Səməd Səmədov: “Deyəcəm ki, get, Səmədin hesabına kef elə...” Səməd Səmədov: “Deyəcəm ki, get, Səmədin hesabına kef elə...”

“Əli Mirəliyevi harda görsəm, cibinə 200-300 manat basacam” – MÜSAHİBƏ

Səməd Səmədov: “Deyəcəm ki, get, Səmədin hesabına kef elə...”




Xalq artisti, "Toylar kralı" Səməd Səmədovun AzNews.az-a müsahibəsi


- Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə Səməd Səmədovun da adı var, yoxsa dəvətlərdən kənarda qalmısınız?

- 3 gündür ki, rayonlardayam. Tərtər, Qəbələ, Ağdaş və İmişlidə olacam. Kim məni birinci dəvət edibsə, onu da qəbul etmişəm.

- Bu yay Bakıda solo konsert verəcəyinizi demişdiniz. Artıq yay ərəfəsidir, konsertdən nə xəbər?

- Konsert vermək fikrində deyiləm. Səməd üçün konsert məsələsi bitib. Bu yaşda konsert olar? Bir də ki, mənim bütün toylarım elə konsertdir də. Hər toyuma 2-3 min adam gəlir. Bunu da vur bir aya, gör nə qədər edir. Mən haradasa 100 min insanın məclisində oxumuşam. Bu da 100 min toy edir. Elə konsertlərim olub ki, mən orada aparıcı və aktyor da olmuşam. Konsertə ehtiyac yoxdur.

- Muğam ifaçısı Könül Xasıyeva da toylara çox gedir. Amma o, Respublika Stadionunda solo konsert verdi…

- Kim? Könül Xasıyeva? Onunla mən bir deyiləm axı. Özü də dişlərim xəstədir. Bir neçəsini çıxartdırmışam. Müalicə olunur, 8 diş əkdirmişəm. Hazırda yeri yaradır, incidir məni. Belə bir vəziyyətdə nə konsert? Mən anlaya bilmirəm, kim konsert verir versin də, Səmədin bura nə aidiyyatı?

- Deyirlər Səməd Səmədov xalq artisti fəxri adını alıbsa, bunun hesabatını da verməlidir?

- Kim deyir bunu? Hansı sənət adamı konsert verib? Əgər kimsə veribsə, çıxsın ortaya. Hamı mənim kimi toylarda olub, vəssalam. Birdə ki, kimsə Ginnesin "Rekordlar kitabı"na düşməlidir, ya yox. Bu da mənim payıma düşdü. Kimsə konsert verəndə Səməd Səmədov el şənliyində can qoyurdu. Azərbaycanın elə bir rayonu yoxdur ki, orada toyda olmayım. Toy lazım deyil? Birinci toy, sonra konsert. Toy aparmaq asan şeydir? Kimsə onu öhdəsinə götürməlidir ya, yox. Hamı bilsin və eşitsin: Səməd Səmədov toy üçün doğulub. Sağ olsun, İlhamə xanımı. Ondan yoxdur. O, mənə vaxtiylə bir "fəxri ad" verib. "Toylar kralı" adı. Bu adla üzün müddət yaşayıb toylarda meydan sulayandan sonra dövlət mənə daha bir ad verdi-Xalq artisti fəxri adı. Respublikanın xalq artisti Səməd Səmədov...

- Ginnesin rekordlar kitabında toylar üzrə müsabiqə keçirsəydi necənci yerdə olardınız?

- Mən onsuz da bu kitaba düşmüşəm. Çox istəyirəm ki, belə bir müsabiqə keçirsinlər. Əgər belə bir müsabiqə keçirilsə, mənimlə Cavanşir Məmmədov birinci yeri tutardı. 35 ildir ki, biz toylardayıq. Qadınlardan isə Firuzə İbadova yer tutardı. Biz üçümüz də sənətimizlə onu qazanmışıq. Toy şənlikləri bizlikdir.

-Bəs başqa sənətkarlardan, yəni 5-10 minə toya gedənlərdən kim düşə bilərdi?

- Yalandı, nə 10 min, nə 5 min? İnternetdə bütün müğənnilərin toy qiymətləri yazılıb. Biri var ayda 5 toy aparasan, biri də var, bütün ayı toya gedəsən. Bütün günü toydayam, hər gün də 4 min, bunu da vurun 30 günə. Evə gələn müştərini mən heç bir vaxt narazı salmamışam. Bu olmayıb. Mən də qiymətimi 10 min etsəydim yəqin ki, ayda iki toy aparacaqdım.

- Xalq artisti Bilal Əliyev deyir ki, o, artıq toylara 25 minə gedir?

- Moskvaya gedə bilər. Özü də Moskvaya hamı bu qiymətə gedir. Orada bizi toya aparan əcnəbi deyil ki, yerlilərimizdir. Təmannasız da toy aparan vaxtlarım olub. Müştəri gəlib danışmışıq, behləşmişik, İzrailə ad gününə getmişik. Gedəndə qapıda mənə deyiblər ki, səhnəyə çıxanda pis olmayın. Ad günü olan kəs əlildir, kalyaskada olacaq. Mən o behi geri qaytardım. Dedim ki, mən gələcəm, amma təmannasız. Nə qədər etdilərsə dedim olmaz. Gedəndə baxdım ki, səhnədə haradasa 15 əlil var. Sonda məcbur olub bizə hədiyyə verdilər. Mənim kimisi yoxdur.

- Sizcə, Səməd Səmədovun paxıllığını çəkirlər?

- Çəkirlər. Kimə fəxri ad veriblərsə Səməd ona sevinib. Amma Səmədə ad veriləndə hamı qan ağladı. Nədir? Səməd bu torpağın oğlu deyil? Kimə ad veriblərsə, o, ona layiqdir. Paxıllıq olmasa rəqabət, inkişaf da olmaz. Allah Əli Mirəliyevin canını sağ eləsin. Əli o qədər arxamca danşdı ki, məni hərəkətə gətirdi. Bir ara televizora-zada çıxmırdım. 30 gün toyda idim. Deyirdim nəyimə lazımdır ekran? Əli Mirəliyev mənə o qədər ilişdi ki, məni hərəkətə gətirdi. Başa düşdüm ki öz üzərimdə çalışmalıyam, qabağa getməliyəm, inkişaf etməliyəm. Ona görə də mən Əli Mirəliyevə təşəkkür edirəm. O, məni, yatmış adamı yerindən tərpətdi.

- Bəs qazandığınızdan Əli Mirəliyevə pay vermək niyyətiniz yoxdur?

- Niyə ki, harda görüdüm, cibinə pul basırdım. İndi çoxdandı, görmürəm. Amma harda onu görsəm cibinə 200-300 manat basacam. Deyəcəm ki, get, Səmədin hesabına kef elə. Ona həmişə pul verəcəm. Çünki onun adı Əlidir, familiyası da Mir Əliyev.... Allah onun canını sağ etsin... Nə yaxşı ki, var...Yoxsa Səməd Səmədov yaddan çıxar.

Bahar Rüstəmli
AzNews.az