Müctəba Xəmneyinin ilk açıqlaması yayıldı: Körfəz ölkələrini vuracağıq!

İranda yeni dini lider kimi vəzifəyə başlayan Müctəba Xəmneyinin ilk açıqlaması yayılıb. "Yeni dini liderin xalqa müraciəti" onun rəsmi Telegram kanalında səs yazısı şəklində paylaşılıb.

Müraciətdə Xəmneyi bildirib ki, ölkəyə qarşı həyata keçirilən hücumlara cavab veriləcək və tökülən qanın qisası alınacaq. O, Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarının hədəf alınmağa davam edəcəyini bildirib.

Yeni dini lider çıxışında deyib:

“Tökülən bütün qanın qisası alınacaq. Ölkəmizi parçalamaq cəhdlərinin qarşısını aldıq. Bütün xalqımız birlik içində olmalıdır. Düşmənin bölgədəki bazaları həmin ölkələri nəzarət altına almaq məqsədi daşıyır. Qonşu ölkələrdəki düşmən bazalarından hücuma məruz qaldıq və cavab vermək məcburiyyətində qaldıq”.

Bu açıqlama regionda gərginliyin artdığı və ABŞ-İsrail-İran qarşıdurmasının davam etdiyi bir vaxtda səsləndirilib.

Xəbərin yayılmasından sonra sosial şəbəkələrdə koma vəziyyətində olduğu deyilən Müctəba Xəmneyinin səs yazısının Süni İntellektlə hazırlana biləcəyi qeyd edilib.

AzNews.az