“Qarabağın tez bir zamanda həlli vacibdir” - ABŞ səfiri

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional əməkdaşlığa mənfi təsir göstərir. Bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tez bir zamanda həlli vacibdir.


Bu fikirləri ABŞ-ın Türkmənistandakı səfiri söyləyib.

Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalovun amerikalı həmkarı ilə görüşündə ölkələrimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın strateji xarakter daşıdığı və onun inkişafında hər iki tərəfin maraqlı olduğu qeyd olunub. Həmçinin regional məsələlər müzakirə edilib, sülhün və sabitliyin təmin olunmasının regionun bütün ölkələri üçün vacibliyi vurğulanıb. Səfir H.Zeynalov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin cari vəziyyəti haqqında həmkarına məlumat verib. Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən münaqişənin həllində hər hansı irəliləyişə nail olunmadığını diqqətə çatdırıb. O, Minsk qrupunun və onun həmsədri kimi ABŞ-ın münaqişənin tezliklə həll olunması üçün səyləri artırmasının vacibliyini vurğulayıb.

ABŞ diplomatının diqqətinə çatdırılıb ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş ətraf rayonlarından bir milyonadək soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Ermənistan XX əsrin müxtəlif dövrlərində azərbaycanlıların mərhələli şəkildə deportasiyasını həyata keçirib, hətta Azərbaycan mənşəli yaşayış məntəqələrinin adlarını erməniləşdirib.

Bildirilib ki, Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Bunun bariz nümunəsi Əfqanıstanda sülhyaratma əməliyyatlarında ölkəmizin iştirakıdır.

Səfir A.F.Mastard Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin yaxın zamanda həlli yolunun tapılacağına ümidvar olduğunu bildirib.

Azərbaycan diplomatı görüşdə amerikalı həmkarına Sitarə Mirmahmudovanın müəllifi olduğu "Ermənistanda Azərbaycan oykonimləri və onların erməniləşdirilməsi siyasəti" kitabını hədiyyə edib.


Azərtac