- Müşahidə məntəqəsi
- 9 Mart 22:34
- 3 454
“Sosial medianın gənclərin həyatına təsiri getdikcə artır” – Hüseyn İbrahimov
"Son illərdə həm sosial, həm də mədəni sahələrdə əhəmiyyətli dəyişikliklər müşahidə olunur. Bu, sürətlə inkişaf edən texnologiyalar, qlobal trendlər və digər sahələrdəki yeniliklər nəticəsində cəmiyyətin davranışına, həm makro, həm də mikro səviyyədə təsir göstərir. Təbii ki, bu prosesdə sosial medianın rolu xüsusilə önə çıxır. Sosial media tərbiyəvi, maarifləndirici və birləşdirici funksiyalar yerinə yetirir. Əgər əvvəllər medianın 5 əsas funksiyası qeyd olunurdusa, bugün onların sayı əhəmiyyətli dərəcədə artıb. Dünyada gənclərin həyat şəraiti, onların qlobal trendlərlə ayaqlaşması və karyera imkanları, həmçinin Azərbaycanda qadınların əmək bazarında rolu kimi məsələlər bu inkişaf meyllərinə uyğun olaraq formalaşır. İnsanların həyat tərzində baş verən dəyişikliklər bütün dünyada müşahidə olunur – düşüncədə, davranışda və gündəlik həyat tərzində. Eyni zamanda təhsil sahəsində də əhəmiyyətli dəyişikliklər gedir".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Xatırladaq ki, son illərdə sosial dəyişikliklər, texnologiyanın sürətli inkişafı və qlobal tendensiyalar cəmiyyətin həyat tərzini, davranış modellərini və dəyərlərini əhəmiyyətli dərəcədə təsir edir. Gənclərin sosial media ilə əlaqəsi, riskli trendlərin yayılması, sosial ədalət və bərabərlik məsələləri gündəlik həyatımızda daha çox diqqət çəkir. Azərbaycan da bu prosesdən kənarda qalmır. Ölkədə gənclərin təhsil, karyera və sosial inkişaf imkanları, qadınların əmək bazarındakı rolu, etnik və dini icmalar arasında tolerantlıq kimi mövzular aktuallığını qoruyur.
Sosioloq vurğulayıb ki, süni intellekt və digər texnologiyaların rolu getdikcə artır və ölkəmizdə bu sahələrə xüsusi diqqət yetirilir.
"Dövlətimizin başçısı da dünyada və ölkəmizdə baş verən bu dəyişikliklər fonunda yeni institusional strukturların yaradılmasını daim diqqətdə saxlayır. Bu, həm gələcək nəsillərin qorunması və möhkəmlənməsi, həm də onların cəmiyyətdə rolunun artması, idarəetmə proseslərinin şəffaf aparılması ilə bağlıdır. Sosial medianın gənclərin həyatına təsiri də getdikcə artır və onun dəyişdirici rolu böyükdür. Gənclər həyat tərzini formalaşdıran sosial media imkanlarını düzgün qiymətləndirməli, öz tələblərini aydın şəkildə müəyyən etməlidirlər. Problem ondadır ki, sosial media imkanları genişləndikcə, gənclərin tələbləri bəzən bu imkanlara adekvat olmur. Əsas məsələ budur ki, gənclər öz tələblərini düzgün qura bilsinlər. Bu baxımdan sosial medianın funksiyaları bəzən həyatda neqativlərin artmasına səbəb ola bilər. Gənclərə öz tələblərinin aydın olması vacibdir: hansı tələblər onlara lazımdır və hansı tələblərin yerinə yetirilməsi onların cəmiyyətdə rolunu, karyera imkanlarını və digər funksiyalarını dəyişdirə bilər. Yeni tələblər artdıqca, onların idarə olunması institusional səviyyədə təşkil edilməlidir. Bu, gənclərə orta məktəbdən başlayaraq müxtəlif təhsil və institusional sferalarda düzgün istiqamət vermək üçün vacibdir. Artan tələbatlar gənclərin həyatında müsbət tendensiyaların inkişafına xidmət etməlidir. Hər məsələni yalnız sosial medianın üzərinə atmaq düzgün deyil. Yeniyetmələrin və gənclərin zərərli məzmundan uzaq durması isə onların təhsil, institutlar və valideyn nəzarəti ilə əlaqəli şərtlərlə təmin olunmalıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az