Əli Əhmədovdan nazirlərə sərt tənqid - “Qulaqlarına, beyinlərinə girsin”

"Ənənəvi olaraq büdcə təqdim olundu. Bu müzakirələrdə nazirlər niyə iştirak etmirlər? Mən buna çox təəssüflənirəm". AzNews.az-ın məlumatına görə, bunu YAP-ın icra katibi Əli Əhmədov deyib.

YAP rəsmisi qeyd edib ki, nazirlər müzakirələrdə iştirak etməlidirlər ki, deyilənlər onların qulaqlarına, beyinlərinə girsin: "Burada iştirak etməmələri dövlətçiliyə hörmətsizlikdir. Büdcə məsələsinə biganə qalmaq olmaz"

Ə.Əhmədov deyib ki, büdcəni arzularla formalaşdırmaq mümkün deyil: "Tənqidləri nəzərə alaraq bunları deyirəm. Ağıllı insanlar düşdükləri vəziyyətdən çıxış yolu tapırlar. Müdriklər isə çətinliyə düşmürlər. Azərbaycan da müdrik siyasət yürüdərək dünyadakı qlobal iqtisadi böhrana düşmədi. Bundan sonra özəl sektoru daha da inkişaf etdirmək lazımdır. Xırda və orta sahibkarlığa təkan vermək lazımdır".

İlkin Pirəli
AzNews.az