Zamin Hacı Zamin Hacı

Nümunəvi həyat

Zamin Hacı



Öz aramızdır, deyəsən torpağa basdırılmamaqla ən doğru işi elə Vladimir İliç edib. Artıq 100 ilə yaxındır indiki yapokratların və keçmiş kommunistlərin sevimli Lenin babasının cəsədini Moskvada, Mavzoleydə saxlayırlar. Əsl uzaqgörən şəxsiyyət olmuşdur. Düzdür, Leninin belə vəsiyyəti olmayıb ki, məni mumiyalayıb camaatın qabağına qoyarsınız, hər halda onun qurduğu sistem belə qərar qəbul edibsə, biz bunu da Lenin siyasətinin bəhrəsi saymalıyıq. Bəs uzaqgörənlik nədədir?

Diqqət edin, son illərdə bütün dünyada virus kimi bir adət yayılmaqdadır: dövlət başçılarının qəbirlərini açmaq. Türkiyə prezidenti Turqut Özalın qəbrini artıq açıblar, Fələstin lideri Yasir Ərəfatın məzarının açılacağı haqda qərar var, bizdə isə Əbülfəz Elçibəylə bağlı bu söhbət ortada fırlanır. Rəhmətlik dövlət rəhbərlərinin qəbirləri adətən bu prosedurla açılır: kimsə durur bəyanat verir ki, bəs, adamı zəhərləyib öldürüblər. Sonra bu mövzu şiti çıxana qədər mediada çürüdülür, nəhayət, dövlət qərar verir ki, gərək qəbri açaq, meyitdən nümunələr götürək. Ancaq Lenin bəyin qəbrini, gördüyümüz kimi, açmağa ehtiyac yoxdur. Hər şey göz qabağındadır.

Belə çıxır dövlət başçısı olan adama nə bu dünyada, nə o dünyada rahatlıq yoxdur. Hətta ola bilsin bu minvalla yaxın illərdə bütün dövlətlər bir qanun qəbul edəcəklər, həmin qanunla dövlət rəhbəri öləndə dəfndən qabaq onun bədənindən nümunələr götürüləcək, hardasa saxlanacaq ki, bir də "zəhərlənmə söhbəti" ortaya çıxsa, dəxi mərhuma əziyyət verilməsin. Yoxsa bu absurd teatrının sonu görünmür. Rəhmətliyin uşağı, tutaq ki, prezidenti zəhərləyib öldürmüsünüz, yaxşı olmazmı adam yerində rahat uyusun? Gərək ölüsünü də zəhərləyəsiniz?

Üstəlik, mən fikir verirəm, o prezidentlər ki, sağlığında camaatın ömrünü zəhərləyiblər, həyatını başına dar ediblər, heç onları narahat edən yoxdur. Sanki camaat da qorxur: "Birdən qəbri nümunə götürmək üçün açdıq, adam qəfil durub təzədən prezident olsa, yenə ömrümüzü zəhərləsə?..." Çətin problemdir. Həyatda hər şey ola bilər. Ümumiyyətlə, gündən-günə planetin zibili çıxır. Yadplanetli tanış-biliş olsaydı, adam onun boşqabına minib burdan cəhənnəm olardı.

Əziz oxucuları qaramat mövzuda çox yormaq istəmirəm, yaxşı olar poeziya fasiləsinə çıxaq və deputatxana vitse-spikeri, xalq şairi Bahar Muradovanın "Şad xəbər" poemasından bir parçanı dinləyək:

"Qayıtdı ki, özü ilə birlikdə sənin ruhunu da doğma yurda qaytarsın.
Arxayın ol, o gün çox da uzaqda deyil, "Şəhid Ana",
Rahat yata bilərsən...
Bütün Azərbaycan anaları
sənin sevincini göz yaşlarında axıtdılar,
sənin fərəhini, qürurunu yaşadılar,
fəxr etdilər, öyündülər,
"Xoş gəldin, əziz balam", - dedilər."

Gördüyümüz kimi, şairə-siyasətçi şəhid anaya müraciət edir, onu rahat yatmağa səsləyir. Nədən ötrü? Çünki şəhid ana bu poemada kimdirsə, onun zəhərlənməyib dünyasını dəyişdiyinə şairə qəti əmindir. Əks halda şeiri belə yazardı:

"Gözlə, şəhid ana,
səndən nümunələr götürəcəyik,
İstintaq daima yenilənəcəkdir,
Günahkarlar cəzasına çatacaq,
Ədalət zəfər çalacaqdır".

Doğrudur, vitse-spikerin şeirində nə qafiyə, nə məzmun, nə də poetik obraz vardır, ancaq biz vəziyyəti, şairənin ilham pərisi ilə söhbət anındakı ruhi durumunu nəzərə alaraq, bunu yaxın gələcəkdə 1-ci sinfin "Ədəbiyyat" dərsliyinə, 10-cu sinfin "Fizika", 7-ci sinfin "Cəbr" dərsliklərinə daxil etməliyik. İndi çox cüvəllağı uşaqlar yetişir, onlara bu da azdır. Eyni zamanda, bir çox dahilərə onsuz da sağlığında qiymət verilməyibdir, yazıq Van Qoq acından qulağını yemişdi, lakin üstündən yüz il keçəndən sonra onun rəsmləri yüz milyon dollarlara satılır.

Başqa bir tanınmış şairimiz demişkən, "sağlığında qiymət verək insanlara". Yazını elə bu nikbin notlarla bitirirəm, hamıya uzun ömür, can sağlığı, nümunəvi həyat, nümunə götürülməyəcək o biri dünya arzulayıram.