Nazəninin prodüseri saxlanıldı

Müğənni Nazəninin prodüseri Pərviz Abbasov polis tərəfindən saxlanılıb



AzNews.az axsam.az-a istinadən xəbər verir ki, buna prodüserin müğənni Təranə Qumral və Musa Musayev cütlüyünün ünvanına təhqiramiz sözlər işlətməsi səbəb olub. Hadisə ilə bağlı açıqlama verən T.Qumral Pərvizlə polis idarəsində görüşdüklərini bildirib: "Pərviz dəfələrlə izahat alınması üçün polis şöbəsinə çağırılıb. Amma o, qanunun tələbinə əməl etmirdi. Dünən Nazəninin Sumqayıtda "Dünya TV"dəki verilişinin çəkilişləri zamanı polislər studiyaya girib və Pərvizin qolunu qandallayıb aparıblar. Hazırda o, Binəqədi Rayonu Polis İdarəsində saxlanılır. Musa ilə mən də idarəyə getdik. Pərviz bizdən üzr istədi. Nazəninin təsirinə düşüb, ünvanımıza təhqiramiz sözlər dediyini bildirdi. Biz insanları əzməyi xoşlamırıq. Qanunla hansı cəza verilcəksə, o da olacaq, başqa tələbimiz yoxdur".

Qeyd edək ki, prodüser Pərviz Abbasov müğənni Arzu Mələyin ad günündə Musa Musayevlə dalaşıb. Daha sonra P.Abbasov sosial şəbəkədə Təranə və Musa cütlüyünün fotolarını paylaşıb və təhqiramiz sözlər yazıb. T.Qumral buna Nazəninlə aralarındakı narazılığın səbəb olduğunu deyib.