Sənət adamları İlhamə haqda nə yazdılar? – “Xəbərdarlıqdır”

Sənət adamları, müğənnilər və şou nümayəndələri sənətkar İlhamə Quliyevanın vəfatı ilə bağlı fikirlərini bölüşüblər.


AzNews.az sosial şəbəkələr vasitəsilə paylaşılan fikirlərdən bəzilərini təqdim edir:

Xalq artsiti Nisə Qasımova: "Əlbəttə heç inanmağım gəlmir, Allah rəhmət eləsin. Allah o dünyasını versin, ölüm Allahın təqdiridir. Bunu qəbul etmək ağır gəlsə də belə. Rica edirəm artıq dərəcədə, dünyasını dəyişənin ardınca xoşagəlməz sözlər və fikirlər yazmayın. Allah yanında bəyənilməyən bir şeydir. Heç kəs də bir kəsin ölümünə sevinməsin. Günahdır. Mən bir şeyi bilirəm ki, kiminsə dünyadan köçməsi başqa birinə xəbardarlıqdır".

Müğənni Nadir Qafarzadə: "Səndən bir də olmayacaq... Allahın sevimli bəndəsi, cümə axşamı vəfat etdin, cümə günü də torpağa tapşırılacaqsan. Allah belə xoşbəxtliyi hər adama nəsib etmir".

Gənc müğənni Aynişan Quliyeva: "Yəqin İlhamə xanımın ölümünə mən heç vaxt inanmayacağam. Allah rəhmət eləsin".

Müğənni Xatirə İslam: "Allah sizə rəhmət eləsin, böyük ürəyi və böyük sənəti olan İlhamə xanım. Üç gün bundan əvvəl yeyib, içib, mahnı oxudu, deyib-gülüb, zarafatlaşdı, axı nə oldu birdən-birə?! Bu qorxulu, təhlükəli şou-biznes aləmində bu vaxta qədər yaşadınız, yaratdınız, hələ o böyük şeydir. İnsan xəstələnmədən, heç bir yeri ağrımadan ölə bilərmiş, nurlar içində yatın".

Müğənni Samir Piriyev: "Gedən getməlidir dünyadan bir gün, yalnız xatirələr qalar. Dost üçün Allah rəhmət eləsin".

Müğənni Elnur Məmmədov: "Heç inanmağım gəlmir, dünya, həyat fanidir, əzizlərim! Allah sizə rəhmət eləsin, İlhamə xanım".

Meyxana ifaçısı Namiq Qaraçuxurlu: "Sənəti, sənətkarlığı danılmaz olan, saysız titulların sahibi İlhamə Quliyeva. Xoşbəxt insanam ki, haqqımda yaxşı fikirlər söyləyib. Kimliyindən asılı olmayaraq, hər kəs bu dünyada qonaqdır. Yüzlərlə fakt, həqiqət görsələr də, bunu unudanlar var. Biz İlhamə xanımla daimi münasibətdə deyildik. Lakin hər zaman bir-birimizi görəndə böyük hörmətlə salamlaşıb, hal-əhval tutardıq. Deyiləsi söz çoxdur. Ancaq əsas deyiləsi söz budur. Allah günahlarını bağışlasın".

Şoumen Murad Dadaşov: "Bilirsiniz, bəlkə də İlhamə Quliyevanı sevib və ya sevməmək olar. İnsanlar çoxdur. Fikirləri müxtəlifdir. Amma bir məsələni etiraf etmək lazımdır ki, o, həqiqətən çox dəyərli və gözəl sənətkar, çox sadiq dost, böyük ürəyə malik olan insan idi. İnanın ki, çox böyük yumor hissi olan şəxs idi. Onunla çox saylı səfərlərdə olarkən mən bu xanıma vuruldum və həyatımın ən dəyərli dostları sırasına qazandım. Bu gün isə itirdim. Çox təəssüf ki, özünü mənə tanıdıb-sevdirdiyi qədər çox adama tanıda bilmədi. Çox təəssüf".

Bahar RÜSTƏMLİ
AzNews.az