanmadığı halda, Azərbaycanın İranla münasibətləri normal şəkildə davam edəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az