Gülüstan Əliyevadan yeni klip - TƏQDİMAT

Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva sözləri Rəsul Rzaya, musiqisi Telman Hacıyevə aid olan "Gəncəm" adlı mahnıya çəkdirdiyi klipin təqdimat mərasimini keçirib.

Təqdimat mərasimində çıxış edən müğənni klip haqda məlumat verib. Bildirib ki, klip ona hədiyyə olunub: "Özüm Yevlax şəhərində doğulsam da, Gəncəyə adi mahnı ifa etdim və bu gün də həmin klipi sizlərə təqdim edirəm. Klip mənə hədiyyə olaraq çəkilib. "El" və "Kəpəz" televiziyasının dəstəyi ilə bu klip ərsəyə gəlib. Gəncədə çəkildiyinə görə, klipin ilk təqdimat mərasimini də məhz həmin şəhərdə etməyi özümə borc bildim".

Tarixi yerlərlə yanaşı, milli geyimlərimizin də nümayiş olunduğu klipin rejissoru Səxavət Məmmədov isə bildirib ki, çəkilişlər Gəncənin müxtəlif məkanlarında aparılıb: "Klipdə süjet xətti yoxdur. Klip tarixi şəhərdən bəhs edən mahnıya çəkildiyinə görə, çalışdıq ki, Gəncənin tarixi abidələrini, gözəlliklərini işıqlandıraq, son dövrlərdə şəhərdə aparılan işləri, yenilikləri tamaşaçılara göstərək. Gəncənin müxtəlif gözəl məkanlarında çəkilişlər apardıq. Hətta "Göy-göl"də də çəkilişlərimiz oldu".

Bahar Rüstəmli
AzNews.az