- Rusiya və İran
- 17:37
- 1 432
ABŞ İran neftinə qarşı sanksiyaların müvəqqəti olaraq ləğv edilməsini qəbul etdi - TASNİM
Rəsmi Vaşinqton davam edən nüvə danışıqları fonunda İrana tətbiq edilən neft sanksiyalarını dondurmağa razılıq verib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə bilinən "Tasnim" xəbər agentliyinin yaydığı məlumata görə, ABŞ nüvə danışıqları müddətində İranın neft ixracına qoyulan məhdudiyyətləri müvəqqəti olaraq qüvvədən düşürməyə hazırdır.
İranın danışıqlar qrupuna yaxın mənbələrə istinadən xəbər verilir ki, Ağ Evin təqdim etdiyi sonuncu mətn əvvəlki layihələrdən kəskin şəkildə fərqlənir. Belə ki, ABŞ tərəfi ilk dəfə olaraq müzakirələrin getdiyi dövrdə İran neftinin satışına tətbiq edilən sanksiyaların dondurulmasını qəbul edib.
Qərarın icra mexanizmi və Tehranın şərti
Mənbənin bildirdiyinə görə, təklif yekun saziş əldə olunana qədər ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən müvəqqəti icazələrin (güzəştlərin) verilməsini nəzərdə tutur.
Lakin bu yumşalmaya rəğmən, rəsmi Tehran öz qəti mövqeyindən geri çəkilmək niyyətində deyil. İran tərəfi hər hansı bir yekun razılaşmanın əldə olunması üçün ölkəyə qarşı tətbiq edilən bütün sanksiyaların tam və birdəfəlik ləğv edilməsini şərt kimi irəli sürməyə davam edir.
Mövsüm,
AzNews.az