PA rəsmisi: “Azərbaycan 20-30 ildə demokratik prosesi tam başa çatdıracaq” - EKSKLÜZİV

“Demokratiyaya mərhələli şəkildə keçidin tərəfdarıyıq”



"Biz dövlətçiliyi və qanunçuluğu möhkəmləndirdikdən sonra demokratiyaya mərhələli şəkildə keçidin tərəfdarıyıq". Bunu AzNews.az-a eksklüziv açıqlamasında Azərbaycanın Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Qafar Əliyev bildirib.

PA-nin sektor müdiri söyləyib ki, siyasi opponentləri olan Azərbaycan müxalifəti Yeni Azərbaycan Partiyasını demokratik olmamaqda günahlandırır: "Əslində isə biz də demokratiyanın tərəfdarıyıq və demokratlarıq. Lakin biz dövlətçiliyi və qanunçuluğu möhkəmləndirdikdən sonra demokratiyaya mərhələli şəkildə keçidin tərəfdarıyıq.

Yəni, biz dövlətçiliyi və qanunçuluğu möhkəmləndirmədən birdən-birə geniş demokratiyanı ölkədə tətbiq etsək, o zaman bu, Dağlıq Qarabağ kimi münaqişədən əziyyət çəkən bir ölkə üçün həddindən çox problemlər yarada bilər. Bu baxımdan da biz hesab edirik ki, dünyanın ən demokratik dövlətləri də demokratiyaya 1-2 ildə deyil, 200-300 il ərzində apardığı mübarizə nəticəsində nail olublar. Tam əminəm ki, bu qədər nailiyyətlərə imza atan YAP və onun iqtidarı olan Azərbaycan dövləti 20-30 il ərzində demokratik prosesi tam başa çatdıra biləcək".

Q.Əliyev deyib ki, YAP-in əsas prinsipləri ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilib. Onun sözlərinə görə, həmin prinsiplər isə dövlətçilik, qanunçuluq və demokratiyadır: "Dövlətçilik, qanunçuluq, demokratiya, sosial-iqtisadi inkişaf, islahatlar, milli-mənəvi dəyərlərin qorunması, varislik, vətəndaş həmrəyliyi və milli birlik YAP-in əsas prinsipləridir. Hazırda Azərbaycanda 50-dən çox siyasi partiya mövcuddur. YAP-ı bu partiyalardan fərqləndirən əsas cəhət ümumxalq və kütləvi siyasi partiya olmasıdır. Yəni, YAP Azərbaycan xalqının böyük əksəriyyətini, o cümlədən ölkənin siyasi mühitində fəaliyyət göstərən insanların çox hissəsini özündə birləşdirir. Hazırda YAP-ın 600 mindən çox üzvü var. YAP üzvlərinin say çoxluğuna görə təkcə ölkədə deyil, eyni zamanda regionda da liderdir".

Vasif Həsənli
AzNews.az