Azərbaycan ABŞ-dan istədiyi dəstəyi aldı

Aprelin 1-də Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti geniş müzakirələrə yol açıb. Sammitdə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı, keçirdikləri görüşlər ciddi diqqət çəkib.


Ölkə başçısının ABŞ-da yüksək səviyyədə görüşlərini ekspertlər Azərbaycan-ABŞ münasibətlərində dönüş nöqtəsi kimi dəyərləndirərək, sammitin gələcək acısından ölkəmiz üçün müsbət sonuclarının olacağını proqnozlaşdırırlar. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də nüvə sammitinin müsbət nəticələrinin olacağına inananlar az deyil.

Azərbaycan prezidentinin ABŞ səfəri ilə bərabər Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da sammitdə iştirakı və Barak Obama ilə görüşü günlərdir mətbuatın gündəmindən düşmür. Politoloqlar sammitin qardaş ölkəyə Rusiya ilə gərgin münasibətlərdə dəstək olacağını hesab edirlər.

Politoloq Qabil Hüseynli nüvə sammitinin Azərbaycan üçün böyük əhəmiyyətinin olduğunu qeyd etdi: "Azərbaycan tərəfinin sammitdə kütləvi qırğın silahlarına olan münasibəti özünü açıq şəkildə göstərdi. Bu, Azərbaycanın sülhməramlı siyasətinin açıq ifadəsi idi. Biz nəinki nüvə silahını əldə etmək istəyirik, eyni zamanda bu cür silahların ölkə ərazindən keçirilməsinə imkan verilməyəcəyini bəyan etdik. Azərbaycanın imzaladığı beynəlxalq konvensiyalarda bunlar öz əksini tapıb. Bir neçə il bundan əvvəl iki İran vətəndaşı tərkibində radioaktiv maddələr olan təhlükəli maddəni sərhəddən keçirərkən gömrük işçilərimiz tərəfindən yaxalanmışdılar. Radioaktiv maddənin daşıyıcısını Azərbaycan Beynəlxalq Atom Enerjisi Mərkəzinə təslim etmişdi. Nüvə sammitində Azərbaycanın bu hərəkəti Barak Obamanın çıxışında nümunəvi addım kimi hamıya göstərildi. Sammitdə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirəcək bir sıra görüşlər keçirildi. Xüsusilə Barak Obama, vitse-prezidentlə, dövlət katibi və digər şəxslərlə görüşlər sözün həqiqi mənasında Azərbaycan üçün prinsipal əhəmiyyət daşıyan müsbət rol oynadı. Onu da nəzərə almaq lazımdır ki, cənab İlham Əliyevə Amerikada yüksək səviyyədə qarşılanma mərasimi təşkil olundu. Bu, Azərbaycanın regionda lider dövlət olduğunu təsdiq edən amillərdən biridir. Prezidentin sammitdə iştirak etmək üçün ABŞ-a dəvət olunması onu göstərdi ki, Azərbaycanın xarici siyasətində qərbyönlü siyasət əsas yer tutmağa başlayıb. Azərbaycan-Qərb münasibətlərində mühüm addımlar atıldı. Azərbaycan özünə ciddi müttəfiqlər əldə edə bildi. Bütün bunlar Azərbaycanın inkişafı üçün böyük əhəmiyyətə malik olacaq".

Politoloq Ərdoğan-Obama görüşünü region acısından təhlil etdi: "Ərdoğan əvvəlki çıxışında Rusiyaya çağırış etdi. Münasibətlərin bərpa olunması təklifini etdi. Türkiyə rəhbəri münasibətlərin bərpa olunmasının regiondakı problemlərin həllində vacib mərhələ olduğunu söylədi. Rusiya tərəfi özünü naza çəkdi. Amma Obama Ərdoğanla görüşdə Türkiyənin yanında daim olduqlarını bəyan etdi. Rusiyada gerçəkliyi indiyə qədər qəbul etməyən başlar artıq anladılar ki, Türkiyəyə qarşı münasibət NATO-ya yönəlmiş münasibətdir. Qarabağ münaqişəsinin həlli istiqamətindəki işlər müəyyən bir mərhələyə çatdıqdan sonra Türkiyə-Rusiya münasibətlərində də bir açılım olacaq. Kiçik şəkildə olsa da, bu açılımın müəyyən izləri görünməkdədir. Gələcəkdə daha irimiqyaslı acılıma çevrilə bilər. Türkiyə-Rusiya münasibətlərinin düzəlməsi Dağlıq Qarabağ probleminin həllinə də kömək edə bilər".

Q.Hüseynli İlham Əliyev-Obama və Ərdoğan-Obama görüşlərinin dünya gündəminə oturmasına da münasibət bildirdi. Müsahibimiz Azərbaycan prezidentinin ermənilərlə döyüşlərdə, Türkiyə prezidentinin isə kürd problemində ABŞ-ın dəstəyini aldıqlarını da qeyd etdi: "Hər iki dövlət başçısı Amerikanın dəstəyini güman edirəm ki, aldılar. Əvvəla, ABŞ çoxdan PKK-nı terror təşkilatı elan edib. Son zamanlarda ABŞ-ın beynəlxalq siyasətində terrorizmə qarşı münasibət başlıca siyasətə çevrilib. Ona görə çətinlik çəkmədən Ərdoğan bu məsələdə Amerikanın dəstəyinə nail ola bildi. Avropada da PKK məsələsi ilə bağlı ciddi dönüş var. Azərbaycan da həmçinin. Əfqanıstan məsələsində ABŞ-la birlikdə etdiyimiz hərəkət bu gün öz müsbət nəticələrini verir. Bu baxımdan Ərdoğan və İlham Əliyevin nüvə sammitində Amerikadan istədikləri dəstəyi aldıqlarını düşünürəm".

musavat.com