- Qayıdış
- 19 İyun 18:17
- 1 225
Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən daha bir qrup işəgötürənlərlə görüş olub

İşğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramları daim genişlənir. Doğma yurd yerlərinə qayıdan sakinlərin dayanıqlı məşğulluğunun təmin olunmasına xidmət edən bu proqramların icrasında işəgötürənlərlə sıx əməkdaşlıq həyata keçirilir.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Nazirlikdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən daha bir qrup işəgötürənlərlə keçirilən görüşdə bildirib. O, Qarabağ və Şərqi Zəngəzurda sakinlərin işlə təminatı ilə yanaşı, onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilməsi, özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlarının qurulması işlərinin də aparıldığını qeyd edib.
Görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC, SOCAR, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak edib.
İşğaldan azad olunan bölgələrdə sakinlərin məşğulluqlarının təmin olması sahəsində işəgötürənlərlə birgə görülmüş işlər və bu sahədə qarşıda duran vəzifələr müzakirə olunub.




