Qarabağda 113 kəndi əhatə edəcək yarımstansiyaların inşasına start verilib

Azərbaycanın azad edilmiş ərazilərində 113 kəndə xidmət göstərəcək yarımstansiyaların inşasına başlanılıb.

Aznews.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin nümayəndəsi İsmayıl Cavadzadə “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında deyib.

Onun sözlərinə görə, hazırkı dövrədək bölgədə 1 ədəd yeni 110 kilovoltluq yarımstansiya inşa olunub: "Hazırda daha 2 ədəd 110 kV-luq yarımstansiyanın tikintisi aparılır. Bundan əlavə, 35 kV-luq yeni yarımstansiyaların sayı 27-ə çatıb, 1 ədəd 35 kV-luq yarımstansiyanın tikintisi isə davam etdirilir. Eyni zamanda, mövcud 35 kV-luq yarımstansiyaların bəzilərində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir".

İ. Cavadzadə bildirib ki, elektrik təchizatının təmin olunması məqsədilə ərazilərdə 25 kənd üzrə köç qrafikinə uyğun olaraq işlər görülür:

“Hazırda 24 kənddə elektrik infrastrukturu qurulur. Ümumilikdə 113 kəndə xidmət göstərəcək yarımstansiyaların inşasına başlanılıb. Onlardan biri Ağdam şəhəri ərazisində yerləşən Təzəkənd yarımstansiyasıdır – burada yenidənqurma işlərinə artıq start verilib. Digər layihə isə Kəlbəcər şəhərində “Azərişıq” tərəfindən inşa edilən ‘113/30 İstisu’ yarımstansiyasıdır. Paralel olaraq, Kəlbəcər şəhər yarımstansiyasının tikintisi də davam edir”.

Onun sözlərinə görə, Xocalı rayonunda 35 Kv-luq yeni rəqəmsal yarımstansiyanın inşası yekunlaşıb: “Laçında da 35 kV-luq yeni yarımstansiyaların tikintisi tamamlanıb”.

İ.Cavadzadə əlavə edib ki, Şuşa və Kəlbəcər rayonlarında bəzi kəndlərin elektrik təchizatı müvəqqəti şəbəkələrdən həyata keçirilir:

“Hazırda 35 Kv-luq şəbəkənin yaradılması istiqamətində işlər davam etdirilir. Ümumilikdə, icrada olunan işlər Cəbrayıl rayonunda Xudafərin, Soltanlı, Sarıcalı, Maşanlı, Böyük Mərcanlı, Karxulu kəndlərində həyata keçirilir”.