- Qayıdış
- 16:44
- 2 148
İşğaldan azad olunmuş bölgələrdə evlərdən dövlət bayrağı asıla bilərmi? - HÜQUQİ ŞƏRH

Bəstəkar Tural Baküvinin Laçında sakinlərlə söhbətindən sonra yazdığı sosial şəbəkə paylaşımı cəmiyyətin diqqətini Qarabağda yenidən qurulan yaşayış məntəqələrindəki evlərin eyvanlarında Azərbaycan bayrağının olmamasına yönəldib. O, öz haqlı təəssüfünü bu sözlərlə ifadə edib:
“O evlər sahibləri üçün qazanc mənbəyinə çevrilib, bu heç, amma sakinlər də bir bayraq alıb eyvanlarından assalar nə olar ki?! Soruşanda dedilər ki, əvvəl hər evdə bayraq var idi, dövlət asmışdı, sonradan soldular, bir-bir çıxartdıq... Amma hər işi, xüsusən bu cür xırda, eyni zamanda isə ülvi bir işi dövlətdən gözləmək lazım deyil axı…”
Sosial şəbəkələrdə bəzi istifadəçilər iddia ediblər ki, mövcud qanunvericiliyə görə, şəxsi yaşayış evlərindən dövlət bayrağının asılması qadağandır. Bu iddianın doğru olub-olmadığını araşdırmaq üçün “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanuna nəzər salaq.
Qanun nə deyir?
“Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun (https://e-qanun.az/framework/6198) 8 iyun 2004-cü il tarixində qəbul olunub və bayrağın istifadəsi ilə bağlı hüquqi əsasları müəyyənləşdirir.
Bu qanunun 5.1-ci maddəsi isə müzakirə edilən məsələ üçün birbaşa cavab verir:
“Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.”
Bu bənd nə deməkdir?
Sadə dillə desək, qanun şəxsi yaşayış evlərindən bayraq asmağı tam şəkildə qanuni sayır. Yəni, hər bir vətəndaşın öz evinin önünə və ya eyvanına Azərbaycan Respublikasının Dövlət bayrağını asmağa tam hüququ var.
Burada vacib olan yalnız odur ki, bayraq Azərbaycan dövlətinin rəmzinə hörmətlə yanaşılsın, yəni cırılmış, solmuş, zədələnmiş bayraq istifadə olunmasın və bayraq qanunla müəyyən olunmuş estetik və texniki normalara uyğun vəziyyətdə olsun.
Nəticə: Bayrağımızı könüllü və qürurla asmaq hüququmuz var!
Sonda nəticə olaraq qeyd etmək olar ki, şəxsi evlərdən dövlət bayrağının asılması qanunla icazəlidir və qadağan olunmur. Əksinə, bu həm vətəndaşlıq mövqeyi, həm də vətənə və ordumuza sayğının təzahürü olaraq qiymətləndirilməlidir. Qarabağda dövlətin tikib vətəndaşa təhvil verdiyi evin eyvanında Azərbaycan bayrağının dalğalanması yalnız hüquqi deyil, mənəvi baxımdan da zəruridir.
Dövlətimizin verdiyi Zəfərin mənəvi davamı olaraq, o torpaqlarda yaşayan hər kəsin evinin eyvanından üçrəngli bayrağımız qürurla asıla bilər və asılmalıdır. Bu həm şəhidlərimizə, həm qayıdışa, həm də dövlətimizin tikdiyi evlərə verilən ən gözəl cavab ola bilər.
Zeynal ABDİN,
AzNews.az